Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy), 24 iyun 1938-ci ildə Naxçıvan MR-nın Ordubad rayonunun Kələki kəndində anadan olub.
7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib.
Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy Əsvan bəndinin tikintisində tərcüməçi kimi çalışıb (I.1963 - X.1964). Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olur və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayəb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi-alimlik dərəcəsi alıb (1969). BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).
Elçibəy 1975-ci ilin Yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 İyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.
Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin Dekabrında indiki Azərbaycan EA Əlyazmalar İnstitutu-nda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbe və vəzifələrinə qədər yüksəlir (16.07.1992-ci ilədək).
Klassik və müasir ərəb dilini, İslam dininin əsaslarını, Şərq ölkələrinin elm, tarix, fəlsəfə və mədəniyyətini incəliklə bilən ən ciddi alimlərdən sayılan Əbülfəz Elçibəy Azərbaycan tarixşünaslıq və şərqşünaslığında indiyədək öyrənilməyən sahələrdə çox dəyərli və əsaslı elmi araşdırmalar aparıb. Onun 40'dan artıq sanballı elmi əsəri nəşr edilib. Bunların içərisində BDU-nun "Elmi əsərlər»ində, EA-nın "Xəbərlər»ində, "Əlyazmalar xəzinəsində» toplusunda və b. nəşrlərdə çıxan Əhməd ibn Tulun və Tulunilər dövlətinin yaranması (1967), Abbasilər xilafətinin tənəzzülü və parçalanmasına dair (1968), 9-10'cu əsrlər Ərəb-Misir ədəbiyyatı haqqında (1971), Tulunilər dövləti və Qərmətilər (1971), Abbasilər xilafətinin parçalanması və feodal dövlətlərinin yaranmasına dair (1971), 9-cu yüzilliyin 2-ci yarısında Misirdə sənətkarlıq və ticarət (1972), Hənəfilik və onun əsas qaydaları (1986), Əhməd Tantarani Maraği və onun Tantaraniyyə qəsidəsi (1987) və b. bir çox monumental tədqiqatlarını göstərmək olar.
Görkəmli alimin bütünlüklə yeni düşüncələr toplusu olan kitabları: Tolunoğulları dövləti (868-905) (İstanbul, 1997) və Bütöv Azərbaycan yolunda (İstanbul, 1998) dünya şərqşünaslıq elminə dəyərli töhfədir.
Əbülfəz Elçibəy, hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparmış, gizli tələbə dərnəkləri yaratmış və azadlıq ideyalarını geniş şəkildə yaymışdır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988'ci ildə Azərbaycan Xalq hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri oldu.
O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (İyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edildi (18 Oktyabr 1991).
Əbülfəz Elçibəy, təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.
Elçibəy 22 Avqust 2000-ci ildə Türkiyənin Ankara şəhərində dünyasını dəyişib. Məzarı Fəxri Xiyabandadır.
Allah sənə qəni-qəni rəhmət eləsin.