Dilbazi Mirvarid Paşa qızı (Mirvarid Dilbazi) - şairə, 1934-cü ildən AYİ-nın üzvü, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi (1976), Azərbaycanın xalq şairi (1979) - 1912-ci il avqust ayının 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuşdur. APİ-nin dil və Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil almışdır (1929). İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.
İki dəfə «Şərəf nişanı» ordeni, «Qırmızı Əmək Bayrağı», «İstiqlal» ordeni və medallarla təltif edilmişdir.
«Qadınların hüriyyəti» adlı ilk şeri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən "Zəhra", "Qurtuluş", "Qadın" kimi şerləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. «Məhsəti» (1945), «Əlcəzairli qız» (1961), «Partizan Aliyə» (1972) poemalarının müəllifidir.
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə bir çox mahnı, romans və oratoriyalar bəsləmişlər.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, A.S.Puşkin, T.Q.Şevçenko, N.Tixonov, Samuil Marşak, S.Mixalkov, Jalə və b. şairlərin əsərlərini, Evripidin «İppolit» faciəsini tərcümə etmişdir. Əsərləri bəzi xarici dillərə tərcümə olunmuşdur.
2001-ci il iyulun 13-də vəfat etmişdir.
"XƏSTƏXANADA"
Dörd divar,
Bir tavan,
Bir döşəmə.
Bir də
Ürəyimdə sıxıntı,
Kədər.
Sabahı gözləyən ümidlər...
Sabahım da bu günümə bənzəsə əgər?..
Kitabları
Müharibəyə qədər işıq üzü görən kitabları
* Bizim səsimiz 1934
* İlk bahar 1937
Müharibə mövzusuna həsr olunmuş kitabları
* Döyüş mahnıları 1941
* Kamal 1942
* Ağarzayev 1942
* Neft 1942
* Vətən eşqi 1942
* Qoçaq ataların qoçaq övladlarına 1942
* Xatirələr 1945
Sonrakı dövrlərdə çap olunan kitabları
* Sənətkarın xəyalı 1948
* "Seçilmiş şerlər" 1957
* Məhəbbət bizimlə qoşa doğulur 1959 Bakı, Gənclik; 227 s.
* Şerlər 1962 Bakı, Azərnəşr 22 s.
* Xatirələr olan yerdə 1964
* Həyat lövhələri 1967
* Bənövşələr üşüyəndə 1970
* Ana qanadı (şeirlər, poemalar və hekayələr) 1972 Bakı, Gənclik; 489 s.
* Yasəmən fəsli 1976
* Dağ çiçəyi 1977 Bakı, Gənclik; 320 s.
* «Seçilmiş əsərləri» (üç cilddə) 1981-1983 Bakı, Yazıçı; I cild - 324 s.; II cild - 336 s.; III cild - 218 s.
* Qar çiçəkləri 1984 (Şerlər, poemalar, pyeslər) - Bakı, Gənclik; 280 s.
* Durnalar ötüşəndə 1989 Bakı, Yazıçı; 272 s.
* Çiçəkdən-çiçəyə 1991 Bakı, Gənclik; 287 s.
* "Seçilmiş əsərləri" 2004 Bakı, Lider; 278 s.
Uşaqlar üçün yazdığı kitablar
* Nağıllar 1940
* Şerlər 1951
* Kiçik dostlarıma 1956
* Gülbahar 1957
* Yaz gəlir (Bahar nəğmələri) 1968
* Lalənin ağacları 1970
* Abşeron bağlarında 1984 (Hekayələr, kiçik və orta yaşlı məktəblilər üçün) Bakı, Gənclik; 96 s.
[redaktə / تحریر] Haqqında olan ədəbiyyat
* Ə.Əhmədova. Bu ellərə vurulmuşam 1978 Bakı, Yazıçı; 79 s.
* H.Həmidova. Mirvarid Dilbazi: Biblioqrafik göstəricilər 1990 Bakı, M.F.Axundov kitabxanasının nəşriyyatı; 130 s.
* B.Nəbiyev. Söz ürəkdən gələndə 1984 Bakı, Yazıçı; 282 s.
* H.Əliyev. Xalq şairi Mirvarid Dilbazinin 85 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi//Azərbaycan qəzeti. - 1998. - 25 apr. - s.2-4.
* Son mənzil: (Xalq şairi Mirvarid Dilbazi ilə vida mərasimi)//Azərbaycan qəzeti.-2001.-13 iyul.-s.3.
* Z.Şahsevənli. Gözü yaşlı bənövşə: (Xalq şairi Mirvarid Dilbazi haqqında)//Günay qəzeti.-2005. - 3 sent.- s.10.
[redaktə / تحریر] Rus dilində əsərləri
* Вспоминаю вас: Стихи 1964 Баку, Азернешр; 51 с.
* Яблоневая ветка 1965 Москва, Худ.лит.; 151 с.
120 pillənin sonunda bir göyərçin yuvası
Ölümündən heç vaxt qorxmayan Mirvarid Dilbazi yuvasını tərk edip
Mirvarid Dilbazi də bizi bu dünya ilə baş-başa buraxdı. Bütün dedikləri və demədikləri, itirdikləri və qazandıqları, olanları və olmayanları ilə Mirvarid Dilbazi elə Mirvarid Dilbazi idi. Yaşına, qırışlarına, yığılmış vücuduna nikbinliyi, xoşsifətliyi ilə meydan oxuyan və özü-özünü cırnadan bir xatun. Ruhu qocalmamışdı Mirvarid Dilbazinin. Amma bu qənaətlər sonranın, düz bir əvvəlki görüşdən sonranın qənaətləridir.
Ötən ilin avqustu, ad günü ərəfəsi idi. Heç bir müsaibimi bu hqədər dilə tutmamışdım. Gah deyirdi elə bu axşam bağa gedirəm. Amma səhərisi telefonu yenə də özü götürürdü. Gah da gileylənirdi ki, xəstəyəm. Görünür, axırda səhər-axşam zənglərimdən yoruldu. Növbəti dəfə kəsə "Yaxşı, nömrəni de, mən özüm sənə zəng edərəm" dedi. Tanış və gəlişigözəl bu sözlərin, əslində, birdəfəlik "yox" cavabı olduğunu həmkarlarım çox gözəl bilirlər. Amma bu cavabın bir özəlliyi də var. Bu cavab növbəti zəngə yer qoymur daha. Gözləmədiyim halda iki gündən sonra Mivarid xanım mənə zəng etdi: "Dur gəl". Ünvanı soruşdum. "120 pillənin sonunda bir göyərçin yuvası" dedi. Maraqlı ünvan olmağına maraqlı idi, amma di gəl tap görüm, haranı demək istəyir. Kökdən salmamaq üçün daha heç nə soruşmadım. Tanıyanlar monolit evi nişan verdilər. Yadımdadır, qapısını döyəndə fikirləşdim, birinci soruşacam ki, Mirvarid xanım, biz müxbirləri niyə sevmirsiniz? Soruşmağına soruşdum, amma... danlandıqdan sonra. Gülləri ona uzadanda üzünün ifadəsi dəyişdi. Məni içəri də'vət etmədən qapının ağzındaca danlamağa başladı. "Mən belə şeyi xoşlamıram. Sənə kim dedi mənə gül alasan? O pulu özünçün xərcləyə bilməzdin? Daha keçib, almısan, eybi yox, amma gedəndə özünlə apararsan". İndiki kimi yadımdadır. Özümü icazəsiz iş görən anda nənəsinin qəfildən gəlib üstünə çıxdığı nəvənin yerində hiss etdim. Ərklə dediyi sözlərdən qətiyyən incimədim. Hər kəlməsində, hər hərəkətində yalnız öüzünü ifadə edən Mirvarid Dilbazidən incimək olardı?
Soruşdum.
- Mirvarid xanım, mətbuata niyə "boykot" e'lan etmisiniz?
- Çünki qəzetlərdə çıxış etməyi, adımın çox çəkilməyini sevmirəm.
- Ünsiyyətə ehtiyac duymursunuz?
- Niyə ki! Təkrarlanmaq istəmirəm.
- Onsuz da son dövrlərdə çap olunmaq imkanı məhduddur. Oxucu ilə görüşmək az-çox yenə qəzetlər vasitəsilə olur. Bundan niyə imtina edirsiniz?
- Mirvarid xanım milləti ilə görüşəndə həmişə özünü bəxtiyar hesab edir. Amma Mirvarid xanım şöhrətlənməyi sevmir. Yaşı o həddə gəlib çıxıb ki, cəbhələrə gedə bilmirəm, əsgərlərimizlə görüşə bilmirəm. Pirşağıda bağda idim. Bir də gördüm qapımda bir maşın dayandı. Maşından iki hərbi geyimli adam düşdü. Soruşdum ki, kimsiz, nəyə gəlmisiz? Dedilər ki, biz "N" hərbi hissəsinin zabitləriyik, sizinlə görüşməyə, sizi hərbi hissəyə aparmağa gəlmişik. Əsgərlər də sizi görmək istəyir. Yayın ən qızmar vaxtıydı, mənim də halım yox idi. Bir yandan ürək döyüntüm, bir yandan da qan təzyiqim. Dedim ki, bu saat gedə bilmərəm. Bir xeyli oturdular, söhbət elədik. Çox şad oldum. Fikirləşdim ki, onların arasında olmalıyam. Axı mən anayam, şairəm. Gör neçə vəzifə daşıyıram.
- Onların arasında ola bilməyinizə nə mane olur?
- Yeganə səbəb yaşım və səh'ətimdir. İstək də var, arzu da var. Amma mənim istəklərimin yolu kəsilibdi. Yaşım arzularıma imkan vermir. Ona görə də bir az bədbinləşmişəm. Təəssüf ki, həmişə cavanlıq mümkün deyil. Bu, hamının keçəcəyi yoldur.
- Qocalığa belə asan boyun əyəcəyinizi zənn etməzdim.
- 88 yaşım var. Bu dünyada hərə bir şeylə xoşbəxt olur. Biri ev tikir, bununla xoşbəxt olur, biri evinin əşyalarını dəyişir, bununla fərəhlənir. Mənimsə ən böyük sevincim, fərəhim xalqımla görüşümdür. Qorxum nə yoxsulluqdandır, nə kasıbçılıqdan, nə də ölümdən. Ən çox qorxduğum şey xalqın ehtiramını itirməkdir. Kədərim isə ona görədir ki, mən oğullarımızla görüşə bilmirəm. Yollarım bağlıdır, yə`ni özüm hakim, özüm məhbusam. Amma qocalığa boyun əymək də istəmirəm. Təəssüf, bu, qaçılmazdır. Yə`ni mən əsgərlərin arasından gəlmiş olsaydım, qəzetlərə də böyük həvəslə müsahibə verərdim. Uşaqlıqdan nikbinəm, baxmayaraq ki, həyatım iztirablı olub. Heç vaxt qələmlə dostluğumu pozmamışam. Qələm məni xalqa bağlayıb.
- Məhz elə buna görə də, Mirvarid xanım, sizin bədbinləşməyə ixtiyarınız yoxdur.
- Özüm də bu fikirdəyəm. Əgər bu yaşıma qədər xatirələrdə qalacaq bir iş görmüşəmsə, deməli, mən yaşamışam. Amma nə edim, özümdən asılı deyil. Məni Mirvarid xanımın qapısına aparan, o vaxt gizli saxladığım bir niyyətimi indi deyə bilərəm. Ad günü, maraqlı söbət, şhairə ilə görüş öz yerində. Həm də fikirləşirdim ki, özü demiş, dünya vəfasızdır. Bu gündən sabaa e'thibar yox. İmkan varkən onu çox dinləmək, sözlərini eşitmək, danışdırmaq, xatirələrini oyatmaq, mümkün olduğu qədər ürəyindəkiləri çözmək lazımdır.
- Əsrdən 12 yaş kiçiksiniz. Sizin nəzərinizdə əsrin əvvəli ilə sonu bir-birindən çoxmu fərqlənir?
- Tamam başqa bir dünyadır. Əsrin əvvəli də, sonu da kədərlə doludur. Sovet dövründə dindən, imandan uzaq yaşadıq. İnsan gərək bir şeyə inansın. Heç bir şeyə inamı olmayan insan mə'nəviyyatını itirmiş olur. Kəndimizdə bir məscid var idi. Kəndin kişiləri həmin məscidin yanına yığışardılar. Kimsə xəta iş görəndə onu müzakirə edərdilər. O adamdan üç dəfə soruşardılar ki, sən bu işi görmüsən, ya görməmisən. Qur`anı gətirib həmin adamın qabağına qoyardılar. Əgər o adam yalan deyirdisə, Qur`anı görəndə ağzı əyilər, sifəti dəyişərdi. O vaxt danışırdılar ki, bir kişi oğurluqla məşğul imiş. Camaatın inəklərini, qoyunlarını apararmış. Səsləri çıxmasın deyə, bu zaman onların dilini kəsərmiş. And içirlər ki, onun bütün uşaqları lal doğuldu. Bu da görk idi. İnsanlarda belə şeylərə inam vardı. İndisə...
Şahidi olduğu illərlə, adamlarla, ölümü - itimi müəmma dolu şəxsiyyətlərimizlə, ağ bildiyimiz qara qəlbli yazarlarımızla bağlı xatirələrini soruşdum. Cavabı yığcam oldu.
- O vaxt çəkişmələr başqa məsələlər üzərində idi. Özü də otaqda vuruşurdular, çıxandan sonra qucaqlaşırdılar. Onlar son dərəcə mədəni insanlar idi. Repressiya illərində də eləcə. Mən şairin şairə xəyanət etməsi barədə heç nə eşitməmişəm. Bağırovun məhkəməsində mən də iştirak etmişəm. Allaha şükür ki, Cabbarlı öz əcəlilə öldü. Yoxsa onu tikə-tikə doğrayacaqdılar. Çünki həddən artıq millətçi idi. Allahın ona yazığı gəldi. Ona görə də Cabbarlının ölümünə həm kədərləndik, həm də sevindik. Hamı səksəkə içində yaşayırdı. Gözləyirdilər ki, görən, bu axşam kimin qapısı döyüləcək. Çox çətin illər idi. Odur ki, mən yazarların bir-birinə xəyanət etmələri haqda gedən söhbətlərin əleyhinəyəm.
Bu yerdə verdiyim sualım mənə qapının ağzını xatırlatdı. Sifətinin ifadəsi bir anın içində dəyişdi. Yenə də nənə-nəvə səhnəsi yadıma düşdü. Bu dəfə danlamadı. Xəbərdarlıq elədi: "Belə suallar verəcəksənsə, nə öz vaxtını itir, nə də mənim vaxtımı al. Söhbət xoş deyilsə, danışmayaq."
Necə danışmayaq? Güclə razı salmışdım.
Mövzunu dəyişib durumunu xəbər aldım.
Allaha şükür, qarşımdakı yenə həmin mehriban Mirvarid Dilbazidir.
- Süfrəmi sadə görsən,
Utanma ne'mətlərin
azlığı-çoxluğundan.
Sənin nə xəbərin var,
Qələm sahiblərinin
mə'nəvi toxluğundan.
Millətini sevən adam qarnını sevməz heç vaxt. Şair başqa şeyin acı olmalıdır. Onu bir məsələ düşündürməlidir - millət bu faciədən necə qurtara bilər? Aclıq, bax, budur. Bizim millət hələ çox şeyi dərk etmir. Mən milyonçu olsaydım, pulumun yarısını orduya verərdim, yarısına da tələbə hazırlayardım. Müharibə dövründə də Azərbaycanda aclıq olub. Amma onda bir nəfərin ixtiyarı yox idi səsini çıxarmağa. Heç vaxt yadımdan çıxmaz, Azərnəşrin qarşısında un kisələri ilə dolu bir yük maşını dayanmışdı. Kisələrin məsamələrindən torpağa azca un tökülmüşdü. Unlu torpağı cibinə dolduran kim, dəsmalına tökən, ətəyinə yığan kim. O vaxt camaata 400 qram çörək verirdilər. Müəlliməmiz bir dəfə bizə dedi ki, bazardan kartof aldım, onun da hamısı xarab çıxdı. Onu "sən sovet ticarətinə xəyanət elədin" adı ilə məktəbdən qovdular. O vaxt küçələr "Biz qalib gələcəyik" şüarları ilə dolu idi. Amma indi şəhərə çıxanda əsəbləşirəm. Gəncliyə məsləhət verən bir dənə də şüarlara rast gəlmirəm.
Mirvarid xanım Azərbaycanı çox sevdiyindən danışdı. Sözünün əvvəli də, axırı da ölkəm, vətənim oldu. Çox sevdiyi vətənin gələcəyindən də söz açdı:
- Mən öz şairliyimə də laqeyidəm bu saat. Azərbaycan bir dəryanın ortasında qalmış tənha gəmiyə bənzəyir. Bu gəmini ətrafındakı tufanlardan xilas etmək mümkün olsa, gələcəyi çox gözəl olacaq. Xalqımız birləşə bilsə, hər şey öz yerini alacaq. Vay o gündən ki, hərə bir tərəfə çəkə. Onda heç nə. Mən başa düşə bilmirəm insanlar niyə prezident olmağa can atırlar? Məncə, ən böyük bədbəxtlik prezident olmaqdır. Bir ailənin qayğısını çəkmək asan deyil, o ki qala bir ölkənin. Mənim oğlum olsaydı, qoymazdım prezident ola. Prezident çörəyi qədər çətin çörək yoxdur. Millətə böyüklük etmək çox çətindir.
Müsahibə çap edilən günün səhərisi özü zəng elədi. "Sağ ol"unu deyəndən sonra yadıma saldı: "Axşam şəkillərimi gətirirsən. Amma bu dəfə gül almayasan ha".
İşdən sonra 120 pillənin sonundakı göyərçin yuvasına yollandım. Bu dəfə o məni söhbətə tutdu. Sözlərinə görə ondan inciyib-incimədiyimi soruşdu. "Məndən küsmə, cavansan, çox şeyi hələ bilmirsən." Məsləhətlər, tövsiyələr verdi. Durmaq istəyəndə yenə qoymadı. "Hara gedirsən, sənə mürəbbəli çay verəcəm. Özüm verəcəm."
Sağollaşıb çıxanda qapının ağzında məni yenə saxladı: "Burdan keçəndə hərdən dön bizə."
... Dönmüşdüm Şəhriyar adına mədəniyyət sarayına. Tək mən yox, ötən gün hamı - həmkarlarınız da, tələbələriniz də, bütün qohumlarınız, dostlarınız, oxucularınız, sevənləriniz gəlmişdilər. Sizlə vidalaşmağa gəlmişdilər. Ayrılıq həmişəlik idi. Ona görə hamı bir nəfər kimi gəlmişdi.