Elçin Mehrəliyev 1952-ci il mayın 18-də Ağdam rayonunun Güllücə kəndində anadan olub. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1976-cı ildən "Azərbaycan gəncləri" qəzetində, 1991-ci ildən Azərbaycan Respublikası Prezident Aparatında, 1994-cü ildən Azərbaycan Respublikası Milli Məclisində müxtəlif vəzifələrdə işləyib. 1995-ci ildə "Maarifçi" qəzetini təsis edib. Hazırda həmin qəzetin və "Advokat+" jurnalının baş redaktorudur.
"Pərvin" (povest və hekayələr, 1981), "İttiham" (roman, 1991), "Hər kəs öz taleyini yaşayır" (pyeslər, hekayələr, məqalələr, 1998), "90-cı illər" (roman, 2002) və başqa kitabların müəllifidir. "Müharibə və ədəbiyyat" (Qarabağ uğrunda mübarizə və 90-cı illərin Azərbaycan ədəbiyyatı, 2000), "İnsana poetik, publisistik və elmi baxış" (2001) monoqrafiyaları çap edilib. Ümumilikdə, 300-ə yaxın bədii, publisistik və elmi məqaləsi mətbuatda dərc olunub. 13 kitabı nəşr edilib. "Yurd yeri", "Məhəbbət qocalmır", "Çörəkli adam", "Qamış", "Təqib" və digər hekayə və pyesləri uzun illərdir radio və televiziya ilə nümayiş etdirilir.