Daha bir tarixi fakt ermənilərin əleyhinə çıxdı

Son güncelleme: 04.02.2010 20:12
  • Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Şərqşünaslıq İnstitutundan məlumat verilib. Belə ki, 2009-cu ilin dekabrında Misirdə səfərdə olan institutun direktoru Gövhər Baxşəliyeva bu ölkənin Dar-yül-Kütub kitabxanasının kartoqrafiya şöbəsində olub. Orada müxtəlif tarixi dövrlərə aid 15 mindən çox coğrafi xəritə saxlanılır. G.Baxşəliyeva orada ötən əsrin qərbli alimləri, Avropa və Asiya kartoqrafları tərəfindən hazırlanan xəritələri aşkar edib. Qədim xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir və Ermənistanın hazırda tutduğu və iddia irəli sürdüyü ərazinin xeyli cənubunda yerləşdiyindən xəbər verir. Mənbənin sözlərinə görə, xəritə ötən əsrin əvvəllərində Parisdə hazırlanıb. Dəmir və naviqasiya yollarının əks olunması üçün nəzərdə tutulan xəritə Avropa və Asiya ölkələrini əhatə edir. Mənbə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında mübahisə doğuran torpaqlar xəritədə Azərbaycanın tərkibində göstərilib. Bu xəritə, həmçinin azərbaycanlı alimin digər kartoqrafik tapıntıları təkcə Qarabağın yox, həm də hazırda müasir Ermənistanın tərkibində olan Mehri, Qafan, Gorus, Sisyan, Vardenis, Krasnoselsk rayonlarının Azərbaycana məxsus olduğunu təsdiqləyir. Türkmənçay müqaviləsindən sonrakı dövrdə fars dilində tərtib edilmiş digər xəritəyə görə Azərbaycanın sərhədi Araz çayı boyunca İraq sərhədinə kimi gedir. Digər iki xəritə Amsterdamda (Niderland) tərtib edilib və Osmanlı imperiyasını əhatə edir. Belə ki, onlardan biri, 1595-ci ilə aid olan xəritə rəssam Yudukus Qundius tərəfindən hazırlanıb. O biri 1775-ci ildə rəssam Fridrix dü Vidin işləri əsasında hazırlanıb. Hər iki xəritə sübut edir ki, Ermənistanın hazırda yerləşdiyi torpağa heç bir aidiyyatı yoxdur. Həmin xəritələrdə Ermənistanın ərazisi xeyli cənubda yerləşib. G.Baxşəliyeva həmin xəritələrin surətlərini özü ilə gətirib. Şərqşünaslıq İnstitutu bu materialları dünya ictimaiyyətinin diqqətinə çatdırmaq niyyətindədir.

    Habil Yashar
#04.02.2010 20:12 0 0 0