Geyim Hədisləri, Qısa geyinmək, Təmiz saxlamaq, Paltarlarınıza uzlaşan boyalar.
İmam Musa (ə) buyurur: "Bu üç işə xüsusi diqqət yetirin: Paltarlarınızın topuqdan yuxarı olmasına, saçlarınızın az və təmiz qalmasına və şəriət qanunları çərçivəsində qadınlar ilə cinsi yaxınlıq etmək.
GEYİLMƏSİ HARAM OLAN PALTARLAR
Kişilərə ipək parçadan tikilmiş və qızıldan istifadə olunmuş paltarları geyinmək haramdır. Yaxşı olar ki, pambıq, çit, kətandan tikilən paltarlardan, ipək sap və parçalardan istifadə olunmasın. Habelə araqçın, kisə və övrəti örtən parçanın da (fitə) ipəkdən olmaması məqsədə uyğundur.
Paltarın tikilişində istifadə olunan dəri, şəri yolla kəsilmiş heyvanın dərisindən olmalıdır və daha yaxşı olar ki, çox istifadə etmədikləri heyvan dərisindən (məsələn at, uzun qulaq) istifadə olunmasın. Namaz qılanın paltarı əti haram olan (və ya öldükdən sonra kəsilən) heyvanın dərisindən, tükündən və başqa bədən üzvlərindən olmamalıdır. Alimlər arasında sincab, dələ, samur kimi xəz dərili heyvanların dərisindən hazırlanmış paltarların geyilməsinə dair fikir ayrılığı vardır. Amma daha yaxşı olar ki, insan yuxarıda adları çəkilən heyvanların dərisindən hazırlanmış paltarlardan imkan daxilində istifadə etməsin.
Peyğəmbərin (səlləllahu əleyhi və əlihi vəsəlləm) Əliyə (əleyhissələm) bu haqda etdiyi tövsiyələrin birində buyurulur: Ey Əli! İpək paltardan və qızıl əşyalardan uzaq ol! Bu sənin cənnət bəzəklərindən olacaqdır.
PALTARLARIN RƏNGLƏRİ
Paltar üçün ən yaxşı rəng ağ, sarı, yaşıl, açıq qırmızı, göy və mərciməyi rənglərdir. Xoşa gəlməyən rənglərsə bunlardır: Qara, tünd qırmızı (xüsusi ilə namazda). Amma əba, əmmamə və ayaqqabının qara rəngdə olmasının qəbahəti yoxdur (məkruh deyil!). (daha yaxşı olar ki, bunlar da qara rəngdə olmasın).
Allahın Peyğəmbəri (s) buyurur: "Ağ rəngli paltarlar geyin, ölülərinizi də bu rəngli parçalarla kəfənləyin. Çünki, bu, rənglərin ən gözəlidir".
Həmçinin ağ paltar geyilməsinin müstəhəb və bəyənilən işlər sırasında olması bir tərəfdən gözəllik, başqa tərəfdən isə tər-təmizlik üçündür. Çünki ağ paltar çirki daha yaxşı və tez göstərir. Bu barədə çoxlu rəvayətlər bizə çatmışdır. "ilbəsul-bəyazə fə innəhu ətyəbu və əthər" - Ağ paltar geyin, gerçəkdən o, tər- təmizdir" (Vəsail cild1 səh80)
Rəsuli-Əkrəm (s) Öz səhabələrinin yanına getmək istəyəndə güzgüdə Özünə baxar, saçlarını səliqəli şəkildə darayıb buyurardı ki, Uca Allah dostlarının hüzuruna gedəndə özünü səliqəyə salıb bəzəyən qulunu sevir" (Yəni ağ paltar geysin ki, daha gözəl və təmiz olsun) (Vəsail cild1 səh 287)
Qurani-Kərim gözəllik vasitələrinin yaradılmasını Allahın öz qullarına qarşı lütf və mərhəməti kimi qeyd edir, bir kəsin dünya nemətlərinin və bəzəklərinin özünə haram (yasaq) etməsini şiddətlə tənqid atəşinə tutur və buyurur: "Qul mən hərrəmə zinətəllahil-ləti əxrəcə li ibadihi vət-təyyibati minər-rizq" "De, kim Allahın Öz qulları üçün yaratdığı bəzəkləri və təmiz ruziləri haram etmişdir?" Əraf surəsi, 32-ci ayə.
İslam tarixində qeyd olunur ki, bizim təmiz və məsum imamlarımız sufiliklə ciddi mübarizə aparır, həmin ayəyə əsasən onların məramlarını batil və əsassız sayırdılar.
Əmirəl-möminin Əli (ə) buyurur: "İnnəllahə cəmilun və yuhibbul-cəmalə"-Allah gözəldir və gözəlliyi də sevir.
İmam Sadiq (ə) buyurur: "Allah gözəldir və istəyir ki, Öz qulunu bəzəyib gözəlləşdirsin. Bunun əlsinə olaraq, fəqirliyi və özünü fəqir göstərməyi sevmir. Əgər Allah sizə bir nemət inayət etsə, gərək o nemətin əlamətlərini sizin yaşayışınızda aşkar və zahir olsun". O Həzrətə dedilər: Allahın nemətinin əlaməti necə zahir olur? Həzrət buyurdu: belə zahir olur ki, kəsin pal-paltarı tər-təmiz olsun, ətirlənsin, öz evini gəc ilə ağartsın, evin çöl tərəfinin toz-torpağını təmizləsin, hətta gün batmazdan öncə çıraqlarını yandırsın. Çünki, bu işlər ruzini artırar.
Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: "Tənəzzəhu və la təşəbbəhu bil-yəhud" (tər-təmiz olun və özünüzü yəhudilərə oxşatmayın!)
Sonra Həzrət buyurur ki, yəhudi qadınlar ona görə zinakar olmuşdular ki, onların ərləri çirkin halda gəzir və həyat yoldaşları tərəfindən rəğbətlə qarşılanmırdılar. Siz özünüzü tər-təmiz edin ki, qadınlarınız da sizə qarşı rəğbətli olsunlar". (Nəhcül-fəsahə)
Yaxşı olar ki, qəm-qüssəyə səbəb olan tünd rəngli paltarlardan istifadə edilməsin. Tünd rəngli paltarlardan adətən yas mərasimlərində istifadə olunar, bu səbəbdən də ibadət zamanı belə paltarlardan istifadə etmək məsləhət deyildir. Ibadət edərkən toy və şənlik məclislərində geyinilən paltarlardan istifadə etmək bəyənilmir. Çünki, şənlik mərasimlərində istifadə olunan paltarlar adətən güllü (bəzəkli) və cəlbedici rənglərdə olur. Deməli insan ibadət etdiyi zaman ən sadə və təmiz paltarlarını geyinməlidir.
PALTAR GEYİNMƏYİN SAİR QAYDALARI
Yaşadığı cəmiyyətdə islahatlar aparan Həzrəti Məhəmməd (səlləllahu əleyhi və əlihi vəsəlləm) təbii ki, insanların geyiminə də diqqət yetirməli idi. Ərəbistan yarımadasında və ərəblər yaşayan başqa məntəqələrdə hələ qədim zamanlardan bəri uzun paltarlardan (əba, qəba) istifadə olunurdu. İslamı qəbul etmiş ərəblər ictimai məsələlərdə bəzi çətinliklərlə qarşılaşırdı. Bu səbəbdən də Peyğəmbər (s) onlara istər şərii, istərsə də ictimai məsələlərdə müəyyən göstərişlər verməli idi.
Paltarların qısaldılması haqqında verilən göstəriş təmizlik üçündür. Amma ərəblər öz paltarlarını o qədər uzadardılar ki, yerlə sürünər və toz-torpaq yığırdı. Bu da Rəsuli-Əkrəmə nazil olan ilk ayələrdə bəyan olundu: "Və siyabəkə fətəhhir" (öz paltarını tər-təmiz saxla) Əraf surəsi, 32-ci ayə.
Peyğəmbərin (s) islama yeni girmiş müsəlmanlara etdiyi tövsiyələrdən biri də geyim haqqında idi. O, bu məsələni belə izah edərdi:
"Həddindən artıq uzun və gen-dar paltarlar geyinməyin. Qəbanın ətəyi ayaq sümüklərinə qədər (dizlə topuğun arası) qolları isə biləyə qədər olmalıdır. Qadınların üst paltarları isə topuqlarına çatmalıdır. Yəhudilər və məsihilər kimi yerlə sürünən uzun paltarlar geyinməyin, bilin ki, bu cəhənnəm əhlinin paltarlarıdır. Adi havalarda pambıq, soyuq havalarda isə yun paltarlar geyinin. Paltarlarınız yaraşıqlı və bahalı olduğu halda qürurlanmayın. Uca Allah sadə və əməli-saleh insanları sevər, ürəyində azacıq da olsa qürur və təkəbbür duyğusu olanları isə əbədi cəhənnəmdə məskunlaşdırar.
ƏMMAMƏ QOYMAĞIN FƏZİLƏTLƏRİ
Başa əmmamə qoymaq Peyğəmbərin (s) sünnələrindən biridir. Yaxşı olar ki, əmməmənin bir ucu çənənin altından keçirilib çiyinə atılsın.
Peyğəmbərdən (s) bu haqda buyurur: "Əmmamə ərəbin tacıdır. Əgər onlar əmmamə qoymaqdan çəkinərlərsə, malik olduqları şərəf və izzətdən məhrum olarlar".
İmam Rza (ə) buyurur: "Həzrəti Peyğəmbər (s) əmmaməsinin bir ucunu sinəsinə, o bir ucunu da çiyininə atardı. Dədəm Əli (ə) başına qoyduğu əmmaməni ilk dəfə Peyğəmbər (s) öz mübarək əlləri ilə sarıdı və sonra buyurdu: And olsun Allaha! Sənin bu əmmamən mələklərin başına qoyduqları əmmaməyə bənzəyir".
İmam Məhəmməd Baqir (ə) buyurur: "Bədr döyüşündə iştirak edən mələklərin başına ağ əmmaməsi var idi. Onlar Allahın əmri ilə cihad etdilər".
"Fiqhur-rza"da deyilir: "Yaxşı olar ki, insan əmmamə qoyduğu zaman bu duanı oxusun".
(Bismillahi əllahummərfə zikri və əli şəni və əizzəni bi izzətikə və əkrimni bi kərəmikə beynə yədəykə və beynə xəlfikə əllahummə təvvicni bi tacil kəraməti vəl izzi vəl qəbul)
Peyğəmbər (s) buyurur: "Camaat papaq və ya əmmamə qoymağı özlərinə ar bildikləri zaman zinakarların sayı çoxalar və pozğunluq adi hala çevrilər".
ALT PALTAR GEYİLMƏSİ
İmam Hüseyin (ə) buyurur: "Uca Allah həzrət İbrahimə vəhy edərək buyurdu: Ya İbrahim! Yer Mənə övrətinin görsəndiyindən şikayət edir. Övrətin və yer arasında bir maneə (pərdə) qoy! (o zamanlar görünür indiki alt paltarlardan istifadə olunurmuş). Həzrət İbrahim bundan sonra özü üçün dizinə qədər bir alt paltarı düzəltdi".
Rəvayətlərin birində deyilir: "Allaha iman gətirmiş hər bir müsəlman övrətini başqalarından qorumalı və alt paltarını geyindiyi zaman ayaq üstə durmamalıdır. Əks təqdirdə etdiyi ibadətlər üç gün qəbul olunmaz".
Həzrət İmam Əli (ə) buyurur: "Peyğəmbər köynəyini alt paltardan öncə geyinərdi və səhabələrinə təkidlə buyurardı ki, üzü və ya arxası qibləyə tərəf və başqalarının qarşısında alt paltarlarını geyinməsinlər".
YENİ PALTARLARIN GEYİLMƏSİ
Peyğəmbər (s) və imamlardan (ə) nəql olunmuş hədis və rəvayətlərdə yeni paltar geyilərkən bəzi duaların oxunması tövsiyə edilmişdir. Məsələn: imam Məhəmməd Baqir (ə) bu duanın oxunmasını tövsiyə edərdi:
(Əllahumməcəlhu səvbə yumni və tuqa və bərəkətə əllahummərzuqni fihi husnə ibadətikə və əmələn bi taətikə və ədaə şükrə nemətikə əlhəmdu lillahil-ləzi təsani ma uvari bihi ovərti və ətəcəmməlu bihi finnas)
İmam Əli (ə) Peyğəmbərdən (s) öyrəndiyi bu duanı oxuyardı:
(Əlhəmdu lillahil-ləzi kəsani minəl libasi ma ətəcəmməlu bihi finnas Əllahumməcəlha siyabə bərəkətin əsa fiha limərzatikə və əmruhu fiha məsacidəkə)
İmam Hüseyin (ə) buyurur: "Yeni paltar aldığınız zaman bir qab su doldurub otuz iki dəfə "Qədr" surəsini oxuyun, sonra həmən sudan yeni aldığınız paltarın üzərinə səpin. Əgər belə edərsinizsə ruziniz bol, paltarınız isə davamlı olar".
Başqa bir hədisdə deyilir: "Yeni paltar geyərkən "La ilahə illəllah, Məhəmmədər-rəsulullah" desəniz istəkləriniz tez bir zamanda həyata keçər".
İmam Əli Musa oğlu "Rza" (ə) yeni paltar geyinərkən köhnə paltarlarını sağ tərəfinə qoyub "Ayətəl-kürsi", "İxlas" və "Kafirlər" surələrini on dəfə oxuyardı.
İmam Əli (ə) buyurur: "Uca Allah sizə yeni paltar nəsib etdiyi zaman iki rükət namaz qılın və hər rükətdə Ayətəl-kürsi", "İxlas, "Həmd" və "Qədr" surələrini oxuyun. Sonra Uca Allaha övrətinizi örtdüyü və sizə bəzək verdiyi üçün çükr edib dəfələrlə "La hövla və la quvvətə illə billəhil-əliyyul əzim" sözlərini təkrar edin".
PALTAR SOYUNUB-GEYİNMƏYİN SAİR QAYDALARI
İmam Əli (ə) buyurur: " Kişilər soyunduğu zaman Şeytan onlara baxar yoldan çıxarmaq istər və günaha sövq edər. İstər kişi olsun istərsə də qadın camaat arasında soyunmamalı və soyunduğu zaman üzü və arxası qibləyə tərəf olmamalıdır. Paltarlarınızı çıxardığınız zaman "Bismillah" deyin ki, Şeytanın vəsvəsəsindən uzaq olasanız".
İmam Sadiq (ə) buyurur: "Qadınlar bədənlərini tam örtməli və başqalarının yanında cəlb edici nazik parçalardan tikilmiş paltarlar geyinməməlidirlər. Baş örtüyünün isə dirsəklərə qədər olması məsləhətdir".
İshaq Əmmar oğlu, İmam Sadiqdən (ə) soruşur: "Ehtiyacı ödəyən miqdardan artıq paltara pul xərcləmək israfmıdır? İmam Sadiq (ə) cavabında buyurur: Xeyr, bu israf deyildir!. İsraf ona deyilir ki, paltar bəzək məqsədi ilə deyil, başqa məqsədlər üçün istifadə edilmiş olsun.
İmam Məhəmməd Baqir (ə) buyurur: Paltarlarınızı təmiz və səliqəli saxladıqda, həm Uca Allahın razılığını qazanmış, həm də düşmənlərinizi rahatsız etmiş olarsınız.
Əli (ə) buyurub: "Lutun (ə) xalqı bir neçə mənfi xüsusiyyətə malik idi. Onlar günlərini əyləncə məqsədi ilə ox atmaqla keçirər, yol gedərkən yerlə sürünən uzun paltarlar geyinər və daim qəndəran çeynəyərdilər".
İmam Sadiqin (ə) səhabələrindən biri Onun yanına gəlir. O, imam Sadiqin (ə) əbasında yamaq gördükdə çox təəccüb edir. İmam Sadiq (ə) qarşısındakı kitabı ona verib oxumağını istəyir. Orada bu sözlər yazılmışdı: Utancı olmayan kəslərin inancı da olmaz. Maddi çatışmamazlıq içində yaşayanlar öz ehtiyaclarını ödəmək iqtidarında olmazlar. Yeni paltarı olmayan kəslərin köhnə paltarları da olmaz.
Əli (ə) buyurur: "Mən öz paltarlarıma o qədər yamaq vururdum ki, Özüm də dərzidən utanırdım".
İmam Sadiq (ə) buyurur: Paltar və ayaqqabısına yamaq vuran kəslərin qazancı bol, yaşayışları isə əmin-amanlıq içində olar. Onlar təkəbbürdən uzaq olan Allahın əməli-saleh qullarıdırlar".
KİŞİ VƏ QADINLARA, KAFİRLƏRƏ XAS OLAN PALTARLARIN GEYİLMƏSİ
Kişilər qadın, qadınlar isə kişi paltarları geyinməməlidirlər. Allaha inanan hər bir müsəlman öz düşmənlərinin paltarlarını geyinməməli və bu işi özlərinə haram bilməlidirlər.
İmam Baqir (ə) buyurur: "Qadınlar özlərini kişilərə, kişilər də qadınlara oxşatmamalıdırlar. Dədəm Həzrəti Məhəmməd (səllallahu əleyhi və əlihi və səlləm) belə kəslərə lənət oxuyardı.
İmam Sadiq (ə) buyurur: "Ö böyük ALLAH Öz peyğəmbərlərindən birinə vəhy edərək buyurur: "İnananlara de ki, düşmənlərimin paltarlarını geyinməsinlər və onların yeməklərini yeməsinlər. Əks halda, onlar da düşmənlərimin yolunu davam etdirib onlardan birinə çevrirərlər".
AYAQQABILARIN, NƏLEYN VƏ ÇƏKMƏNİN RƏNGLƏRİ
Gündəlik istifadə olunan ayaqqabılar üçün ən uyğun rəng ağ və sarıdır. Uzunboğaz çəkmələr isə yaxşı olar ki, qara rəngdə olsun. Uzaq yerlərə gedərkən yaxşı olar ki, qırmızı rəngli ayaqqabılardan istifadə olunsun. Yaxşı məsafələr üçün isə bu rəngli ayaqqabılar heç də əlverişli deyildir. Nəleynin qabaq və arxa bölümü yaxşı olar ki, bir qədər hündür orta bölümü isə azacıq batıq olsun. Nəleyn üçün isə ən uyğun rəng ağ və sarı rənglərdir.
Əli (ə) buyurur: "Rahat ayaqqabı geyinmək insana rahatlıq gətirər və onu bir çox xəstəlikdən qoruyar".
İmam Sadiq (ə) buyurur: "Nəleyndən ilk dəfə istifadə edən kəs həzrət İbrahim olmuşdur. Onun nəleyni ağ və ya sarı rəngdə olardı".
Başqa bir hədisdə deyilir: "Daim qara və kiçik ayaqqabı geyinən insanın görmək bacarığı zəifləyər. Sarı və ağ rəngli ayaqqabılar isə hafizənin güclənməsinə və əhval-ruhiyənin yaxşılaşmasına səbəb olar.
Uca Allah sarı rəngi Qurani-Kərimdə belə vəsf etmişdir.
(Səfrau faqiun ləvnuha təsurrun nazirin)
([Sizə əmr olunan inək] tünd sarı rəngdədir. Ona baxanların zövqünü oxşayır)
Sarı və ağ nəleyn haqqında nəql olunmuş başqa bir hədisdə deyilir: "Açıq rəngli nəleyn geyinən kəslərin ruzisi bol, gətirdikləri var-dövlət də halal yol ilə toplanar".