"Kitabi-Dədə Qorqud" dastanları XI-XII əsrlərdə və daha əvvəllər (islamın yayılmasından qabaq) Azərbaycanda baş vermiş hadisələrlə səsləşir. Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"u yazıya köçürən şəxs Dədə Qorqudu bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. Bayat elindən çıxmış bu bilicini oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən belə xəbər verdiyini göstərir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XIX əsr səyahətçilərinin əsərlərində bu fakta rast gəlmək olar.
"Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dir səxan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibəti ilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.