AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən "Türkdilli əlyazmalar kataloqu"nun II cildi rus dilində nəşr hazırlanıb.
Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən bildirilib. Ümumi həcmi 263 səhifə olan kataloqa Azərbaycan, Türkiyə və Orta Asiya xalqlarının türkdilli ədəbiyyat klassiklərinin XI-XX əsrin əvvəllərində yazıb-yaratdıqları (ümumtürk abidələri) 431 əlyazmanın elmi-paleoqrafik təsviri daxil edilib. Bu əlyazma kitablarından bir neçəsi böyük özbək şairi Nəvai və klassik Azərbaycan ədəbiyyatının dahi nümayəndələrindən biri Məhəmməd Füzulinin əsərlərindən ibarət müştərək toplulardır. Yeni nəşr olunan kataloqda Azərbaycan şairləri Nəsimi, Kişvəri, Xətai, Füzuli, türk şairləri Baqi, Nabi, Naili, özbək şairi Nəvai, türkmən şairi Məhdumqulu və başqalarının divanları haqqında məlumatlar əks olunub. İnstitutun türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Azadə Musayevanın bildirdiyinə görə, həmin əsərlərin mətnlərindən bir neçəsi zəmanəmizə məcmuə halında gəlib çatsa da, bu kataloqda onlardan hər biri ayrılıqda təqdim edilmiş, hər bir əlyazmanın yaradıcıları, fərdi parametrləri, əvvəli və sonu, köçürülmə yeri və tarixi haqqında klassik üslubda müfəssəl təsvir edilib.
Kataloq klassik türkdilli poeziyanın tədqiqi ilə məşğul olan mütəxəssislər üçün əhəmiyyətli mənbə rolunu oynamaqla yanaşı, türkdilli Azərbaycan əlyazmalarının qeydə alınması işinin davamı kimi mühüm əhəmiyyət daşıyır, orta əsr türk şairlərinin şəxsiyyətini və yaradıcılığını təbliğ etməyə və müvafiq abidələrin müasir elmi tədqiqatlara cəlb olunmasına xidmət edir.