Vüqar Həşimov Linares turnirinin qalibi ola bilmədi

Son güncelleme: 23.02.2010 22:32
  • noimage

    İspaniyada keçirilən şahmat üzrə Linares turnirində 9-cu tura yekun vurulub.

    Lent.az-ın məlumatına görə, yarışda çıxış edən Azərbaycan təmsilçisi Vüqar Həşimov yenə heç-heçə edib.

    Ağ fiqurlarla oynayan Həşimov ispaniyalı Fransisko Valyexonun müqavimətini qıra bilməyib. Halbuki o, turnirdə yeganə qələbəsini 5-ci turda qara fiqurlarla məhz Valyexo üzərində qazanıb. Amma bu dəfə görüş 31-ci gedişdə "sülh"lə nəticələnib - 0,5:0,5. Eyni hesab Boris Gelfand (İsrail) - Levon Aronyan (Ermənistan) qarşılaşmasında qeydə alınıb. Yarışın lideri Veselin Topalov (Bolqarıstan) isə ilk məğlubiyyətə düçar olub. Topalov rusiyalı Aleksandr Qrişuka uduzub.

    9 turdan sonra Qrişuk və Topalov hərəyə 5,5 xalla 1-2-ci yerləri bölüşdürürlər. Aronyan 4,5 xalla 3-cü pillədə qərarlaşıb. Həşimov və Gelfand hərəyə 4 xalla 4-5-ci yerləri bölüşdürürlər, Valyexo isə 3,5 xalla 6-cı yerdədir. 9-cu turun nəticələrindən sonra Vüqar Həşimov turnirin qalibi olmaq şanslarını itirib.

    Bu gün keçiriləcək sonuncu turda Həşimov qara fiqurlarla Aronyana rəqib olacaq. Topalov Gelfandı, Valyexo isə Qrişuku sınağa çəkəcək.

    Qaynaq:LENT.AZ
#23.02.2010 22:32 0 0 0