Prezident İlham Əliyev: Hər an hazır olmalıyıq

Son güncelleme: 27.02.2010 21:30
  • noimage

    Azərbaycan prezidenti İlham Əliyev fevralın 27-də Qəbələdə məcburi köçkünlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    APA-nın «AzərTAC» Dövlət İnformasiya Agentliyinə istinadən yaydığı məlumata görə, prezident Əliyev görüş zamanı etdiyi çıxışda Azərbaycan hökumətinin məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və onların məşğulluğunun artırılması üçün böyük işlər gördüyünü bildirib: «Dövlət Proqramı qəbul edilib və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olunub. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir. Ancaq əsas məsələ ondan ibarətdir ki, siz öz doğma torpaqlarınıza qayıdasınız. Budur əsas məsələ. Görülən bu tədbirlər və ayrılan böyük vəsaitlər müvəqqəti xarakter daşıyır ki, biz məcburi köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdıraq, sizin həyatınızı yüngülləşdirək. Ancaq əsas məsələ öz həllini tapmalıdır».

    Prezident Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının yaddaşlardan heç vaxt silinməyəcəyini vurğulayıb. «İnsanlığa qarşı o qanlı cinayət artıq bütün dünya tərəfindən tanınır və bizim səylərimiz, Azərbaycan dövlətinin, ictimai təşkilatların, diaspor təşkilatlarının, gənclərin, xaricdə yaşayan tələbələrin səyləri nəticəsində artıq bütün dünya bunu bilir. Baxmayaraq ki, müharibənin ilk illərində erməni təbliğatı bu məsələni ört-basdır etmək üçün böyük səylər göstərmişdi və deyə bilərəm ki, müəyyən uğurlar da əldə edə bilmişdi. Bizim təbliğat imkanlarımız çox məhdud idi. Erməni diasporu və onların dünyadakı havadarları tarixi həqiqəti təhrif etməklə, demək olar ki, Xocalı həqiqətlərini gizlətmişdilər. Ancaq bu gün bütün dünya bilir və dünən dünyanın müxtəlif yerlərində yüksək səviyyədə keçirilən tədbirlər və o tədbirlərdə müxtəlif ölkələrin dövlət, hökumət və ictimaiyyət nümayəndələrinin iştirakı onu göstərir ki, artıq biz bu faciə ilə bağlı bütün həqiqətləri dünya birliyinə çatdıra bilmişik», deyə, Prezident bildirib.

    İlham Əliyev Azərbaycan xalqına qarşı soyqırımında iştirak etmiş cinayətkarların cinayət məsuliyyətinə cəlb olunacağına əminliyini ifadə edib: «Əminəm ki, o gün gələcək və Azərbaycan xalqının qanına əli batmış bütün cinayətkarlar, bütün quldurlar cəzalarını alacaqlar. O ki qaldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycan öz səylərini davam etdirəcək. Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir. Bunu təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər var. Ancaq əfsuslar olsun ki, bütün bu səylərə baxmayaraq, məsələ öz həllini tapmır. Çünki qarşı tərəf - Ermənistan tərəfi məsələni uzatmaq istəyir. Status-kvo vəziyyətini saxlamaq istəyir və yaranmış vəziyyəti qanuniləşdirmək istəyir. Biz buna heç vaxt imkan verə bilmərik. Öz siyasi və diplomatik səylərimizi istənilən müstəvidə, istənilən formada davam etdirəcəyik. Həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli münasibətlərdə bu məsələ daim gündəlikdədir. Məsələ ilə məşğul olan həmsədr ölkələrin rəhbərləri ilə də mənim çoxsaylı görüşlərim olub. Bu görüşlər əsnasında Azərbaycanın haqlı mövqeyi daim vurğulanıb. Yəni, artıq bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal olunub, işğalçı dövlət işğal edilmiş torpaqlardan çıxmaq istəmir və məsələni uzatmaq istəyir. Biz isə buna heç cür imkan verə bilmərik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək üçün hazır olmalıyıq. Bunu etmək üçün bir daha demək istəyirəm ki, Azərbaycan güclü olmalıdır. Bugünkü dünyanın müxtəlif yerlərində baş vermiş hadisələr onu göstərir ki, güc amili həlledici rol oynayır. Beynəlxalq hüquq normaları əlbəttə ki, böyük əhəmiyyət daşıyır. Azərbaycan müstəqil, suveren ölkə kimi istəyir ki, bütün məsələlər qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunsun. Əgər bu beynəlxalq normalar pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir. Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib orqanıdır,- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar? BMT-nin Təhlükəsizlik Şurasının dünyanın aparıcı ölkələri olan 5 daimi üzvü var. Onlardan üçü Minsk qrupunun həmsədrləridir. Təhlükəsizlik Şurasının qətnamələri, eyni zamanda, əlbəttə ki, bütün BMT üçün əsas olmalıdır. Ancaq bu qətnamələrin qəbul edilməsində daimi üzvlər aparıcı rol oynayır. Daimi üzvlər istənilən qərara veto qoya bilərlər, yəni bu qərar onların qərarıdır. Nə üçün təxminən 20 il keçəndən sonra bu qərarlar icra olunmur?! Nə üçün işğalçı dövlətə ciddi xəbərdarlıq edilmir?! Nə üçün onlar təcrid olunmur?! Axı, onlar bütün beynəlxalq normaları pozublar, müharibə cinayətləri törədiblər. Xocalı soyqırımını törədiblər. Yüzlərlə günahsız Azərbaycan vətəndaşı həlak olub, vəhşicəsinə öldürülüb. Amma buna heç kim məsuliyyət daşımır. Müharibə cinayətkarları dünyanı sərbəst gəzirlər, onlar üçün şərait yaradılır. Onlar müxtəlif paytaxtlarda qəbul edilir. Onlar müharibə cinayətkarlarıdır. Biz görürük ki, bəzi başqa yerlərdə müharibə zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında cavab verirlər. Amma erməni quldurlarının sanki bir immuniteti var. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Bu vəziyyət dözülməzdir», deyə, Prezident bəyan edib.

    Prezident erməni lobbisinin müxtəlif ölkələrdə bəzi riyakar və rüşvətxor siyasətçiləri ələ aldığını bildirib: «Onlara pul verməklə, müxtəlif imtiyazlar yaratmaqla və o insanlardan istifadə edib öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Biz isə istəyirik ki, məsələ ədalətli, beynəlxalq hüquq əsasında həll olunsun. Bizim heç bir başqa ölkəyə ərazi iddiamız yoxdur. Halbuki bugünkü Ermənistan əzəli Azərbaycan torpağında yaradılıb. Biz istəyirik ki, bizim qanuni, əzəli, beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqları kimi tanınan torpaqlarımız qayıtsın. Bir tərəfdən bizə deyilir ki, məsələ sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Amma heç kim unutmamalıdır ki, ermənilər o torpaqları sülh yolu ilə zəbt etməyiblər. Bizim torpaqlarımız müharibə yolu ilə, başqa ölkələrin dəstəyi ilə işğal olunub. Yəni, ermənilər bunu zor gücü ilə ediblərsə, bizə nə üçün daim tövsiyə edilir ki, sülh yolu ilə həll olunsun. Mən bir daha demək istəyirəm ki, heç kim müharibə istəmir. Ancaq biz bu dözülməz vəziyyətlə nə qədər barışmalıyıq?! Nə qədər dünya ictimaiyyəti və bu məsələ ilə məşğul olan tərəflər belə təmkinli mövqedə olacaqlar?! Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır və tapacaq. Sadəcə olaraq, biz istəyirik ki, bu, tezliklə olsun və ermənilər öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxsın. Bunu etmək üçün bir daha demək istəyirəm ki, biz güclü olmalıyıq. Dünyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik. İqtisadi inkişafımızı daha da gücləndirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Görülən bütün işlər bu məqsədi güdür».

    İlham Əliyev Azərbaycanın 2010-cu ildə də uğurlu inkişafını davam etdirəcəyinə şübhə etmədiyini bildirib. «Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında da çox əyani şəkildə görürük. Qəbələ sözün əsl mənasında sürətlə inkişaf edir, böyük quruculuq, abadlıq işləri aparılır. Qəbələnin çox böyük turizm potensialı vardır. Artıq bu potensialdan çox səmərəli şəkildə istifadə olunur. Qəbələdə beşulduzlu otellər, otel kompleksləri, sağlamlıq mərkəzləri, uşaq parkları yaradılır. Yəni turizm infrastrukturunun inkişafı üçün çox böyük işlər görülür və Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilməlidir. Bakı-Qəbələ yolu - artıq onun bir hissəsi tikilib. Bakı-Şamaxı yolu artıq dünya standartlarına cavab verir. Ondan sonra Şamaxı-İsmayıllı, İsmayıllı-Qəbələ, Qəbələ-Balakən yolu da tikiləcək. Beləliklə, turizmin inkişafı üçün vacib olan yol infrastrukturu tamamilə yeniləşəcək. Qəbələnin içməli su, kanalizasiya problemləri öz həllini tapmaqdadır. Artıq böyük layihə də icra olunmağa başlayıb və Qəbələnin bütün içməli su, kanalizasiya problemi iki il ərzində həllini tapmalıdır. Elektrik enerjisi ilə təchizat yaxşılaşdırılacaq. Bu gün yeni yarımstansiyanın açılışında iştirak edəcəyəm. Qazlaşdırma prosesi sürətlə gedir, sosial obyektlər - uşaq bağçaları, məktəblər tikilir. Yəni rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bunun nəticəsidir ki, son altı il ərzində Qəbələnin iqtisadiyyatı təxminən 4 dəfə artıb. Qəbələni müasir, gözəl turizm mərkəzinə çevirmək üçün əlavə tədbirlər də hazırlanır və o da tezliklə reallaşacaq», deyə, Prezident vurğulayıb.

    Qaynaq:LENT.AZ
#27.02.2010 21:30 0 0 0