Mən özümü sizdən üstün sayıram. Çünki sizə təsir edə bilirəm. Özümü qalib sanıram. Qələbə mənimdir. Hər birinizdə az da olsa varam. Məni lənətləyirsiniz, amma ondan sizə də pay düşür. Çünki mən sizəm! Olmadığım qəlb yoxdur! Məni qovmağa heç birinizin gücü çatmadı...
Allaha itaətə gecikdiniz, adına tənbəllik dediniz. Məni tanımadınız- Sevindim...
Bəziniz mənə tapındı- qürrələndim...
Hər gün ən azından bir dəfə mənim göstərdiyim yoldan keçdiniz- fərəhləndim...
Ucalıb Allaha dedim: "Yaratdığın ən kamil varlıq mənə uduzur"
Cavab gəlmədi. Bilirəm "Sən Cəhənnəmdə yanacaqsan" eşidəcəydim. Amma sevinmə, ey insan. Mən tək olmayacağam. Mən yananda sən də bir küncdə vicdanının səsində boğulacaqsan! Sən də odun içində olacaqsan! Düşünmə ki, eybi yox. Ordakı əzablar bitməzdir, daha ağrılıdır.
Mən Şeytanam. Lənətləyin məni! Amma içinizdən çıxarıb ata bilməzsiniz. Heç vaxt olmayıb ki, mən olmadan hansısa cəmiyyət qurulsun. İstədiniz. İstəyiniz əməllərinizlə uyuşmadı. Mənsiz cəmiyyətləri kağız üzərində yaratdınız, orda da qaldı.
Mən Şeytanam. Sən İnsansan.
Adım bəllidir, məlumam. Amma sənin içində məni heç kim tanımır. Heç sən də tanımırsan.
Bəziləriniz yoxsullara zülm edib haqqlarını aldınız. Dövlət, imperiya adlı oyuncaqlar qurdunuz. Rəhbər seçdiniz. amma məni də unutmadınız. Rəhbərinizin qəlbində də yer tutdum. Mənə müqavimət göstərmədi heç. Qanınızı, canınızı, malınızı əlinizdən aldı. Səsinizi də çıxartmadınız. Çünki nahaqqı sizə haqq kimi tanıtdırdım. Gözünüzü tutdum. Dolayısıyla rəhbəriniz mən oldum.
Mən Şeytanam. Məni heç kəs sevmir!
Siz cüt olanda yoldan çıxarmaq asandır sizi! Birinizin qəlbində varamsa, o birinizin də gözlərində varam. Baxdığınız onun deyil mənim gözlərimdi. Sevgi dediniz adına- amma çoxunda mən vardım.
Dostunuzun fikirlərinə girdim. Onu sən başqa gözlərlə gördün. Sənə dost yox, özümü- Şeytanı qazandırdım. Sən dostunu yox məni sevdin. Amma hələ də xəbərin yoxdur. Çünki mən Şeytanam. Məni heç kim tanımır.
Dilinizi mən idarə etdim. Acıladınız sevdiklkərinizi. Ele sözlər dedirtdim ki, uçurumlar qədər uzaqlaşdınız bir birinizdən. Elə hərəkətlər elətdirdim ki, indi utanırsınız. Utan, ey insan! Özündən utan! Mənim günahım yoxdur ki... Vəzifəm, məqsədim budur. Çünki mən sənin hər gün lənət oxuduğun Şeytanam!
Övladlarınıza yaxınlaşdım. "Ata-anan səni sevmir" dedim. İnandı. Sizə nifrət bəslədi. Əlinə düşən ilk imkanda qaçdı sizdən.
Valideynlərinizə yaxınlaşdım. "Övladlarınız sizdən ayrılarsa bədbəxt olacaq". Ata-ana ürəyi dözmədi. Sizi buxovlamağa çalışdılar. Siz də nifrət bəslədiniz...
Sevgililərə yaxınlaşmağa ehtiyac görmədim. Sevgi də mənim oyunumdur. Özünüzü belə unudubsunuz!.
Varlı insanlara " onlar sizin getdiyiniz yollarla getməyə layiq deyillər, onlar acdırlar". Özləri üçün ayrı yol seçdilər.
Aclara "Allah sizi sevmir, sevsəydi...". Namaz qılmağı dayandırdılar. Allaha asi oldular.
Gənclərə "sizə qulaq asmırlar. Öldürün, zorlayın, uyun". Axmaqlar, bəziləri dərhal inandılar.