Bu gün Azərbaycan Nazirlər Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Prezident iclası açaraq bildirib ki, 2009-cu il dünya tarixində maliyyə böhranı ili kimi qalacaq: "Bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkibləBaxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiy r. a edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər, amma biz dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bildik".
Prezident deyib ki, Azərbaycan dünyadakı iqtisadi proseslərə getdikcə daha da sürətlə qoşulur: " Azərbaycanda aparılan ciddi sosial-iqtisadi islahatlar ölkəmizi hərtərəfli inkişaf etdirməyə imkan yaradır. Dünya iqtisadiyyatının tərkib hissəsi olan ölkəmizdə 2009-cu ildə çox düzgün və vaxtında atılmış addımlarla iqtisadi maraqlarımızı qoruya bildik, insanların rifah halının pisləşməsinə yol vermədik. Əksinə, 2009-cu ildə Azərbaycan əhalisinin sosial vəziyyəti daha da yaxşılaşdı. Qarşıda duran bütün infrastruktur layihələri, sosial proqramlar icra edildi. Ölkəmiz 2009-cu ildə də sürətlə inkişaf etməyə davam etdi, bu dinamika saxlanıldı".
Ölkə başçısı deyib ki, 2009-cu ilin yekunlarına görə, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasındadır: "2009-cu ildə Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz artıb. Hesab edirəm ki, bu tarixi nailiyyətdir. Bu, bir daha onu göstərir ki, bütün uğurlarımızın təməlində düşünülmüş siyasət və düzgün atılmış addımlar dayanır".
Dövlət başçısı bildirib ki, bölgədə və postsovet məkanında, geniş mənada qitədə ölkələrin tam əksəriyyəti böyük çətinliklərlə üzləşiblər, iqtisadi inkişaf böyük dərəcədə aşağı düşüb: " Bəzi ölkələr demək olar ki, faciə astanasındadırlar. Ancaq bizdə vəziyyət tam başqadır və 9,3 faiz artan iqtisadiyyatımız, bir daha demək istəyirəm ki, 2009-cu ildə və ondan əvvəlki illərdə görülən işlərin nəticəsidir.
Sənaye istehsalı 2009-cu ildə 8,6 faiz artıb. Bu onu göstərir ki, sənayemiz də artıb. Azərbaycanda son illər ərzində sürətlə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı 3,5 faiz artıb. Bu da çox önəmli göstəricidir. Çünki əgər sənayenin inkişafında, artırılmasında müəyyən dərəcədə neft amili də vardır. Kənd təsərrüfatının inkişafı sırf onu göstərir ki, Azərbaycanın qeyri-neft sektoru, o cümlədən ölkəmizdə həm iqtisadi və eyni zamanda, sosial məsələlərin həlli üçün vacib olan aqrar sahə sürətlə inkişaf edir".
Prezident deyib ki, 2008-ci il də Azərbaycan üçün çox uğurlu olub, lakin 2008-ci ildə ölkəni narahat edən əsas məsələ inflyasiyanın yüksək həddə çatması olub: "Yaxşı xatırlayırıq ki, 2008-ci ildə inflyasiya təxminən 21 faiz təşkil etmişdi. Onun da əlbəttə ki, obyektiv səbəbləri var idi. Çünki beş il ərzində sürətli artım istər-istəməz istehlak qiymətlərinin artmasına təsir göstərmişdi. Eyni zamanda, dünyada neftin qiyməti kəskin şəkildə artmışdı. Bu da birbaşa inflyasiyanın artımına xidmət göstərirdi.
Bu il isə inflyasiyanın səviyyəsi 1,5 faizdir. Bu onu göstərir ki, 2009-cu ildə biz makroiqtisadi sabitliyi saxlaya bildik. İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atdıq. İstehlak qiymətlərinə nəzarət böyük dərəcədə gücləndirilib. Bütün bu amillər bugünkü vəziyyəti şərtləndirir. Beləliklə, hər bir ölkənin iqtisadi və sosial inkişafını müəyyən edən göstəricilər bu gün Azərbaycanda çox gözəldir, ürəkaçandır".
Prezident 2009-cu ildə Azərbaycana investisiya qoyuluşunun davam etdiyini də vurğulayıb: "İl ərzində 9,2 milyard dollar investisiya qoyulub ki, bunların da 7,3 milyardı daxili sərmayələrdir. Bu da çox gözəl göstəricidir. Çünki bilirik ki, dünyada həm banklarda yaranmış ciddi vəziyyət, eyni zamanda, maliyyə resurslarının azaldılması istər-istəməz investisiya qoyuluşunun davamına müsbət təsir göstərə bilməzdi. Ancaq biz bütün imkanları səfərbər edib, həm dövlət, həm yerli şirkətlər, özəl sektorun xətti ilə, eyni zamanda, xarici şirkətlərin Azərbaycana marağını nəzərə alaraq, ölkəyə böyük həcmdə investisiya qoyuluşunu təşkil edə bildik. Burada da ölkəmizdə aparılan ümumi siyasət öz xüsusiyyətlərini göstərir.
Həm dövlət tərəfindən qoyulan əsaslı investisiyalar, eyni zamanda, yerli şirkətlərin böyüməsi və onların imkanlarının artırılması, onlar üçün gözəl şəraitin yaradılması, dövlət tərəfindən sahibkarlığın inkişafına ayrılan vəsait, kreditlər, subsidiyalar, başqa güzəştlər, ölkəmizdə güclü infrastruktur layihələrinin icrası, hər yerdə yollar, elektrik stansiyaları, sosial obyektlərin yaradılması, digər tərəfdən xarici investorlar üçün də yaxşı şəraitin yaradılması amilləri bu vəziyyətə gətirib çıxarıb. Mən əminəm ki, Azərbaycan gələcək illərdə də həm daxili, həm xarici investorlar üçün cəlbedici ölkə kimi öz marağını saxlayacaq və biz növbəti illərdə, keçən il - 2009-cu ildə başlanmış layihələrin və yeni layihələrin icrası nəticəsində daha da böyük dərəcədə investisiya qoyuluşunu görəcəyik".
2009-cu ildə Azərbaycanda bir neçə nəhəng layihənin təməlinin qoyulduğunu, və ya o layihələrin müəyyən hissəsinin icra edildiyini bildirən prezident xarici investorlar tərəfindən maliyyələşdirilən yeni böyük sement zavodunun təməlinin qoyuluğunu xatırladıb.
Dövlət başçısı məişət tullantıları emalı zavodunun təməlinin qoyulduğunu, "Sumqayıt texnopark"ın müəyyən hissəsinin artıq istifadəyə verildiyini də deyib: "Həm dövlət, həm xarici, həm yerli sahibkarların xətti ilə Azərbaycana qoyulan sərmayələrin həcmi artır. Biz gələcəkdə də bu siyasəti davam etdirəcəyik. Əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün bunun çox böyük və əhəmiyyətli nəticələri olacaq".
"2009-cu ildə valyuta ehtiyatlarımız artdı. Deyə bilərəm ki, bu da çox gözəl göstəricidir. Çünki ağır maliyyə böhranı ilində valyuta ehtiyatlarının artırılması hər bir yerdə müşahidə olunmur. Bizim indi valyuta ehtiyatlarımız 20,4 milyard dollar təşkil edir. Bu, böyük məbləğdir. Bu bizə imkan verir ki, gələcəkdə də özümüzü çox rahat hiss edək. Bizim heç kimin yardımına ehtiyacımız yoxdur, öz hesabımıza yaşayırıq. Nəzərə alsaq ki, görülən tədbirlər nəticəsində 2010-cu ildə daha da böyük işlər aparılacaq, əminəm, 2010-cu ilin yekunlarına görə valyuta ehtiyatlarımız daha da artacaq"-deyə, ölkə başçısı bildirib.
Prezident deyib ki, 2010-cu ildə həyata keçiriləcək investisiya layihələri ölkənin hərtərəfli inkişafına xidmət göstərməlidir: Biz tezliklə investisiya proqramını təsdiq etməliyik. Vaxt itirmədən maliyyə vəsaiti ayrılmalıdır ki, 2010-cu ildə də sürətli inkişafımızı davam etdirək".
Ötən il regionların sosial-iqtisadi inkişafı prosesinin uğurla davam etdirildiyini deyən prezident 74 min yeni iş yeri açıldığını vurğulayıb.
"Biz işsizliklə bağlı əsas məsələləri demək olar həll etmişik. Bu gün xarici vətəndaşlar var ki, Azərbaycana işləməyə gəlmək üçün müraciət edirlər. Azərbaycana xaricdən gələn miqrantların sayı artır və bu məsələyə də biz ciddi nəzarət etməliyik. Elə etməliyik ki, xaricdən Azərbaycana işləməyə gələn vətəndaşlar qanunlarımıza hörmətlə yanaşsınlar. Əminəm ki, Azərbaycana xoş niyyətlə gələn insanların, turistlərin yəqin ki, işçi qüvvəsinin sayı artacaq. Çünki Azərbaycanda indi böyük tikinti-quraşdırma işləri nəzərdə tutulur. Ancaq bütün bu işlər, yenə deyirəm ki, Azərbaycan qanunlarına hörmət əsasında görülməlidir" deyə, ölkə başçısı vurğulayıb.
"Altı il bundan əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdı, bu gün bu göstərici 11 faizdir. Əgər 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşüb" deyən ölkə baçısı "bu onu göstərir ki, hətta böhranlı ildə Azərbaycanda yoxsulluğa qarşı çox ciddi mübarizə aparılıb" deyə, vurğulayıb.
Prezident bildirib ki, ötən il Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi, 5 olimpiya kompleksi istifadəyə verilib. Böyük infrastruktur layihələrinin icrası davam edir, bütün istiqamətlərdə həm magistral, həm də şəhərlərarası yollar çəkilir.
2009-cu ildə Azərbaycanda 840 meqavatlıq yeni enerji gücləri yaradıldığını söyləyən ölkə başçısı "Sumqayıt", "Şahdağ" kimi böyük elektrik stansiyalarının tikildiyini xatırladıb: "Biz özümüzün enerji tələbatını tam şəkildə təmin edirik. Bu, artıq uzun müddətdir ki, belədir və ixrac üçün də gözəl imkanlar var.
Xarici ölkələrə Azərbaycanın elektrik enerjisinin ixracı artır. 2010-cu ildə isə görülən işlər nəticəsində ən azı 400 meqavat elektrik enerjisinin istifadəyə verilməsini gözləyirik. Beləliklə, Azərbaycan nəinki neft-qaz ixracı ilə öz imkanlarını genişləndirəcək, eyni zamanda, elektrik enerjisini xaricə böyük həcmdə satmaqla məşğul olacaq".
Qazlaşdırma prosesinin davam etdiyini deyən ölkə başçısı əhalinin qazdan istifadəyə görə yaranan bütün borclarının silindiyini də xatırladıb.
Prezident bildirib ki, sosial məsələlər həmişə prioritet olaraq qalır və qalacaq.
2009-cu ildə xarici siyasət sahəsində çox vacib addımlar atıldığını bildirən dövlət başçısı Azərbaycanın xarici əlaqələrinin daha da gücləndirildiyini vurğulayıb: " Mənim çoxsaylı xarici səfərlərim, xarici dövlət və hökumət başçılarının Azərbaycana səfərləri ölkənin dünya miqyasında tanınmasında və mövqeyimizin güclənməsində böyük rol oynayıb. Dostlarımızın, strateji tərəfdaşlarımızın, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Biz də bundan çox razıyıq və həmişə olduğu kimi, bütün ölkələrlə əlaqələrimizi qarşılıqlı hörmət, bir-birimizin işlərinə qarışmamaq, qarşılıqlı etimad və qarşılıqlı maraqlar əsasında qururuq. Əminəm ki, gələcəkdə bu meyillər daha da gücləndiriləcək, xarici əlaqələrimiz daha da çoxşaxəli və möhkəm olacaq".
Prezident deyib ki, 2009-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində praktiki nəticələr əldə edilməsə də, müəyyən irəliləyiş olub: "Artıq məsələnin hansı yolla həll olunması daha da dəqiqləşdi. Keçən ilin sonunda Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən iclasda məsələ ilə bağlı qəbul edilmiş sənəd münaqişənin hansı yollarla həll olunmasını açıq-aydın göstərir. Orada göstərilir ki, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, önəmli məqam ondan ibarətdir ki, ilk dəfə olaraq Ermənistan bu sənədə qoşuldu, buna qol çəkdi və beləliklə, məsələnin ərazi bütövlüyü çərçivəsində həll olunmasını etiraf etdi. O ki qaldı, xalqların öz müqəddəratını təyinetmə məsələlərinə, bu məsələ ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bütün beynəlxalq sənədlər məhz bu yanaşmanı müdafiə edir, o cümlədən 1975-ci ildə Helsinkidə qəbul edilmiş, bu gün üçün də əsas olan sənəd məsələnin məhz bu yolla həll olunmasını göstərir.
Xalqların öz müqəddəratını təyinetmə məsələləri ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və bu məsələ yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Bu düstur Dağlıq Qarabağ məsələsinin həlli üçün hesab edirəm ki, həlledici ola bilər. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bütün işğal edilmiş torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır. Bizim soydaşlarımız - məcburi köçkünlər ora qayıtmalıdırlar. Təhlükəsizlik tədbirləri görülməlidir. Gələcəkdə Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları yüksək muxtariyyət şəraitində, Azərbaycan dövləti tərkibində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir. Qeyd etdiyim kimi, Afinada ATƏT-in xarici işlər nazirlərinin səviyyəsində keçirilən görüşdə qəbul edilmiş sənəd məhz bu yanaşmanı təsdiq edir. Ondan əvvəl - 2008-ci ildə Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə imzaladıqları bəyanatda da məhz bu yanaşma göstərilir. Məsələ beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qətnamələr və qərarlar əsasında həll olunmalıdır. Bu hansı qərarlar və qətnamələrdir - bunu siyasətdən bir az başı çıxan adam dərhal deyə bilər. İlk növbədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi - hansılar ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. ATƏT-in sənədləri, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər ki, Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir.
Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və heç vaxt müzakirə mövzusu olmayıb. Ərazi bütövlüyü bu məsələ ilə məşğul olan Minsk qrupunun bütün üzvləri tərəfindən tanınıb, bu barədə dəfələrlə bəyanatlar verilib. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunmalıdır.
Bizim məsələ ilə bağlı prinsipial mövqeyimiz bundan ibarətdir. Biz çalışacağıq ki, bundan sonra da bu mövqeyimizi möhkəmləndirək, gücləndirək. Siyasi və hüquqi cəhətdən əlbəttə ki, bu məsələ açıq-aydındır. Yəni heç kimdə şübhə doğurmur. Biz öz mövqeyimizi, eyni zamanda, iqtisadiyyatımızın, ordu potensialımızın möhkəmlənməsi ilə daha da gücləndirməliyik".
Ölkə başçısı bildirib ki, ötən il Müdafiə Sənayesi Nazirliyinin xətti ilə böyük işlər görülüb: "Biz özümüzü daha da böyük həcmdə hərbi texnika, silah-sursatla təmin edirik. Bununla bərabər, xaricdən 2009-cu ildə çoxsaylı hərbi yönümlü texnika, silah-sursat alınıb. Bizim ümumi hərbi xərclərimiz 2 milyard dollara bərabərdir. Biz bu məsələ ilə bağlı səylərimizi daha da gücləndirməliyik. Bu məsələlərlə gündəlik məşğul olmalıyıq.
Azərbaycanın hərbi və ordu potensialının gücləndirilməsi, hesab edirəm ki, danışıqlar prosesində ən vacib rollardan birini oynayır. Mən hesab edirəm ki, son müddət ərzində danışıqlarda müşahidə olunan dinamika, yəni müsbətə doğru dinamika, o cümlədən Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının gücləndirilməsinin nəticəsidir".
Prezident 2009-cu ilin yekunlarının çox uğurlu olduğunu deyib: " 2009-cu ildə biz qarşıya qoyduğumuz bütün məsələlərə nail olduq. İndi 2010-cu il başlayır. Biz 2010-cu ili də uğurla başa vurmalıyıq. Bu il də çox önəmli il olacaq. Bütün proqramlar, layihələr, nəzərdə tutulmuş bütün məsələlər öz həlini tapmalıdır və əminəm ki, tapacaq. Beləliklə, ölkəmiz bundan sonra da uğurla inkişaf etməyə davam edəcək".