Cəfər Bağır 1912-ci il mayın 5-də Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934-1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936-1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T.Drayzer, P.Abrahams, A.Sent-Ekzüperi, R.Taqor, Əziz Nesin, M.Broden, A.Kamenova, S.Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbavcan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955-1960), redaktoru (1960-1966), məsləhətçi redaktor (1966-1967), bədii tərcümə redaksiyasının müdiri (1967-1973) vəzifələrində çalışmışdır. 1973-cü ilin martından fərdi təqaüdə çıxmış və yaradıcılıqla məşğul olmuşdur. 1983-cü il aprelin 17-də vəfat etmişdir.