Eurovision Derdi

Son güncelleme:
  • noimage

    Hörmətli oxucu! Buna "Gəncliyin səsi" də deyə bilərsən. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin nəzdində tələbələrin öz təşəbbüsü ilə yaradılmış "Gənc reportyorlar klubu"nun üzvlərindən olan Hacıbəy Heydərlinin yazısıdı. Gəncliyin gənclik barədə düşüncəsidi. Maraqlıdı, cəsarətlidi, səlisdi. Oxumağa dəyər

    lent.az



    Avropanın ən nüfuzlu musiqi yarışması "Eurovision"dur. 2008-ci ildən etibarən ölkəmiz də bu müsabiqədə iştirak etmək hüququ qazandı. 1956-ci ildən təşkil olunan "Eurovision"da iştirakı ölkəmizin mədəniyyət olaraq tanınması, populyarlaşması üçün çox gözəl fürsət də adlandırmaq olar. Ilk dəfə ölkəmizi bu müsabiqədə Elnur Hüseynov ve Samir Cavadzadə dueti təmsil etdi. Kifayət qədər uğurlu performans sərgiləyən cütlük müsabiqədə yeddinci yeri tutdu. Birinci dəfə çıxış etdiyimiz yarışda yeddinci yer çox uğurlu nailiyyət idi.

    Yola saldığımız ildə də Araş və Aysel Teymurzadənin "Always" performansı ilə uğura imza atdıq. Bu müsabiqədə cəmi ikinci il iştirak edən bir ölkənin dünya miqyaslı, çoxlu uğuru olan dövlətlər içində üçüncü yer qazanması doğrudan tarix yazmaq idi.

    Möhtəşəm qələbə idi. Hələ də eyforiyasında yaşayırıq. Amma və lakin...

    Bizim ilk "Eurovision" iştirakçılarımız olan Elnur və Samirin səsi çox tez unuduldu. Daha doğrusu, biz o səsi böyük səhnələrdən eşidə bilmədik.
    "Eurovision"dan keçən iki il ərzində heç nəylə yadda qalmadılar. Deyəsən, artıq onlardan biri uğur dalınca Ukraynaya da gedib...

    2009-un favoritləri olan Araş və Ayseldən də səs-səda yoxdur. Araşın adını xaricdəki toylardan eşidirik. Aysel isə bəzi dövlət tədbirlərində təmsil olunur. Amma yalnız "Always", uzağı isə müsabiqə zamanı yazılan "Say maybe" mahnıları ilə. Eyni səhnə geyimi, həmin "Eurovision" rəqsi.

    Amma biz başqa uğurlar, yeni zəlzələlər gözləyirik. Potensial var, səhnə görünüşü, xarici dil qabiliyyəti, mahnı oxumaq bacarığı da öz yerində... Bircə mahnılar yoxdu!

    Qonşu Türkiyənin son "Eurovision"çuları isə heç olmasa müsabiqə vaxtı olduqlarının yarısı qədər gündəmdə qalmaq şanslarını qoruyub saxlaya biliblər. 2008-ci ildə Türkiyəni müsabiqədə təmsil edən Kənan Doğulu türk pop-musiqisinin öndə gedən simalarından biri olaraq yoluna davam edir.

    Ötən ilin "Eurovision" təmsilçisi Hadisə də yeni mahnıları ilə gündəmdədir, reytinqlərdə müzakirə mövzusu ola bilir.

    ... Biz isə 2010-cu ilin "Eurovision" seçimləri ərəfəsindəyik! Yeni "Eurovision" təmsilçimizi tanımağa hazırlaşırıq.

    Qaynaq:LENT.AZ
0 0 0