Mədəniyyət və Turizm Nazirliyi Qara Qarayev haqqında kitab çap etdirib.
Azərbaycan Bəstəkarlar İttifaqında dünya şöhrətli bəstəkar Qara Qarayevə həsr olunmuş "Qara Qarayev tələbələrinin xatirəsində" kitabının təqdimatı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin çap etdirdiyi kitabda Qara Qarayev haqqında söylənilən fikirlər, eyni zamanda, dahi bəstəkarın öz müəllimləri, tanınmış musiqiçilər barədə fikirləri yer alıb.
Müxtəlif dövrlərdə dahi bəstəkarın sinfini bitirmiş tələbələrinin xatirələrinin belə nəfis kitab-albomda toplanması təkcə sənət adamları üçün deyil, bütün musiqisevərlər üçün qiymətli hədiyyədir. Kitab Qara Qarayevin irsini araşdıranlar üçün də böyük mənbə ola bilər.
Qara Qarayev dünya musiqi mədəniyyəti üçün əvəzsiz töhfə hesab edilən əsərlərin müəllifi olmaqla yanaşı, həm də böyük pedaqoq idi. O, 40 illik pedaqoji fəaliyyəti dövründə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda ustad kimi tanınan onlarla bəstəkar və musiqişünas yetişdirib. Tələbələri Qara Qarayevi həm müəllim, həm də insan kimi həmişə böyük hörmət və ehtiramla yad ediblər.
Tədbirdə dahi bəstəkarın əsərlərindən nümunələr səslənmiş, həyat və yaradıcılığını əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunmuşdur.