Rail Rzayev

Son güncelleme: 17.02.2010 12:25
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı - Azərbaycan Respublikası müdafiə nazirinin müavini, general-leytenant Rail Qurban oğlu Rzayev 10 mart 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur.

    1962-ci ildə Sumqayıt şəhərindəki 6 nömrəli orta məktəbi bitirdikdən sonra SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Orconikidze radiotexnika məktəbində təhsil almağa başlamışdır.

    Rail Rzayev 1966-cı ildə həmin məktəbi bitirərək, həqiqi hərbi xidmətini davam etdirmək üçün Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Hərbi Dairəsinə göndərilmişdir. O, burada baş texnik, daha sonralar isə hərbi hissədə batareya komandirinin müavini və divizion komandirinin silahlanma üzrə müavini vəzifələrində xidmət etmişdir.

    1975-ci ildə Rail Rzayev keçmiş SSRİ-nin marşal Georgi Jukov adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasına daxil olmuşdur. Akademiyanı bitirdikdən sonra "N" hərbi hissəsində divizion komandiri vəzifəsində xidmət göstərməyə başlamışdır. O, 1980-1992-ci illərdə müxtəlif hərbi hissələrdə hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri vəzifələrini tutmuşdur. Keçmiş sovet silahlı qüvvələrində ştatların ixtisarına görə o, ordu sıralarından ehtiyata buraxılmışdır.

    1992-ci ildən etibarən Rail Rzayev Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərməyə başlamışdır. O, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı - idarə rəisi vəzifəsinə təyin olunmuşdur. Rail Rzayev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 1993-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmiş və ömrünün sonunadək bu vəzifədə xidmət etmişdir.

    Rail Rzayev 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələrini almışdır. Tutduğu vəzifələrdən asılı olmayaraq, Rail Rzayev özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıtmışdır. Müstəqil Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının yaradılması və formalaşdırılmasında onun böyük əməyi olmuşdur.

    Rail Rzayevin Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.

    Rail Rzayev 2009-cu il fevral ayının 11-də ömrünün 64-cü ilində faciəli surətdə həlak olmuşdur.
    Allah rəhmət eləsin...
#17.02.2010 12:25 0 0 0