Bu gün Azərbaycanın Milli Qəhrəmanının doğum günüdür

Son güncelleme: 27.02.2010 21:29
  • noimage

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Elman Hüseynovun doğum günüdü. Yaxınları, doğmaları bu ad gününü də onun ruhu ilə qarşılayacaqlar.

    Onsuz olmayacaq bu doğum günü! Sadəcə, Vətən torpaqları üzərində dolaşan ruhu ilə qonaq olacaq bu ad gününə də! Çünki Şəhidlər ölmür! Cisimləri, qanları ilə bəslədikləri torpağa göylərdən baxırlar...

    Hüseynov Elman Süleyman oğlu 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində doğulub. 1958-1968-ci illərdə Azadqaraqoyunlu kənd orta məktəbində orta təhsil alıb. 1968-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitununa qəbul olunub, 1973-cü ildə təhsilini başa vurub. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində Artreliya Qoşunlarında leytenant, baş leytenant rütbələrində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1985-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1985-1988-ci illərdə Tərtər rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1988-1990-cı illərdə Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi vəzifələrində çalışıb. Dəfələrlə rayon sovetinə deputat seçilib. Nazirlər Kabineti nəzdində Xalq Təsərüffatını İdarəetmə İnstitunu fərqlənmə diplomu ilə bitirib.

    1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət edib, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında müstəqil Azərbaycanın ilk hərbi hissələrindən olan Tərtər Ərazi Özünü Müdafiə Batalyonunun komandiri təyin olunub. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak edib. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Döyüşlərdə iki dəfə yaralanıb. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.
    1995-ci il yanvarın 15-də şəhid olmasından sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

    Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilib, adına küçə var. Tərtər rayonunda qəhrəmanın büstü qoyulub.
    Qaynaq:LENT.AZ
#27.02.2010 21:29 0 0 0