Türk sözündən qorxan gəda-Xəlil Rza Ulu Türk

Son güncelleme:
  • "TÜRK sözündən qorxan gəda"-Xəlil Rza Ulu Türk
    birlik May 31, 2009 22:03
    Qəribədir şakərin:

    Türk sözünü eşitcək dərhal omba durursan.

    Bacarsan, həmin sözün düz gözündən vurursan.

    Qardaşım oğlu -Türkel,

    Doğma kəndim də -Türkan.

    Şeirimdə görsən, dərhal pozub qaralayırsan.

    Ya Mərdəkan yazırsan,

    Ya Şüvəlan yazırsan, təki Türkan olmasın.

    Dodaqaltı mirtdanıb, söylənib xısın-xısın

    Bəzən aşkar deyirsən:

    -Qardaş, "Türkan" olmasın.

    Yox, "qardaş"sözünü sən götür geri, ey gəda!

    Sözdən qorxan hərifdən qardaş olmaz dünyada

    nə yaxına, nə yada.

    Bu dünyada növbənöv qorxaqlar görmüşəm mən:

    Oddan, sudan, dənizdən, ilandan qorxan da var.

    Ancaq sözdən qorxanı dünyada görən hanı?

    -Yox, bu adi söz deyil. Türk sözüdür, ay canım!

    Sus, tanıdım mən səni, vicdanı çoxdan susan!

    Otuz yeddinci ilin lap dibinin xıltısan.

    Sən neçənci ildənsən?

    Qırxıncıdan? Nə fərqi?

    Hələ heç doğulmamış qorxuludur qorxaqlar.

    Bütün cinayətlərdə qorxağın barmağı var.

    Sənin kimilərini süpürməsək cahandan,

    İnan, bir də qayıdar bəlkə o qırğın, o qan.

    Sənə xitab etməyi ar bilsəm də özümə,

    Gərək davam eləyim başladığım sözümə.

    Dinlə: hər halda səndən beş-altı yaş böyüyəm.

    Ərzin ən böyük çayı Nilə bənzəyən Türkəm.

    Azərbaycan Türküyəm, bu soyun şah budağı,

    Neçə-neçə eranın köksümdədir qaynağı.

    Ərzin buz laylarını əridən qüdrət mənəm.

    Daş dövrünü yaşayan tunc... ... ... . . ,

    Dəmir dövründə polad əridən hikmət mənəm.

    Avropanı oyatdı Attilanın qılıncı

    O qılıncı Füzuli qələminə çevirən

    Cürət, ləyaqət mənəm.

    Raketlərin anası arabanı kəşf edən,

    Nə qədər uluslara: yunanlara, ruslara,

    Tunquslara, lehlərə, almanlara, çexlərə

    Min-min sözü bəxş edən bəşər atası Türkəm!

    Qulaq as, ey əqli kəm:

    Məndən başlanır tarix.

    Tarix qədər qocaman, tarix qədər müdrikəm.

    Türkəm, neçə millətə öz qanımı vermişəm.

    Dənizlər bətnimdədir, ümmanımı vermişəm.

    Get dolan Kamçatkanı, Alyaskaya gedib çat.

    Amerikaya kəmənd at, orda rişəm var mənim.

    Dillərini araşdır,

    Öz doğmaca balamdır qədim hindular mənim.

    Mən cığır yox, tarixin kəhkəşan tək yoluyam.

    Dədə Qorqud, Alpamış, Manasam, Koroğluyam.

    Şeirin, elmin, rübabın ilk bahar nəsimiyəm.

    Türküstanda Fəraqi, İraqda Nəsimiyəm.

    Bir qanadın Nəvai, o biri Yunus Əmrə.

    Öyrən, hansı məqamda endim səmadan yerə.

    Neçə millərin saçı əllərimdə darandı.

    Iohan, İvan sözləri

    Bizim "Xan"dan yarandı.

    Uluq-Oleq qardaşdır, bəs Uğur-İqor necə?

    Bunlar nə tapmacadır, nə ovsun, nə bilməcə.

    Volqa-İrtış, Yenisey, Qızılirmaq- qollarım.

    Ərzin şah damarıdır mənim döyüş yollarım.

    Yox, biganə qalmadım nə xeyrə, nə şərə.

    Mən "Çelovek" sözünü bəxş elədim bəşərə.

    Sinirlənmə boş yerə,

    Türkə qarşı tuşlanmış casuslar görmüşəm mən.

    Bulanlıqkən durulmuş.

    Öyrənərkən ayılıb özü Türkə vurulmuş.

    Türkəm.

    Bircə həyatım yetmiş dəniz yelkənim.

    Sən get anandan öyrən kimdən qazanmış səni.



    Xəlil Rza ULUTÜRK
0 0 0