Türk Dünyası Kino Günləri

Son güncelleme:
  • Türkiyə bu gündən etibarən İstanbul Universitetinin Avrasiya İnstitutu tərəfindən təşkil edilən IV Türk Dünyası Kino Günlərinə (TDSG) ev sahibliyi edəcək.

    Lent.az-ın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, fevralın 15-dən 18-ə qədər keçiriləcək festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Sincan Uyğur Avtonom Bölgəsi, Başqırdıstan və Tatarıstan Respublikalarından olan 39 film tamaşaçılara təqdim olunacaq. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul Bələdiyyəsi, Mədəniyyət AŞ, TİKA və TÜRKSOY-un da dəstəklədiyi festivalda, İstanbulun 2010 Avropa Mədəniyyət Paytaxtı olmasından da qaynaqlanaraq, türk xalqlarının a ən məşhur sənəti olan kino vasitəsilə İstanbulda tanıdılması məqsədi qarşıya qoyulub.

    İstanbul Universiteti Avrasiya İnstitutunun müdiri Həyati Tüfəkçioğlunun başçılıq etdiyi festivala Qazaxıstan əslli rejissor Assanali Aşimov fəxri qonaq olaraq qatılacaq. Səkkiz illik fasilədən sonra dördüncü dəfə keçiriləcək festival sayəsində Türkiyədəki kinosevərlərin Orta Asiya və Türk respublikalarındakı kino sektorunu daha yaxından tanıyacağını söyləyən Tüfəkçioğlu "Türkiyədə dinamik bir kino sektoru var. Bunlara Qərbdən və Hollyvoddan nümunələr göstərilir. Ancaq kimsə istiqamətləndirməsə, bu insanların Türk dünyasındakı filmləri görmək imkanı yoxdur. Biz bu baxımdan kiçik də olsa, bir töhfə vermək istədik. Türk kinosu tamaşaçısına Qərbdən əlavə Şərqdə də çox ciddi bir kinonun olduğunu göstərmək istəyirik" - deyə bildirib.

    Tarixi filmlərlə yanaşı, müasir kinodan da nümunələrin izlənilə biləcəyinə diqqət çatdırıb.

    Türk Dünyası Kino Günlərinin açılışı və qala gecəsi bu gün İstanbul Universitetinin Cəmil Bilsəl Salonunda baş tutacaq. Dörd gün davam edəcək festivalda 39 film nümayiş olunacaq. Film nümayişlərindən əlavə açıq iclaslar və müxtəlif sərgilər də keçiriləcək.

    Festivalda göstəriləcək filmlər müxtəlif festivallarda iştirak etmiş və bir çoxu mükafatlar qazanmış ekran əsərləridir. Uzun və qısa metrajlı, sənədli filmlər kateqoriyalarından ibarət olan nümayişlərin hamısı ödənişsiz olaraq izləniləcək. Özbəkistandan "Dəliqanlı", Tatarıstandan "Qartallar", Azərbaycandan "Məhkumlar", Türkiyədən "Gülə-gülə", Başqırdıstandan "Quş Ayağı rəhmət" və digər filmlər tamaşaçılar tərəfindən izlənilə biləcək. Festivalın ilk filmi "Köçərilər" bu gün göstəriləcək.
0 0 0