Yuxu

Son güncelleme: 06.02.2010 22:44
  • Gündəlik həyatımızda həm yuxularımızı, həm də məişətdə rastlaşdığımız hadisələri yozarkən bir çox hallarda ciddi yanlışlıqlara yol veririk.

    Bu da ondan qaynaqlanır ki, yaşadığımız həyatla yuxuda gördüyümüz həyatın dilləri arasında böyük fərqlər var. Zahirən mənfi görünən olaylar əslində çox müsbət nəticələr doğura bilər, əlbəttə. Bizim pessimist istiqamətə yozduğumuz yuxu əslində gələcəkdə baş verəcək gözəl hadisələrin işarəsi ola bilər. Bəzən də bunun tam əksi baş verir: zahirən gözəl görünən bir hadisə pis bir olayın "qaranquşu" olur. Məsələn, deyək ki, yuxuda evinizi su basdığını görürsünüz. Siz bunu mənfi yöndə yoza bilərsiniz. Ancaq bu sizin səyahətə çıxacağınıza, müvəqqəti olaraq evinizdən bir müddət ayrı qalacağınıza, nəticə etibarilə həyatınızın bərəkətlənəcəyinə işarədir.
    Başqa bir nümunəyə diqqət yetirək: yuxuda bir binanın uçub dağıldığını görürsünüz. Hadisənin yozumu baxımından bu, o deməkdir ki, müvəqqəti sarsıntı yaşayacaqsınız. Yəni, əgər səbəb yanğın deyilsə, uçub dağılma hadisəsinin yozumu yenidən dirçəlmək deməkdir. Sel daşqınından da eyni mənanı çıxarmaq olar. Burada müvəqqəti narahatlıqdan söhbət gedir, bunun ardınca isə xeyir-bərəkət gəlir.
    Bütün bunlar o deməkdir ki, yuxu yozmaq mütəxəssis işidir. Hər kəs bu işlə məşğul ola bilməz və olmamalıdır da. Bu işin mütəxəssisləri yuxu yozumu sahəsi üzrə elmi ədəbiyyatdan, xüsusilə də, Quranın yuxu ilə bağlı ayələrindən, Peyğəmbər Əfəndimizin (s.ə.s.) hədislərindən xəbərdar olmalı, eləcə də mənəvi dünyanın reallıqlarını qəbul etməli və görməlidirlər. Bunları bilmədən hər hansı yuxu haqqında dəqiq yozum etmək qətiyyən doğru deyil. Düşünmək lazımdır ki, kiminsə yuxusunu səhv yozmaqla həmin insanın həyatının səhv istiqamətlənməsinə səbəb ola bilərsiniz.

    Pis yuxu gördükdə nə etməliyik?

    Xüsusilə vurğulamaq lazımdır ki, pis və qorxulu ünsürlərlə dolu və mənfi düşüncələrə rəvac verən yuxuları başqalarına danışmaq doğru deyil. Haqq dostu olan yuxu yozucularının fikrincə, yuxular bir çox hallarda yozulduğu formada çin olur, sanki yozumlar dua yerinə keçir. Ona görə də gördüyünüz yuxuları bu işin əhli olmayan insanlara əsla danışmayın. Bəzi yuxular isə danışdığınız insana qorxu verə, onları depressiyaya sala bilər. Buna da yol vermək olmaz.
    Bəzən evimizin damına bir bayquş qonub, ulamağa başlayır. Nə qədər qovsaq da onu oradan uzaqlaşdıra bilmirik. "Görəsən, bunun mənası nədir? Bayquşun ulamağı xeyrə əlamət deyil", - deyib narahat oluruq. Ola bilsin ki, bu, hansısa mənanı ifadə edir. Ancaq bu, o demək deyil ki, səni hansısa böyük fəlakət gözləyir. Belə bir hadisə ilə rastlaşdıqdan sonra hansısa fəlakəti gözləmək möminə yaraşmaz. Çünki fəlakətə adaptasiya olan insan depressiyaya düşür, ruhu daralır, gərginləşir.
    Tutaq ki, pis bir yuxu görmüsünüz. Onu başqasına danışmaqdansa, Allaha (c.c.) təvəkkül edin, "Allahım, məni hər cür bəla-müsibətdən qoru. Əgər bu gördüyüm yuxu hansısa müsibətin siqnalıdırsa, qəzəbindən rəhmətinə sığınıram. Sənin dərgahından savayı, əl açacağım ikinci qapı yoxdur", - deyə dua edin. Əsla panikaya düşməyin, ümidinizi itirməyin, imanınıza sarılın. Unutmayın ki, hər şey Allahın (c.c.) əlindədir, Onun iradəsindən kənar heç nə yoxdur. Bu məqamda Rəsulullahın (s.ə.s.) hədisini də unutmayaq: "Xoşunuza gəlməyən bir şey görəndə üç dəfə sol tərəfinizə tüpürün və üç dəfə "əuzü billahi minəşşeytanirracim" deyin və onu heç kimə danışmayın". İslamın mühüm şüarlarından olan "az sədəqə çox bəlanın qarşısını alır" həqiqətini də yadınızdan çıxarmayın. Verdiyiniz sədəqənin miqdarından asılı olmayaraq özünüzü böyük müsibətlərdən sığortalaya bilərsiniz. Yetər ki, sədəqə verərkən səmimi olun.
    Qısacası, yuxu və hadisələrdən düzgün nəticə çıxarmaq, başımıza gələn hər olaya pessimist məna vermək doğru deyil. Hər olay qarşısında ümidli olmaq möminin ən əsas xüsusiyyətlərindəndir. İslamda yuxu yozumu qadağan edilməyib. Sadəcə olaraq, dinimizə görə, yuxu yozumu ilə o işin əhli olanlar məşğul olmalıdırlar. Mömin isə hər şeyin mütləq sahibinin Allah (c.c.) olduğuna tam səmimiyyəti ilə inanmalı, arzu və istəklərini Ondan istəməli, Ona yalvarmalıdır. Bununla belə, mömin həyatın qaydalarına riayət etməli, bütün işlərini halal çərçivədə görməli, nəticəni isə Allaha (c.c.) həvalə etməlidir.
#06.02.2010 22:44 0 0 0