Tarixin bu millətə ödənəcək bir borcu var

Son güncelleme:
  • Səadət Cahangir
    Lap əvvəldən "tarixin bu millətə ödənəcək bir borcu var" düşüncəsiylə Türkiyənin Avropa Birliyinə üzvlük məsələsinin tərəfdarı olmuşam. Keçən yazıların birində bu mövzunu oxucularla da paylaşmışdım. Paylaşdıqdan sonra məsələ ilə bağlı öz içimizdə Türkiyəyə qapı açan Avropadakından daha böyük təlaş olduğunu öyrəndim.
    Heç demə Avropanın özündə belə Türkiyənin bu Birliyə üzvlüyünü arzu etməyən çoxlu yurddaşlarımız var. Onlar "regionda, Avropa və bütün dünyada söz sahibi olmaq istəyən Türkiyənin üzünü Asiyadakı Türk kökənli dövlətlərə çevirməsini" istəyirlər.
    Qərbdə bu insanları narahat edən təlaşın kökü illərlə maskalanmış Türk düşmənliyidir, şübhəsiz. Bu xofun əsasını din faktorundan aldığı söylənsə də, səbəb yalnız o deyil hər halda. Bir çox tarixçilərə görə, məsələ Avropanın özünün təqdimatında Türk fiqurunu görməzliyə vurmasıdır.
    I Dünya Müharibəsi zamanında Osmanlı Imperatorluğunun paylaşması üçün anlaşan Ittifaq Dövlətləri ABŞ rəhbəri Uilsona müraciətdə "Qərb sivilizasiyasına təməldə yad olan Osmanlıların Avropa xaricinə atılması" tələbini irəli sürmüşdü. Bu o zamandı ki, Türkiyə Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən yorğun düşərək Istanbul divarlarına dayanmışdı. Indi millətçi təbəqənin dönə-dönə üzərində durduğu Turan ideyası da o ağır illərdə ortaya çıxmışdı.
    O zaman Azərbaycan Türklərinin lideri Məmməd Əmin Rəsulzadə yazırdı: "Rus istilası Turan üçün həqiqi bir Ergenekon olmuşdur. Türklər özlərini qurtaracaq Börteçinəni gözləyirdilər. Dünya Müharibəsi nəticəsində Rusiyada baş verən inqilab Turanlıların Börteçinəsi olacaqdı Sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdədir. Kökündən qopub uzaqlaşdığın üçün zamanın bağça qayçısı həddindən artıq uzanan budaqlarını kəsir ki, sən ixtiyarlaşmayıb öz kökün üzərində yaşarasan. Sənin yolunun üstündə əski Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqanlı var. Yeni Turanın açarı ondadır"(M.Ə.Rəsulzadə "Əsrimizin Səyavuşu", 1920)
    Tarix yazmaq, Tanrının bəlkə yüz ildən sonra qarşıya çıxardığı tarixi fürsəti yaxşı dəyərləndirmək üçün tarixlə açıq-açığa "danışmaq" gərək. Bəzən mümkün olmayan şeyləri istəyə bilərik, bəzən istəklərimiz imkanlarımızdan çox irəli gedə bilər. Amma qəbul etmək məcburiyyətində olduğumuz qaçılmaz həqiqətlər var. O həqiqətlərdən biri budur ki, "Orta Asiya Türkləriylə birləşmə istəyi Ənvər Paşa olmaq üzrə bəzi Osmanlı liderlərinin çılğın xəyallarından biriydi. Bu, bəlkə Azərbaycan xaricində heç bir zaman ciddi şəkildə düşünülməmişdi"(Custin McCarthy).
    Taleyin üz çevirdiyi bir dönəmdə bəlli ki, Türk millətçilərinin Turan birliyi arzusu da xəyal olaraq qaldı. Amma əfsanə geri dönə də bilər. Yüz illər öncə "onları bir daha geri dönməməklə Asiyaya qovmaq gərək"(Volter) deyərək kənarlaşdıranlar indi geri çağırır II Dünya Müharibəsindən sonra müstəqil xarici siyasət yürüdə bilməyən Avropa ölkələri AB üzvlük zamanının əlverişli bir xarici siyasət vasitəsi halına gəldiyini anlamışdır. Indi düzəni dəyişən dünyada Türkiyənin yerini görməmək üçün kor olmaq lazım.
    Qərbdə Türklərin sevilmədiyi gerçəyi dəyişməmiş ola bilər. Amma Türkün ora dönüşünü zaman istəyir. Yaxın gələcək üçün olacaqları proqnozlaşdıran bilim adamları "Avropa Islamlaşacaq" (Bernard Levis) deyir. Türkiyə uzun zaman kəsiyindən sonra bəlkə Tanrının əliylə açılan bir yola çıxır. Türkün yarım qalmış arzularına gedən o yol Avropa üzərində. Kim bilir, bəlkə millətçi kəsimin, özüm daxil, dəlicəsinə arzu etdiyi Turana yol da elə buradan keçir
0 0 0