FHN sürücülərə Bakı-Şamaxı yolunun mürəkkəb sahələrinin faktiki olaraq bağlı olması səbəbindən bu yoldan istifadə etməməyi tövsiyə edir
Fevral ayının 5-i saat 17:00-dan başlayaraq, fevral ayının 6-sı bütün gecə və gün ərzində Fövqəladə Hallar Nazirliyinin xilasedici qurumlarının gördüyü tədbirlər nəticəsində Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsinə qədər olan ərazisində qarda batıb qalmış avtomobillərdən 80 nəfərdən artıq şəxs xilas edilərək Müşfiqabad qəsəbəsinə və Bakı şəhərinə çatdırılıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən və bu gün, həmçinin, Bakı-Şamaxı yolunun 55-ci kilometrliyindən sonra olan sahədən 42 nəfər şəxs xilas olunaraq Şamaxı şəhərinə çatdırılıb. Yolun tam bağlanması səbəbindən həmin yolun 35-45-ci kilometrliyində müxtəlif avtomaşınlarda qalmış 70-dən çox şəxs xilas olunub.
Bakı-Şamaxı yolunun 40-cı kilometrindən 40 nəfər şəxs götürülərək Bakıya gətirilib. 55-ci kilometrindən sonra olan sahədən 42 nəfər şəxs götürülərək Şamaxı şəhərinə aparılıb. Hazırda həmin yolun 35-45-ci kilometrliyində müxtəlif avtomaşınlarda qalmış 30-dan çox şəxsin xilas olunması üçün nazirliyin xilasediciləri və Sərhəd Qoşunlarının şəxsi heyəti müvafiq tədbirlər görür.
Hövsan-Zığ şosesində qalmış avtomobillərdən isə səhər saat 4-6 radələrində 106 nəfər şəxs xilas olunaraq nazirliyin Mülki müdafiə qoşunlarının Zığ qəsəbəsindəki hərbi hissəsinə yerləşdirilib.
Mərdəkan şosesi və Pirallahı qəsəbəsi arasında yolun bağlanmış hissəsində qalan avtomobillərdən 66 nəfər şəxs çıxarılaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna aparılıb. Qalan 50-yə yaxın vətəndaşın çıxarılması üçün əlavə tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyi vətəndaşlardan xahiş edir ki, kəskin hava şəraiti ilə əlaqədar zərurət olmadığı halda şəxsi avtomobillərindən istifadə etməsinlər və Bakı-Şamaxı yolunun mürəkkəb sahələrinin faktiki olaraq bağlı olması səbəbindən bu yoldan istifadə etməsinlər. Fövqəladə Hallar Nazirliyi çətin vəziyyətə düşən vətəndaşlardan xahiş edir ki, 112 zəng mərkəzinə təcili məlumat versinlər.