Metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında fəaliyyət göstərən filial bankın ən iri filialıdır
Bu gün Bakıda - metronun "Elmlər Akademiyası" stansiyası yaxınlığında "Bank of Azerbaijan"ın daha bir filialının açılış mərasimi keçirilib. Landau küçəsi - 6 ünvanda yerləşən filial bankın filialları arasında ən irisidir.
Lent.az-ın məlumatına görə, "Bank of Azerbaijan"ın İdarə Heyətinin sədri Xəyal Şərifzadə filialın rəmzi qırmızı lentini kəsdikdən sonra filialda müştərilərə bank xidməti göstərəcək şöbələrdə yaradılmış şəraitlə tanış olub. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
Xəyal Şərifzadə bildirib ki, bu cür filialların açılışı "Bank of Azerbaijan"ın ötən ilin əvvəlindən yürütdüyü filiallar şəbəkəsinin optimallaşdırılması siyasətinin davamıdır: "Biz 2009-cu ilin əvvəlindən başlayaraq, filiallar şəbəkəsinin optimallaşdırılması prosesinə start vermişik. Bu proses artıq mövcud olan kiçik filialların böyüdülməsini, Bakı şəhərində və regionlarda yeni filialların açılmasını nəzərdə tutur. Biz əminik ki, bankımız müştərilərə ən yaxşı, yəni daha böyük və daha komfortlu filiallarda xidmət göstərməlidir".
"Bank of Azerbaijan"ın İdarə Heyətinin sədri deyib ki, yeni filialda 30-a qədər işçi çalışacaq və filialın fəaliyyətində bir sıra yeniliklər tətbiq olunacaq. Belə ki, filialda elektron növbə sistemi tətbiq olunacaq. Bundan başqa, filialda müştərilərə VİP xidməti və bütün növ bank xidmətləri göstəriləcək. Həmçinin, VİP müştərilərə filialda şəxsi menecer xidmət göstərəcək və belə müştərilər prioritet qaydada depozit seyflərindən yararlanmaq imkanına malik olacaqlar.
Xəyal Şərifzadə vurğulayıb ki, yeni filial müştərilər üçün olduqca rahat yerdə yerləşir və müasir parkinqlə təmin olunub. Onun sözlərinə görə, ümumiyyətlə, müştərilərinin rahatlığı naminə çalışan "Bank of Azerbaijan" gələcəkdə də metro stansiyaları yaxınlığında və əhalinin sıx yerləşdiyi ərazilərdə öz filiallarını açacaq: "Biz ən yaxın günlərdə "Bank of Azerbaijan"ın daha bir filialını metronun "Gənclik" stansiya yaxınlığında açmağı planlaşdırırıq".
Xatırladaq ki, "Bank of Azerbaijan"ın nizamnamə kapitalının həcmi 15 milyon manat, bank aktivlərinin ümumi həcmi isə 144 milyon manatdan çoxdur. Bank daim öz müştərilərini unikal məhsulları ilə sevindirir, ölkənin biznes qurumlarına və fərdi şəxslərə dəstək verir.