Folklor xalqın hafizələrdə, yaddaşlarda yaşayan mənəvi sərvəti, əvəzsiz hikmət mənbəyidir. Dünyada hər şey köhnəlir, qocalır, məhv olur, amma folklor dünyanın zülmət gecələrində də qaranlıqlaşmır, o, həmişə nurludur,işıqlıdır, çünki o, bur təfəkkürün məhsulu deyil, bütöv bir xalqın yaradıcılığıdır.
Bu mövzumda Azərbaycan folklorunun ən maraqlı bir növü olan söyləmələrdən danışacağam. Bu janrdan bəhs etməyimin ən başlıca səbəblərindən biri də odur ki, bu növ folklor nümunələrini çox sevirəm, çünki bu növdə hikmət də var, yumor da. Təəssüflə qeyd edim ki, folklorumuzun bu nümunələrinin toplanmasına, nəşrinə və öyrənilməsinə diqqət olduqca azdır. Ona görə də qısaca da olsa, folklorumuzun bu növü haqqında kiçik məlumat vermək istəyirəm.
Azərbaycan xalq söyləmələri mövzuca müxtəlif və rəngarəngdir: Hikmətamiz söyləmələr, lətifəsayağı söyləmələr, nağılvari söyləmələr, hekayətvari söyləmələr, ovçu söyləmələri və s.
Söyləmələr də lətifələrimiz, rəvayətlərimiz kimi müəyyən süjetə malikdir, yığcam əhvalat və mətləb ətrafında birləşir, bir sözlə, oxucunu və dinləyicini yormur. Ən başlıcası, bu janrdakı əhvalatdan doğan məntiqi nəticənin gücü ondadır ki, insanı uzun müddət təsirsiz buraxmır. Xalq söyləmələrində təkcə tariximiz, məişətimiz, adət-ənənələrimiz yaşamır, onda başlıcası həyat həqiqətləri yaşayır. İnsanların daxili aləmini, fikir və düşüncələrini, fəlsəfi dünyagörüşünü, milli xüsusiyyətlərini açmaqda və öyrənməkdə xalq söyləmələri xüsusi əhəmiyyətə malikdir.
İndi isə sizə folklorumuzun bu növünə aid maraqlı bir nümunə söyləyəcəyəm. Lətifəvari xalq söyləməsi...
Dilimi şirin öyrədirəm...
Şah öz vəziri ilə bir kəndin yanından keçəndə gördü ki, bir uşaq bir buzovun boynunu qucaqlayıb üz-gözündən öpə-öpə "can-can" deyir. Şaha elə gəldi ki, ya buzovun anası ölüb, uşağı da ozana döndərən onun yetimliyidir, ya da uşaq analıq əlinə baxır, analığı ona buzovu otarmağı tapşırıb, buzov qapıya tox dönməsə analıq da onu ac qoyacaqdır.
Şah özünü bu şəkklərdən çıxarmaq üçün atının başını çəkib saxladı və uşaqdan soruşdu:
- Bala, nə üçün Allahın heyvanına "can-can" deyirsən?
Uşaq da onun gözləmədiyi cavabı verdi:
- Əmican, dilimi şirin öyrədirəm.
Uşağın sözü şaha xoş gəldi və ona bir kisə qızıl verdi.
Bunu xeyli aralıdan görən qoca kankan öz yedəklədiyi eşşəyini çəkə-çəkə uşağa yaxınlaşdı, ondan soruşdu:
- Sən nə dedin ki, onlar sənə bir kisə qızıl verdilər?
Uşaq əhvalatı olduğu kimi qocaya danışdı.
Kankan fikirləşdi ki, əlli ildir ki, yerin altında külüng çalıram, cəmi qazancım bu uşağın bir quruca sözə görə aldığı bir kisə qızılın dəyəri olmayıb. Gözlərəm onları, hara getsələr burdan qayıdacaqlar, Allahın heyvanına mən ondan yaxşı sarmaşaram, mən ondan da çox yalvararam.
Qoca uşağa dedi:
- Bala, dananı apar o yanda otar, qayıdanda səni burda görsələr, elə bilərlər onlardan yenə bir şey umursan, aciqları tutar, verdiklərini də əlindən alarlar.
Qocanın sözləri uşağın ağlına batdı, danasını yolun qırağındakı dərəyə endirdi. Qoca uşağı qorexudub qaçırtdı ki, atlılar onun da şirnikib uşaq yerişi yeridiyini bilməsinlər.
Qoca atlıların gəldiklərini görüncə eşşəyinin boynunu qucaqladı, onu duz kimi yalamağa, yalvarmağa başladı:
- Can, can... Başına dönüm sənin... Sənə bax bu canım qurban...
Dəvəni xəlbirlə sulamaq olar? Şah o saat başa düşdü ki, qoca bayaqkı əhvalatı eşidib, elə bilir hər yelin əsməyi qoz tökəcək.
Şah ondan soruşdu:
- Qoca, eşşəyə niyə yalvarırsan?
Qoca dedi:
- Oğul, dilimi şirin öyrədirəm.
Şah qəzəbləndiyini bildirməyib dedi:
- Qoca, götürdüklərimi paylaya-paylaya gedib gəlmişəm, üstümdə bircə quruşluq da qalmayıb. Saraya gəl, nə qədər istəyirsən apar.
Qoca sevindi ki, şah öz sərvətini şülən eyləyən gündür, qızılla-pulla qoyun-qoltuğunu doldurmaq nədir, lap eşşəyini də yükləyəcək.
Qoca saray həyətinə girəndə gördü ki, şah qırmızı geyinib taxta çıxıb, əli baltalı-zopalı fərraşlar da hazır dayanıblar, onun əmrinə müntəzirdirlər, şah hökm edən kimi qəbzələrindən qan damacaqdır.
Qoca duruxdu, qorxub gerilədi. Şah onu irəli çağırdı, fərraşlara dedi:
- Bu qocanın dili həmişə acı olub. Buna yüz zopa vurun. Qoy yadında saxlasın ki, hər şey öz vaxtında qiymətlidir.