Bakı şəhərində hava şəraitinin qeyri-sabit keçməsi nəticəsində bu gün Azərbaycan paytaxtından xaricə uçan bir sıra sərnişin aviareysləri sabahadək təxirə salınıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanından «APA-ECONOMICS»ə verilən məlumata görə, bu gün həyata keçirilməli Bakı-Kiyev marşrutu üzrə aviareys sabah saat 9:00-dək, Bakı-Rostov, Bakı-Tehran, Bakı-Aktau, Bakı-Tiflis və Bakı-Həştərxan marşrutları üçzrə aviareyslər isə sabah saat 14:00-dək təxirə salınıb: «Hava şəraiti imkan verərsə, sözügedən aviareyslərə qeydiyyat artıq saat 12:00-da başlayacaq və saat 14:00-da bu aviareyslər həyata keçiriləcək».
Hava Limanından həmçinin qeyd olunub ki, bu gün Bakıya gələn bir neçə aviareys də təxirə salınıb. Belə ki, təxirə salınmış aviareyslər sırasında Urumçi-Bakı, Odessa-Bakı, Donetsk-Bakı kimi aviareyslər mövcuddur: "Türk Hava Yolları" aviaşirkətinə məxsus İstanbul-Bakı aviareysi də hələ yerinə yetirilməyib. İstisna deyil ki, bu reys bu gün həyata keçiriləcək".
Qeyd edək ki, yerli hidrometeoroloji xidmətlərin məlumatına görə, qarlı hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.