Dünən gecə saatlarında İstanbul polisi narkotik vasitələrlə bağlı əməliyyat keçirib və 10 nəfər həbs edilib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, həbs edilənlər arasında məşhur müğənni Tarkan da daxil olmaqla, bir neçə müğənni, şou-biznes nümayəndəsi və tanınmış iş adamlarının övladları var.
Narkotika alveri ilə məşğul olan satıcıların dəftərlərindəki bəzi şəxslərin adlarını əldə edən polis kəşfiyyat araşdırmasından sonra müxtəlif ünvanlarda əməliyyat keçirib. Bu əməliyyatlar zamanı məşhur müğənni Tarkanın İstanbulun Ömerli məhləsindəki villasında da kokain tapılıb.
Həbs edilənlər arasında Doğru Yol Partiyasının bir sabiq millət vəkili Rifat Y.-nın oğlu Gökhan Y., iş adamı Fuat M.-nın övladları Ömer Faruk M. Və Tarık M. də var. Tarkan və həbs edilən digər şəxslər gecəni İstanbul polisində keçiriblər. Saxlanılanların ifadəsi alınır.