Şumer dilinin morfoloji quruluşu türk dillərinin morfoloji quruluşu ilə eynidir. Sözlərin V, CV, VC, CVC, VCV, CVCV, VCVC, CVCVC quruluş tipləri türk dillərində olduğu kimidir: e - ev, ki -kir, torpaq, şa(g) - ürək, udu - qoyun, giri - ayaq, amar - buzov, dana (əmər heyvan), libiş - qəzəb və s. Hətta bunların inkişaf istiqamətinə dair fikirlər də türk dillərində sözlərin inkişafı barədə fikirlərlə eynidir: İsim əsaslarının erkən tipləri (erkən köklər) CVC, VC şəklində olmuşdur; VCVC, (C)VCV tipləri (və onların sait yerdəyişməsi ilə təkrarı) onların inkişafıdır». (9; 52)
İsimlərdə kəmiyyət anlayışının ifadə üsullarına görə şumer dili türk dillərini xatırladır. Bu dildə lu - 'adam', bə'zən də 'adamlar', lu-(e)ne - 'adamlar', lu-lu 'adamlar' şəklində tərcümə edilir. Bizim müasir dilimizdə də belədir: adam da, adam-lar da eyni kəmiyyəti ifadə edə bilir. Birinci hal, yə'ni təkrar olunmadan cəm bildirən lu - üslubi çoxluqdur; bu söz həm 'tək bir adam', həm də 'adamlar' kimi dərk olunur. Sözün cəm şəklində dərki bizim işlətdiymiz Yanıma adam gəlmişdi- cümləsindəki adam kimidir: həmin söz morfoloji cəhətdən tək olsa da, üslubi çoxluq bildirir - gələn adam tək də ola bilər, çox da. Cəmlik, çoxluq anlayışını ifadə etmək üçün şumer dilində sözün təkrarından daha çox istifadə edilmişdir: dumu-dumu - övladlar, qızlar, oğlanlar, bala-bala - balalar, nəvə-nəticələr. Bu hal cümlədə sifətin təkrarı ilə də yaranır: digir-gal-gal-ene (allah - böyük-böyük - lər) - bütün böyük allahlar. Çoxluğa daxil olan hər bir fərdi ayrıca nəzərə çarpdırmaq üçün dili-dili (bir-bir) sözü işlədilmişdir: lu-dili-dili - 'adamlar bir-bir'. Sistem heç bir dəyişikliyə uğramayıb, yalnız ifadə vasitələrində fərq görünür. Azərbaycan dilində bu üsuldan əlaməti gücləndirmək, çoxaltmaq üçün geniş istifadə edilir: yaxşı-yaxşı, yavaş-yavaş, tez-tez, çox-çox və s. Cəm anlayışının ifadəçisi kimi istifadə olunan -(e)ne şəkilçi sayılır.
Şübhəsiz, kateqorial əhəmiyyətini itirsə də, tam sıradan çıxmamış uyğunluqlar da vardır. Məsələn, türk dillərində olduğu kimi, şumer dilində də cins kateqoriyası yoxdur. Türk dillərində olduğu kimi, bu dildə də qadın və kişi cinsi ya müxtəlif sözlərlə ifadə olunmuşdur (gu(d) - öküz, ab - inək), yaxud da qadın və ya kişi cinsinə aid olduğunu bildirmək üçün əlavə sözlərin iştirakı ilə düzələn birləşmələrdən istifadə edilmişdir (digir - allah, digir-ama - ana allah).
Şumer dilində bə'zi sözlər həm ad, həm də fe'l kimi işlənmişdir: üy - qala və qurmaq, toy - toy və doymaq; bu quruluş dilin ən qədim, daha doğrusu, ilkin yaranma mərhələsinə aid olsa da, bu gün də ədəbi dilimizdə izlərini saxlamışdır: köç - köçmək və köçən əşya, düz - hamar yer və düzmək, iç - daxil və içmək, içəri ötürmək və s. Bu cür sözlərin böyük bir qismi tarixən şəkilçilər vasitəsilə omonimlikdən çıxmışdır.
Müasir dilimizdə məhsuldar şəkildə fe'ldən ad düzəldən -q,-k şəkilçisi (qoru-q, ələ-k, bil-ik, sürt-ük və s.) şumer dilində də məhsuldar olmuşdur: turu - törəmək, yaşamaq, doğulmaq; turu-g - diri; uru - qurmaq, tikmək, uru-g - şəhər; yüzü - üzmək, yüzü-k - su quşu, üzən quş.(23; 07)
Azərbaycan dilindəki -an fe'li sifət şəkilçisi şumer dilində -en şəklində işlənmişdir: er - getmək, eren - arxa ilə gedən.
O.Süleymenov ugken - 'xalq yığıncağı' sözünü misal gətirərək göstərir ki, türk dilləri üçün «tə'yin + tə'yin olunan» modeli üstün olduğu halda, şumer dilində əksinədir. (23; 208) Qeyd etməliyik ki, həqiqətən də müasir türk dillərində «tə'yin + tə'yinlənən» modeli üstünlük qazanmışdır, lakin tə'yinin tə'yinlənəndən sonra işlənməsi də türk dillərinə yad deyil və XX əsrə qədərki Azərbaycan dilində bu model böyük üstünlüyü ilə seçilmişdir. Bu model bu gün də ədəbi dilimizdə fəaldır; xüsusi adlardan sonra işlədilən kişi, xanım, bəy, ağa, əmi, dayı, həkim, yazıq tipli sözlər bu quruluşun davamıdır. Bunlarla bərabər, İ.M.Dyakonov «tə'yinlənən + tə'yin», «tə'yinlənən + əlavə» modelləri ilə yanaşı, qədim dövrlərdən şumer dilində əsas modelin «tə'yin + tə'yinlənən söz» şəklində olduğunu da xüsusi qeyd etmişdir: «Ən qədim mürəkkəbləşmə «tə'yin - tə'yinlənən» sırasına malikdir, tə'yin yiyəlik hal şəkilçisi qəbul etməmişdir (dumu-sag - «rebenok qolova» -ilk uşaq; ug-ken «plemə-kruq - xalq yığıncağı»). (9; 53-54)
İ.M.Dyakonovun qeydlərindən aydın olur ki, şumer dilində hal münasibətləri hal şəkilçiləri ilə qoşmalar arasında orta mövqe tutan xüsusi formantlarla ifadə olunmuşdur. Bu xüsusiyyət təkmilləşmiş şəkildə eyni dərəcədə türk dillərinə də aiddir. Türk dillərində hal şəkilçiləri ilə yanaşı, bir sıra qoşmaların vasitəsilə də hal münasibətləri ifadə olunur. Müəllifin müşahidələrinə əsasən, da komutativi, şe allativi daha əvvəlki dövrlərdə müstəqil isimlər olmuş və başqa isimlərlə «tə'yin - tə'yinlənən» quruluşunda əlaqələnmişdir. Məsələn, lugal-da sözləri əvvəllər 'rəhbər tərəf' mə'nasında işlənmiş, sonralar 'rəhbərlə, rəhbərin yanında' mə'nasını almışdır. (9; 55) Beləliklə, da həm birgəlik şəkilçisi, həm də müstəqil söz kimi («tərəf») işlənmişdir (müasir dilimizdəki «tərəf» sözünün tə hissəsində özünü saxlamışdır; luqal sözü isə şumercə lu - 'adam' və bizim dilimizdəki qəl-bi sözlərindən ibarətdir - 'qəlbi adam', 'yüksək adam', 'rəhbər' mə'nalarında).
Şumer dilində hal göstəriciləri sintaqmın sonunda işlənmiş və bütövlükdə sintaqma aid olmuşdur: digir-gal-ra - yönlük hal - böyük allaha (digir - dingir - tənqri - (allah), qal - qəlbi, -ra - bizim o-ra, bu-ra sözlərindəki arxaik yönlük hal şəkilçisi), lugal-kalam-ak - yiyəlik hal - ölkənin çarı (luqal - 'başçı, rəhbər, çar', kalam - qala(maq) fe'li, həm də 'qala, şəhər, ölkə', -ak yiyəlik hal şəkilçisi; hərfən: 'başçı ölkənin' = 'ölkənin başçısı, çarı'), lugal-kalam-ma-ra - yönlük hal - ölkənin çarına və s. Türk dillərində də belədir.
Şumer dilində hal şəkilçiləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Absolyut hal (şəkilçisiz, sıfır şəkilçili): Nin-gir-su e-zu mara-du 'Ninqirsu, sənin evini mən tikdim'.
2. Erqativ hal: -e; gala-e balag nutum 'müğənni baraban gətirmədi'.
Şumer dilindəki absolyut hala uyğun gələn bizim adlıq hal türk dillərində də qədimdən bəri sıfır şəkilçilidir. Subyekt halı kimi, şumer dilində də fəal olmuş, sadalamalarda da işlənmişdir. Xitablar da absolyut hal ilə ifadə olunmuşdur.
«Erqativ hal» deyilən halın əla
məti olan -e şəkilçisi son dərəcə az hallarda, həm də yalnız 3-cü şəxsdə, zəif şəkildə işlənmişdir; bu hal fe'l inkişaf etdikcə, növ kateqoriyası formalaşdıqca, vasitəsiz obyektin hərəkətlə bilavasitə əlaqəsinin dildə ifadəsi nəticəsində sıradan çıxmışdır.
3.Yiyəlik hal: -a(k); e-lu-ak 'adam-ın evi' (e - 'ev', lu - 'adam', -ak - yiyəlik halın şəkilçisi).
Şumer dilində yiyəlik halın şəkilçisində (-ak) çox zaman a saitinin işlənmədiyi, əvvəlki sait vasitəsilə udulduğu, k samitinin isə yalnız saitdən əvvəl işləndiyi və əslində yiyəlik halın formantla «ifadə olunmadığı» göstərilir. (8; 43) Türk dillərinə məxsus ulu dildə də yiyəlik hal şəkilçisinin olmadığı güman edilir. (27; 78) Görünür, tarixin hansı mərhələsindəsə, şumerdəki -a(k) şəkilçisi yoxa çıxmış və sonralar tədricən -ın,-in,-un,-ün şəkilçisi formalaşmışdır. Və ya bəlkə də -ak şəkilçisinin samiti -nk şəklində burunda tələffüz edilmiş və tədricən -n (-ın) şəkilçisinə çevrilmişdir. Bizim dilimizdə olduğu kimi, şumer dilində də yiyəlik hal atributiv xarakter daşımış, sahiblik bildirmişdir.
Onu da qeyd edək ki, şumer dilində yiyəlik halın şəkilçisi kimi verilən -a(k) bir qədər şübhə doğurur. Hiss olunur ki, bu şəkilçi həm hal, həm də mənsubiyyət şəkilçisi funksiyasını yerinə yetirmişdir. İ.M.Dyakonov yazır: «Sintaqmın ayrıca üzvü öz növbəsində özünü «tə'yinlənən - tə'yin» qrupu şəklində göstərə bilər. Bu halda yiyəlik halın müvafiq hal şəkilçisi də bütün kompleksin sonunda yerləşir. Əvəzliyin və halın əlamətləri və cəm şəkilçisi cərgə ilə yerləşir: aid olduqları sözlərin əksinə düzülüşü qaydasında». (9: 57)
Aşağıdakı misallar verilmişdir:
lugal-kalam-a(k)-ra - ölkə çarına (üarö stranı)
ama-diggir-ene(-ak)-ra - allah analarına (materi boqov)
Misallar belə tərcümə edilmiş və göründüyü kimi, müəllif bunların hər ikisini (hər iki misalı) sondakı göstəriciyə görə yönlük halda olan sintaqmlar hesab etmişdir. Dalbadal iki hal - yiyəlik (-ak) və sonra da yönlük hal (-ra) necə işlənmişdir? Hiss olunur ki, -ak şəkilçisi mənsubiyyət bildirir. Və nə vaxtsa, şəxs əvəzliyindən törəmişdir. Bəlkə də müasir dilimizdəki xəbərlik şəkilçisi -ıq formantının (müəllim-ik) praformasıdır. Odur ki həmin misalları: ölkə çarına yox, çar ölkəsinə, allah analarına yox, ana allahlar-ı-na şəklində tərcümə etmək düzgün olar; ama - ana, digir - allah, ene - cəm şəkilçisi, -ak - mənsubiyyət, -ra yönlük hal şəkilçisi - türk dillərinin quruluş sxeminə tam uyğundur. Sonrakı misallar da bunu təsdiq edir. Müəllif: e-lugala-ane-ak birləşməsini «dom eqo xozəina» şəklində tərcümə etmişdir: e - ev, lugala - ağa (xozəin), ane - onun, -ak - ın = onun ağa-sı-nın evi və burada -ak şəkilçisi müasir dilimizdəki (s)ı mənsubiyyət şəkilçisinə müvafiq gəlir.
4.Yönlük hal -ra: E-an-na-tum-ra a e-na-ag 'o, Eannatum-a göstəriş verdi', luqal-ani-ra 'öz ağası-(n)a'.
-ra şəkilçisi türk dillərində yönlük halı bildirmək üçün geniş şəkildə işlənən bir şəkilçi olmuşdur. Bizim dilimizdə tarixən o-ra, bu-ra tipli sözlər həmin şəkilçinin köməyi ilə yaranmış və bu şəkilçi şəxsin, əşyanın yönəldiyi obyekti, məkanı bildirmişdir.
5. İstiqamət halı (allativ) -(e)şe/eş: Aratta-aş ba-te 'o, Aratta-ya yaxınlaşdı'.
Son saitinin çox vaxt düşməsi, əvvəlki saitinin assimilyasiyaya uğraması nəticəsində bu şəkilçi daha çox -aş, -eş,-iş,-uş şəkillərində işlənmiş və hərəkətin istiqamətini, zaman və məkan hüdudunu, məqsəd və səbəbini bildirmişdir ki, bunlar müasir dilimizdəki yönlük halın mühüm xüsusiyyətlərindəndir. Şübhəsiz, tarixən bu şəkilçinin ş samiti düşmüş və şəkilçi yer-istiqamət halının -e şəkilçisi ilə birləşmişdir.
6.Yer-istiqamət halı -e: ki-e um-ma-te 'yer-ə yaxınlaşdı'.
İ.M.Dyakonovun fikrincə, bu halın şəkilçisi erqativ halın şəkilçisi ilə bir mənşədəndir. Hərəkətin predmetə, şəxsə doğru yönəldiyini, zaman münasibəti, obyekt, hərəkətin vasitə və alətlərini bildirir. Yarımqapalı e saitinin açıq ə saitinə çevrildiyinə və bu şəkilçinin (şumercədə yönlük halı bildirən -e şəkilçisinin) müasir dilimizdə yönlük halı bildirən variantlaşmış -a,-ə şəkilçisi olduğuna şübhə yoxdur. Bu şəkilçi erqativ halın şəkilçisi ilə deyil, istiqamət halının -eş şəkilçisi ilə bir kökdən ola bilər.
7.Yerlik (lokativ) hal -a: e-bi-a na-ru-a e-me-sar-sar 'o (mətni) bu kanalın sütunların-da (e-bi-a) yazdı'.
İsmin bu halı işin, hərəkətin icra olunduğu yeri, əşyanın tutduğu sahəni, zaman münasibəti, obyekt, işin, hərəkətin alət və vasitələrini bildirir. Bizim dilimizdəki -a,-ə şəkilçisinin əsas funksiyası yön, istiqamət bildirmək olsa da, hələ bu gün də həmin şəkilçi müvazi olaraq həm də yerlik halın funksiyasını yerinə yetirir. Deməli, tarixən bu şəkilçi hər iki hala xidmət etmiş və tədricən yön, istiqamət bildirən şəkilçi kimi sabitləşmişdir.
8.Çıxışlıq hal (ablativ) -ta: Elam Elam-ta mu-na-gin 'Elamlılar Elam-dan (Elam-ta) onun yanına gəldilər'.
Bu hal işin, hərəkətin çıxış nöqtəsini, məkan hüdudu, zaman münasibəti, partitiv, distrubtiv münasibətlər, alət və vasitə, səbəb və s. bildirmişdir.
İsmin məkani-qrammatik hal şəkilçiləri bizə yaxın dövrə qədər bir-birinin əvəzində işlənmişdir. Bu cəhət hazırkı şivələrimizdə də müşahidə olunur. Yönlük hal ilə yerlik hal, yerlik hal ilə çıxışlıq hal çox yaxın olmuş, sinonim şəkildə bir-birini əvəz etmişdir. Həm yer, həm də istiqamət bildirən -e şəkilçisi tədricən istiqamət, yön bildirən şəkilçi kimi sabitləşmişdir (e > ə dəyişməsi ilə) Çıxışlıq bildirən -ta və birgəlik-vasitə halı -da yerlik və çıxışlıq halların funksiyasını yerinə yetirmiş, tədricən bu hallar fərqli forma (-da,-dan) və sabit məzmun qazanmışlar.
9.Vasitə-birgəlik halı (komitativ) -da (de, ta): u-sila-da 'qoyun quzu ilə'. Bu hal birgəlik bildirir, d>l keçidi ilə bu gün də dilimizdə işlənməkdədir: bıçaq-la, qələm-lə və s.
10.Müqayisə halı (ekvativ) - gi (gim, gimi): nim gim 'ildırım kimi', Enlil gim 'Enlil kimi'.
Hal şəkilçisi hesab olunmuş kimi qoşması oğuz qrupu türk dillərində ən çox işlənən qoşmadır. Müqayisə mə'nası oğuz qrupunda daha çox bu qoşmanın köməyi ilə ifadə olunur. Şumer dilindəki gi formantı həmin dildə çox geniş şəkildə işlənmiş gim (kimi) qoşmasının əsasıdır. a-gi - su kimi. İ.M.Dyakonov da bu cəhəti qeyd etmişdir: «Adəti üzrə, -gin, -gi, -gim, -gimi şəkillərində oxunuşla GİM işarəsi ilə yazılır, ancaq sonralar həm də -gi-in, -gi-im şəkillərindədir (ola bilər ki, qədim şumer çıxış forması (givin) (gimi) i -(-gi) olmuşdur». (9; 57)
Müqayisə və birgəlik halları bizim 20-ci illər qrammatikalarımızda da verilmişdir. İndi bunlar hallar sırasında qeyd edilməsə də, ədəbi dilimizdə şumer dilindəki hallarla məzmun və ifadə vasitələrinə görə tam uyğun şəkildə işlənməkdədir.
Beləliklə, ismin halları həm məzmun, qrammatik semantika, həm də formal əlamətlər baxımından Azərbaycan dilindəki hallarla, demək olar ki, eynidir. Altı min il müddətində bu cür eyniyyət heyrət doğurur. Bu cəhəti başqa tədqiqatçılar da müşahidə etmişdir. (28; 27-28)
Gil lövhələrin necə oxunduğunu demək çətindir. Bir sıra məsələləri aydınlaşdırmaq üçün gil lövhənin özünü də görməyə ehtiyac duyulur. Foto-surət də yoxdur. Ona görə də bə'zən mübahisə etmək də olmur. Aşağıdakı misala baxaq:
alam-Gudea-ensi-Lagaşa lu-e-ninnu-indu(-a)-ak-e - 'dlə statuə Qudea, pravitelə Laqaşa, kotorıy postroil Xram pətdesəti'.
Tərcümə belədir. Sözlərə və formantlara fikir verək: alam - heykəl, Gudea -xüsusi ad, ensi - hakim, hökmdar, Lagaşa - şəhər adı, lu - adam, e - ev, mə'bəd, ninnu - əlli, indu - tikdi, a - fe'li nominallaşdıran şəkilçi, -ak - yiyəlik hal şəkilçisi, -e lokativ-terminativ halın şəkilçisi. Sözlərin izahı barədə bir şey demək çətindir. Bu cür şərhlərdə bə'zən aydın sərbəstlik müşahidə olunur. Məsələn, e sözü həm ev, həm də istənilən vaxt mə'bəd kimi izah olunur. Sondakı iki şəkilçidən əvvəlki -a fe'li adlara uyğunlaşdıran şəkilçi kimi izah edilir, çünki bundan sonra adlara aid iki şəkilçi (müəllifin fikrincə, iki hal şəkilçisi) gəlir. İ.M.Dyakonov əsərinin başqa bir yerində (səh.53-də) -a şəkilçisini sifət və fe'li sifət şəkilçisi kimi qeyd etmişdir. Şübhəsiz, tik(mək) sözündən sonra gələn -a şəkilçisi elə fe'li sifət şəkilçisidir və həmin sözün substantiv formada mənsubiyyət və hal şəkilçilərini (iki hal şəkilçisini yox) qəbul etməsi təbiidir. Odur ki həmin sintaqmı: Laqaş hakimi Qudeanın heykəli - əlli mə'bəd tikənə - şəklində tərcümə etmək düzgün olardı. İ.M.Dyakonov qeyd edir ki, sintaqmın sonunda üç şəkilçidən artıq şəkilçi işlənmir. Bunlar isə bugünkü ədəbi dilimizdə olduğu kimi, kəmiyyət, mənsubiyyət və hal şəkilçilərindən ibarət ola bilər. Sıra da bugünkü kimidir: ama-digir-ene-(-ak)-ra - (ana - allah + cəm ş+ məns. ş.+ yönlük hal ş.) ana allah-lar-ı(n)-a. Müasir dildə olduğu kimi hər formant yalnız bir mə'na ifadə edir.
-ene şəkilçisi, ha və dili-dili sözləri kəmiyyət anlayışının müəyyən istiqamətdə dəqiqləşməsinə kömək edir: ene - mə'lum şəxslərin çoxluğunu bildirir; məs.: lu-ene - 'mə'lum (xatırlanan, nəzərdə tutulan) adamlar'. -Ene şəkilçisinin işarə əvəzliyindən əmələ gəldiyi, ilk dövrlərdə təkrar olunan isimləri əvəz etdiyi və bu yolla formalaşdığı güman edilir. Ha sözünün etimoloji cəhətdən on (10) mə'nasında hu/ha sözündən törədiyi, əvvəllər 'on', sonralar 'çoxlu' mə'nasında işləndiyi, lakin başqa canlılara aid olduğu qeyd edilir: udu-ha - qoyunlar (müxtəlif cinsdən). Dili-dili sözü isə «bir» mə'nasında dili sözündəndir, bu sözün təkrarından ibarətdir.(9; 58)
İ.M.Dyakonov, İ.T.Kaneva və b. şumer dilində önlüklərin olduğunu qeyd etmişlər. Bu cəhət türk dilləri baxımından qəribə görünə bilər. Lakin əslində, burada heç bir qəribəlik yoxdur. Vahid ulu dilin parçalanmasından sonrakı dövrlərdə ilkin dialekt xüsusiyyətləri aqqlütinativ, flektiv, köksözlü dillər istiqamətində inkişafa imkan versə də, flektiv dillər aqqlütinasiyadan, aqqlütinativ dillər fleksiya imkanlarından tam məhrum olmur və bir qismini özündə nisbi şəkildə mühafizə etməli olur. Məsələn, indi də flektiv dillərdə suffikslərdən istifadə edilir. Türk dilləri üçün predloq-önlük yox, posleloq-qoşma xarakterikdir. Lakin bu o demək deyildir ki, türk dillərinə önlüklər yaddır. Bir sıra bağlayıcılar (nə - nə, ya - ya da, gah - gah da, bir - bir də, istər - istərsə də...) dilimizdə predloq-önlük şəklində işlənməkdədir. Ona görə də şumer dilində önlüklərin olması bu dilin türk budağı kimi inkişafını əngəlləyə bilmir. Digər tərəfdən, müəlliflərin verdikləri «predloqlar» predloqa oxşamır, müstəqil sözlər kimi çıxış edir. Lakin tərcümə prosesində Şumer dilinin ilkin, ibtidai, hərfi ifadə tərzi müasir dillər baxımından ümumiləşmiş qrammatik əlamətlərlə tərcümə edilir. Fikir düzgün alınsa da, orijinaldakı sadəlik, hərfilik öz ifadəsini düzgün tapa bilmir. İ.T.Kaneva aga (arxa iqamətgah, tikili), bar (üst tərəf), da (əl, tərəf), eger (arxa, çiyin), igi (göz), mu (ad), şag (ürək), ugu (kəllə, qafa tası), zag ( çiyin, döş qəfəsi) və s. sözlərin hal şəkilçiləri ilə birlikdə önlük vəzifəsində işləndiyini qeyd etmişdir. (8; 46-52) Misallara diqqət yetirək:
igi-zu-şe he-gal he-em a-ga-zu-şe kiri-zal he-em 'pered toboy izobilie pustğ budet, pozadi tebə velikolepie pustğ budet'
igi - göz, zu - sənin, şe - istiqamət halının şəkilçisi; müəllif bunları 'pered toboy' kimi tərcümə etmişdir. Əslində isə igi sözü göz, qabaq, baxmaq mə'nalarındadır. Ona görə də birləşməni 'sənin gözünün önünə, qabağına' şəklində başa düşmək lazımdır.
a-ga-zu-ta gud-niga a-ab-şum 'posle tebə otkormlennıy bık bıl ubit' - cümləsində a-ga-zu-ta 'posle tebə' kimi tərcümə edilmişdir; aga - arxa iqamətgah, zu - sənin, ta - çıxışlıq hal şəkilçisi. Aga sözü həmin mə'na ilə yanaşı 'geri' mə'nasını da ifadə edir və geri (ga-ge) sözü həmin kökdəndir. Ona görə də birləşməni 'posle tebə' yox, 'səndən geri' şəklində tərcümə etmək düz olardı (əslində, müəllifin tərcüməsi məntiqsizdir: səndən sonra, yə'ni sən öləndən sonra (?) kökəldilmiş öküz öldürüldü).
bar-mu-a li-bi-(in)-tar 'na menə tı ne posmotrel', bar-mu- a 'na menə' şəklində tərcümə edilib; bar -'üst tərəf' mə'nası ilə yanaşı, ümumiyyətlə 'tərəf' mə'nasında da işlənib; mu - 'mənim' deməkdir, -a yerlik halın şəkilçisi kimi verilsə də, bu cür ifadələrdən göründüyü kimi, istiqamət halına da xidmət etmişdir. Odur ki birləşməni na önlüyü ilə deyil, türk dili quruluşunda 'mənim tərəfə' ('mən tərəfə') şəklində tərcümə etmək olar. Rusca tərcüməsi önlüklə verilsə də, şumer dilində önlük deyildir.
eger-mu-ta nig-na-me bi-in-gub «pozadi menə çto-libo naxoditsə». Burada eger-mu-ta 'pozadi menə' şəklində tərcümə edilib. Eger 'arxa, bel, dal, kürək - geri' mə'nalarındadır. Birləşmə 'mənim arxamda' kimi tərcümə olunmalıdır.
ki-Ereş-ki-gal-şe gin-na kur-şe ed-de 'k Greşkiqalğ poydi, v podzemnıy mir spustisğ'. ki-Ereş-ki-gal-şe 'k Greşkiqalğ' şəklində - k önlüyü ilə tərcümə edilib. Ümumi mə'na doğrudur. Ki - yer, torpaq mə'nasındadır, şe istiqamət halını bildirir. Birləşmə 'Ereşkiqal (olan) yerə' mə'nasındadır.
Amar-subara şitim mu-kin-şe na-ba-du 'Amarsubara, plotnik, iz-za rabot pustğ ne zaderjivaetsə'; mu-kin-şe 'iz-za rabot' kimi izah edilib. Mu - 'ad', kin - 'iş' deməkdir; -şe - istiqamət halının şəkilçisidir. Birləşmə 'iş adına' şəklində çevrilməli idi 'Qoy Amarsubara, dülgər, iş adına (iş bəhanəsi ilə) gecikməsin'.
İ.T.Kanevanın verdiyi bütün misalları bu cür izah etmək mümkündür. O misallarda heç bir «predloq» müşahidə olunmur, lakin birləşmələr rus dilinə predloqların köməyi ilə tərcümə olunur. Bir də fərq rus dilindəki söz sırasındadır. Bu cür birləşmələr müasir türk dillərində söz sırasına görə bir qədər fərqlənir:: biz a-ga-zu-ta - 'geri səndən' yox, zu-a-ga-ta - 'səndən geri' şəklində, yaxud mu-kin-şe - 'adına iş' yox, kin-mu-şe 'iş adına' şəklində işlədirik. Şivələrimizdə, canlı danışıq dilində şumer dilində olan sıradan indi də istifadə edilir: «Obratnıy porədok vozmojen takje v soçetaniəx izafetnoqo tipa: əmcəhləri keçilərin (Sisianskiy rayon Arm.SSR) (lit.keçilərin əmcəkləri) - «vımə koz», təkərrəri arabanın (Sisianskiy rayon Arm. SSR) (lit. arabanın təkərləri) - «osi arbı», Sən kar idin, nə eşitdin gəlməgin oğrunun (M.) (lit. Sən kar idin, oğrunun gəlməyin necə eşitdin?) - «tı je bıl qluxoy, kak je tı uslışal prixod vora?» (29; 158)
Türk dillərində olduğu kimi, şumer dilində də sifətlər isimlərdən formaca fərqlənmir. Yə'ni, məsələn, rus dilində olduğu şəkildə sifəti isimlərdən fərqləndirən əlamət yoxdur: nun - böyük, du - yaxşı, kalag - güclü və s. Bə'zi hallarda sifətlərin -a şəkilçisi ilə fərqləndiyi qeyd edilir; -a, əslində, fe'li sifət şəkilçisidir: kalag-a - güclü olan, tur-a - xəstə olan. İ.T.Kaneva həm kalag, həm də kalag-a sözünü 'güclü' mə'nasında izah etmişdir; -a şəkilçili forma 'güclü olan' mə'nasındadır və bu hal göstərir ki, kalag sözü həm sifət, həm də fe'l kimi işlənmişdir.
Şumer dilində saylar müəyyən bir sistem əsasında qurulmamışdır. Beşlik, onluq, iyirmilik, altmışlıq say sistemlərindən istifadə olunmuşdur. Bunlardan beşlik və iyirmilik daha qədim hesab olunur. Nə qədər say sözləri işlətdiklərini də dəqiqləşdirmək mümkün olmamışdır. Sayların necə səsləndiyi də bə'zən mübahisə doğurur. 3 sayı üş (İ.T.Kanevada eş,weş ), 10 sayı u (u-un - on) şəklində işlənmişdir. Şumer dilində də sıra sayları miqdar saylarından əmələ gəlirmiş. Şumer dilində də miqdar saylarından sonra isimlər cəmlənməzmiş. Miqdar sayları ilə sayıla bilən isimlər arasında formal-qrammatik əlaqə olmadığı qeyd edilir - bu, əslində, yanaşma deməkdir.
Altı min illik müddəti nəzərə aldıqda şumer dilindəki əvəzliklərlə müasir dilimizdə işlədilən əvəzliklər arasındakı yaxınlıq daha çox təəccüb doğurur. Hələ altı min il əvvəl bu dildə şəxs əvəzliklərinin müstəqil subyekt kimi işlənməsinə o qədər ehtiyac olmamış, şəxs əvəzlikləri yalnız məntiqi vurğu altında işlənməli olmuş, qalan hallarda şəxs anlayışı xəbərdə ifadə olunmuşdur. Deməli, şumer dili bizim təsəvvür etdiyimizdən çox-çox qədim bir dövrdə formalaşmış dildir.
Əvəzliyin şəxs əvəzliyi, yiyəlik əvəzliyi, işarə əvəzliyi və sual əvəzliyi kimi dörd növü müəyyən edilmişdir. Bunlardan şəxs və sual əvəzlikləri müstəqil işlənmiş, işarə və yiyəlik əvəzlikləri müstəqil işlənməklə yanaşı, enklitik (vurğusuz) xarakteri ilə də fərqlənmişdir. Müstəqil əvəzliklər isim kimi hallanmışdır. Şəxs anlayışı leksik yolla ifadə olunmuşdur. Kəmiyyət anlayışı şəxs əvəzliklərində bugünkü dilimizdə olduğu kimi, suppletiv yolla, yalnız 3-cü şəxsdə (isimlərdə olduğu kimi) e-ne cəm şəkilçisi ilə düzəlmişdir.
Şəxs əvəzlikləri aşağıdakılardan ibarət olmuşdur:
tək cəm
1-ci ş. ma-e, ma mede
2-ci ş. za-e, za, ze meze
3-cü ş. e-ne, a-ne e-ne-ne, a-ne-ne
1 və 2-ci şəxsin təkini bildirən ma-e və za-e sözlərinin son səsləri - -e artıq yeni şumer dilində yoxdur (8; 54), ma, za (ze) əvəzlikləri Azərbaycan dilində həmin şəxsləri bildirən əvəzliklərin kökündə durur: ma - mə-n; ze>se - sə-n. 3-cü şəxsin təkini bildirən ane əvəzliyi isə hələ son səsini şumer dilində itirməyə başlamış və bizim klassik ədəbiyyatın dilində an şəklində geniş işlənmişdir: Dedilər kim, dəhanı yoxdur anın.(Nəs.) 1-ci şəxsin cəmi əslən me(n)de(n) şəklində, 2-cə şəxsin cəmi me(n)ze(n) şəklində qeyd olunmuşdur. Mö'tərizədə verilən səslərin (n) faktik olaraq işlənmədiyi, əksərən buraxıldığı göstərilir. Bu əvəzliklər fe'ldəki enklitik şəxs göstəriciləri əsasında müəyyən edilmişdir. Əvəzliklərin kökü 1-ci şəxsdə me(n), 2-ci şəxsdə ze(n)-dir. Çox qəribədir ki, 2-ci şəxsin cəmi mən və sən sözlərinin birgə işlənməsi ilə (me(n)ze(n) ifadə olunmuşdur, yə'ni «nə mən, nə də sən - hamımız, hər ikimiz». Bu da təfəkkürün tədricən mücərrədləşməkdə olduğunu göstərir. Sonralar me, ze sözlərindən çoxluq bildirən (ən azı binar məzmuna malik olan) -z şəkilçisi ilə miz>biz, siz sözləri düzəlmişdir.
İ.T.Kaneva əvvəlki fikirləri təkrar edərək qeyd edir ki, 3-cü şəxsin cəmi (e-ne-ne, a-ne-ne ) təkinə e-ne cəm şəkilçisinin artırılması ilə yaranmışdır: e-ne-(e)-ne. Lakin, eyni zamanda, bu formanı ağlabatmaz hesab edir. (8;54) Əslində, düzgün şübhələnir, çünki şumer dilinin qoşa sözlərlə çoxluq anlayışını ifadə etmək imkanları və 2-ci şəxsin cəmi göstərir ki, 3-cü şəxsin cəmi cəm şəkilçisi ilə deyil, 3-cü şəxs təkin təkrarı ilə yaranmışdır: çox təbiidir: o + o = onlar, lu + lu (lulu) = adamlar, ene+ene - onlar.
Müasir dilimizdə olduğu kimi, bu əvəzliklərin isimlər kimi hallandığı müəyyən edilmişdir.
Türk yiyəlik əvəzliklərinin əsasında şəxs və işarə əvəzlikləri durur. Bu xüsusiyyət eynilə şumer dilindəki yiyəlik əvəzliklərində də özünü göstərməkdədir:
tək cəm
1 ş -mu- mənim -me - bizim
2 ş. -zu - sənin -zu-e-ne-ne - sizin
3 ş. -ani, bi - onun -a-ne-ne, bi - onların
İşarə əvəzlikləri: be, e, (e)ne, hur, ur sözlərindən ibarət olmuşdur. Bunlardan ene və e bir kökdən olub, o işarə əvəzliyinin arxetipidir: ene /ane > an > ol > o.
İşarə əvəzlikləri yaxına və ya uzağa, indiyə və ya keçmişə işarə məqsədilə işlənmişdir. Nisbətən az işləndikləri göstərilir. Ən fəalı bi ('bu', bə'zən də 'o' mə'nasında) işarə əvəzliyidir; Az da olsa, e, ur, hur işarə əvəzliklərindən istifadə edilmişdir: uru-bi-a 'bu şəhərdə'; balag-ki-ag-e 'o sevimli baraban'; ud-ur-a 'o günlər'. Son dərəcə az hallarda hur, ur sözlərinin işləndiyi qeyd edilmişdir; bu sözlər hər sözünün arxetipidir (ur sözündə h samiti düşmüşdür); be sözü isə tədricən danışanın mikromühitinə işarə edən bu əvəzliyi kimi sabitləşmişdir.
Nə sual əvəzliyi mə'nasında a'na sözündən istifadə edilmişdir. Bu sözdə vurğu ikinci hecada olduğundan tədricən birinci sait düşmüş, türk dillərində geniş şəkildə işlənən nə (na) sual əvəzliyi formalaşmışdır. Kim sual əvəzliyi məqamında aba sözü işlədilmişdir. Bu söz tam arxaikləşmişdir.
Müasir dilimizdə nə sual əvəzliyi necə mə'nasında işləndiyi kimi, a-na sual əvəzliyi də digər canlı və cansız varlıqlara verilən nə sualı ilə yanaşı, necə mə'nasında da müşahidə olunur. İ.T.Kaneva göstərir ki, a-na sual əvəzliyi müqayisə halını bildirən gim şəkilçisi ilə (bilirik ki, gim şəkilçi deyil, qoşmadır) birlikdə necə mə'nasını ifadə etmişdir. Bu, müasir dilimizlə şumer dili arasında nə qədər böyük yaxınlıq olduğunu bir daha göstərir: na gim - nə kimi, yə'ni necə. Əvvələn, na sözünün na və ya nə şəklində tələffüz edildiyini bilmirik; ikincisi də gim sözü elə o vaxtlar da gimi şəklində işlənmişdir (a-na sözündə a-nın vurğusuz olduğunu isə bilirik): nə gimi - nə kimi.
İ.T.Kanevanın fikrincə, a-na sözü istiqamət halının eşe şəkilçisi ilə birlikdə nə üçün? niyə? mə'nasını vermişdir. Biz bu mə'naya e'tiraz etmirik, lakin eşe hissəciyinin bu məqamda üçün qoşmasının praforması olduğunu güman edirik. Bunlardan əlavə, şumer dilində na-me əvəzliyi də olmuş, nə isə, kim isə əvəzliklərinin mə'nasında, bə'zən də bizim indiki inkarlıq bildirən nə bağlayıcısı məqamında işlənmişdir. Bütün bunlar dilimizdəki nə sual əvəzliyinin və nə - nə bağlayıcısının eyni mənşədən - a-na sözündən olduğunu göstərir.
Fe'l əsasları da şumer dilində öz strukturuna görə adlardan fərqlənmir. Məs.: sikil - təmiz və təmiz olmaq, gig - qara və qara olmaq və s.(9; 63) İlkin inkişaf mərhələlərində türk dillərində özünü göstərən bu xüsusiyyət indi də bir sıra sözlərdə qalmışdır. Kombinator dəyişmələr nəzərə alınmazsa, türk dillərində olduğu kimi, şumer dilində də söz kökləri, söz əsasları sabitdir. Lakin şumer dili hələ elə inkişaf mərhələsindədir ki, tə'sirlilik və tə'sirsizlik fe'ldə qrammatik yolla öz ifadəsini tapa bilmir, ona görə də eyni fe'l tə'sirli də ola bilir, tə'sirsiz də. Fe'l əsasının mə'nası yalnız cümlə daxilində müəyyənləşir.
Fe'lin təsrif formasını düzəltmək üçün qədim şumer dilində əsas forma birinci və ikinci şəxs əlamətlərinin ad əsaslarına artırılması olmuşdur. Bu cür təsrif «olmaq» mə'nasında tə'sirsiz me fe'linin nümunəsində özünü daha aydın göstərir. Qeyd edilən me köməkçi fe'li müstəqil fe'l kimi təsriflənməklə yanaşı, adlardan - isim, sifət, say və əvəzliklərdən sonra işlənməklə də təsriflənmişdir. Bu cür hallarda İ.M.Dyakonov onu svəzka - bağlama (9; 64) adlandırmışdır. Me fe'li növ və zaman əlamətləri qəbul edərək dəyişmir, lakin müxtəlif (indiki, keçmiş və s.) zamanları bildirə bilir. Bağlama adlandırılan bu sözün təsrif forması aşağıdakı kimidir:
tək cəm
1-ci ş. ma me-en mede me-enden
2-ci ş. za me-en meze me-enzen
3-cü ş. ane me -an ane me-eş
Buradakı şəxs şəkilçiləri şəxs əvəzliklərinə uyğundur.
Me fe'li dünya dillərinə məxsus kök dildən gələn və bir çox dil ailələrində özünü göstərən bir sözdür. B-m keçidi ilə rus dilindəki bıtğ, ingilis dilindəki be, türk dillərindəki bolmaq-olmaq fe'li şumer dilindəki həmin me ilə eyni mənşəlidir. Deməli, me sözünün təsrifi qədim türklərə də məxsusdur.
Bir az əvvəl qeyd etdiyimiz kimi, İ.M.Dyakonov, İ.T.Kaneva və b. şumer dilində prefiks, infiks və suffikslərin olduğunu göstərmişlər. Türk şəkilçiləri suffikslərdən ibarətdir. Kök sabit olduğu üçün bu dillərdə infiksdən də danışmaq olmaz. Bəs şumer dilində infikslər necə düşünülür? Axı şumer dili də iltisaqi dildir. Budur, İ.T.Kaneva yazır: «Bir neçə affiks dalbadal işlənə bilir. Fe'ldə əsasdan əvvəl affikslər zənciri, daha dəqiq desək, prefiks və infikslər ola bilir. Sadə olmaq üçün onların hamısını biz «fe'l prefiksləri« adlandırırıq». (8; 27)
İnfiks flektiv dillərə məxsus xüsusiyyətdir və sözün daxilində olur. Odur ki söz kökü ilə prefiks arasında işlənən şəkilçini infiks deyil, elə, düz olsa, yə'ni prefiks deyilən şey prefiks olsa, prefiks adlandırmaq doğru olar.
İ.M.Dyakonov şumer dilində prefikslərin suffikslərdən daha çox və məhsuldar olduğunu qeyd etmişdir. (9; 65) Bu hal tədqiqatçıları daha çox çaşdırır, çünki şumer dilinin türk dilləri ilə müqayisəsi prosesində böyük «çətinliklər» törədir, ondan ötrü ki, türk dilləri son şəkilçili dillərdir, bu dillərdə başdan-binadan prefikslər inkişaf etməmişdir və bu dillərdə olan prefikslər Hind-Avropa dillərindən alınmadır. Diqqətlə nəzər saldıqda aydın olur ki, müəllifin «prefiks» kimi qeyd etdiklərinin heç biri prefiks deyil. Qeyd edilənlər zərfləşməkdə, ədatlaşmaqda, bağlayıcılaşmaqda olan sözlər və hal şəkilçili əvəzliklər, isimlərdir. Bir-bir həmin «prefikslər»ə nəzər salaq.
İ.M.Dyakonov və onun ardınca İ.T.Kaneva «prefiks»lərin təsriflənən fe'ldən əvvəl ardıcıl olaraq 6 pozisiyada yerləşdiklərini və aşağıdakılardan ibarət olduğunu qeyd etmişlər:
1 - şəkil (forma) prefiksləri;
2 - orientasiya prefiksləri;
3 - 3-cü şəxs təkin yönlük halda məkani prefiksi;
4 - 2-ci şəxs təkin birgəlik-məkani prefiksi;
5 - yerlik-istiqamət halının məkani prefiksi;
6 - sosial-passiv sinfin 3-cü şəxs təkdə hal-vəziyyət subyektinin prefiksi. (8; 66)
Həm İ.M.Dyakonov, həm də İ.T.Kaneva qeyd etmişlər ki, eyni vaxtda bu pozisiyaların hamısı tutula bilməz, olsa-olsa, ən çoxu üç pozisiya tutula bilir. Məsələn, birinci pozisiyadakı şəkil («naklonenie») prefiksi olmadıqda, orientasiya prefiksi, o da olmadıqda yönlük halın məkani prefiksi işlənə bilər və s.
Birinci qrup prefiksləri müəlliflər naklonenie adı altında nəzərdən keçirmiş və «naklonenie» terminini hərəkətin xarakteristikasının reallığı və qeyri-reallığı kimi geniş mə'nada nəzərdə tutmuşlar. Bu qrupa, başlıca olaraq, na, nu, şa, he, ga, u, bara «prefiksləri» daxil edilmişdir.
Onların prefiks, bizim hissəcik adlandırdığımız na, şa hissəciklərini İ.T.Kaneva təsdiq, yaxud «qeydedici, nəzərəçarpdırıcı şəkil» («podtverditelğnoe ili podçerkivaöhee naklonenie») əlamətləri adlandırmışdır. Müasir ədəbi dillərdən danışılarkən bu cür fe'l şəkli nəzərdə tutulmur. (M.Kaşğari türk dillərində əmr formasında gücləndirici şü hissəciyinin işləndiyini qeyd etmişdir: kel-şü gəl daha!) (30; 211) İ.T.Kaneva şa, şi, şe hissəciyinin mə'nasının dəqiq müəyyənləşdirilmədiyini qeyd etmişdir. Onun verdiyi misal göstərir ki, bunlar -sa,-sə şərt şəkilçisinin qədim variantıdır: dumu-engar-ra-ra nig nam-mu-ra-ra-an e-ra-zu şe-im-ra 'v sına zemledelğüa niçeqo pustğ tı ne brosaeşğ (pustğ tı ne bğeşğ eqo), (inaçe) tvoy arık nepremenno (budet) razruşen.' - «pustğ tı ne bğeş eqo» ifadəsində pustğ (bu söz -şe ilə ifadə olunmuşdur) sözünün yerinə esli sözünü qoysaq və ya müasir dildə olduğu kimi, fe'lə -sa,-sə şəkilçisini artırsaq, mə'na daha aydın başa düşülər və bunu son frazanın əvvəlinə müəllifin əlavə etdiyi «inaçe» sözü də göstərir: (Əgər) sən onu döyməsən, sənin arxın həmişə pozulacaq. Aydın hiss olunur ki, şa şərt çaları ilə ədatlaşmış bir söz olmuşdur və sonralar şəkilçiləşmişdir.
Na «prefiksi» haqqında müəllif yazır: «na - təsdiq, yaxud nəzərə çarpdırıcı şəkildir. Hərəkət bildirən finit fe'l formasında qayda üzrə bitmiş növlə, az hallarda bitməmiş növlə işlənir». (8; 93)