benovshe oyunlari

Son güncelleme:
  • Yuxudan qapının səsinə ayıldı. Kimsə qapını aram-aram döyürdü. Geyinib qıfılı açdı. Qardaşı idi, əlində bir dəstə çiçək, bir də gözəl bağlanmış bir qutu vardı. Təbrikə gəlmişdi...

    Salonu güllərlə dolu idi, dünəndən iş yoldaşları, tanış-bilişlər, dostlar təbrik eləyirdi. Telefona gələn mesajlar, zənglər də öz yerində.

    Amma gözü qapıdaydı. Bircə dəstə bənövşə gözləyirdi, martın əvvəlində bənövşə çətin tapılan olur, amma axtarsan tapılır. Özü də ilk yaz bənövşəsinin bir ayrı ətri gəlir. Onu heç bir bahalı ətirlə belə müqayisə eləmək olmaz...

    Bir azdan yenə qapı döyüldü, atası gəldi, sonra o biri qohum-əqrəba. Gün axşam olurdu, gözü qapıdan yığılmırdı, yavaş-yavaş mesajlar, zənglər də səngiyirdi.

    Sakit salonda televizoru seyr edirdi, saat 20.00-yə yaxınlaşırdı, xanımlar danışırdılar, xanımlıqdan, sevgidən, sevilmək üçün seçilən günlərdən... Qulaq asırdı, amma ağlı da, qulağı da qapıda idi...

    Qapı yenə döyüldü, özünü tez çatdırdı. Əlində bir dəstə zanbaqla cavan oğlan qapıda dayanmışdı. Çaşqın-çaşqın baxışdılar, qapıları səhv salmışdı, qonşunun qapısını döyməli imiş. Yenə kresloya qayıtdı, oturdu, düşündü, gözü televizor ekranında olsa da, fikrində yaşıl bir çəməndən, kol dibindən bənövşə topladı...

    Saat 24.00-ə az qalırdı, gözünü qapıdan çəkə bilmirdi. Sakitcə qapıya yaxınlaşdı, bağlı qapının o üzündəki səssizliyi dinlədi... dinlədi... Dönüb gül-çiçəklə dolu salona baxdı. Burnuna bənövşə ətri gəldi...

    Saat 00.05-i göstərirdi. Artıq Martın 9-u idi...

    Redaksiyadan: Bu yazı Lent.az-ın poçtuna gəlib. Bəlkə də heç bizim oxucumuz bunu oxumaq, paylaşmaq, kimisə məyus eləmək üçün yazmayıb. Sadəcə, ürəyini boşaldıb, ya da elə yaxşı bir əsər yaratdığını düşünüb. Amma biz paylaşmağa qərar verdik. Sadəcə, oxumaq üçün
0 0 0