Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin iyirminci ildönümü qeyd olunur
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Bununla da SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyaları tam kobudcasına və vəhşiliklə pozulmuş olub. Hadisə nəticəsində 170 nəfər həlak olub, 400-ə yaxın şəxs yaralanıb.Onların arasında hətta hərbi qulluqçular, gənclər, uşaqlar, qocalar və qadınlar da olub. Şəhərə ordunun girməsi və fövqəladə vəziyyətin elan edilməsi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-ci il tarixli qərarı və Mixail Qorbaçovun qərarı ilə olub.Bu akta SSRİ Ali Sovetinin razılığı yalnız ordu şəhərə girəndən 7 saat sonra elan edilib.Ordunun girməsilə Bakıda və bütün Azərbaycanda adi camaata qarşı görünməmiş cinayətlər başlanıb. Bakının zəbt olunması Sovet ordusunun hissələrilə müdafiə naziri Yazovun komandanlığı altında həyata keçirilib.Heç bir xəbərdarlıq edilmədən şəhərin mərkəzində, kənarlarında milliyyətindən, yaşından, cinsindən asılı olmayaraq, sülhpərvər insanlara atəşlər açılıb. Hətta qadağan olunmuş silahlardan, güllələrdən də istifadə olunub. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Xalqımızın Qan Yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir. Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sadə vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edirlər.