MƏKTUB - hekayə - Mehriban VƏZİR

Son güncelleme: 09.03.2010 09:38
  • noimage

    Mehriban VƏZİR

    - Fatma bajı, Fatma bajı...

    Ağgül arvad Bakının mərkəzindəki köhnə məhəllələrdə yerləşən, birinci və ikinci qatda bir neçə yöndəmsiz mənzili olan kiçicik həyətin ortasında dayanıb üzüyuxarı çağırırdı. Fatmaxanım müəllimə isə hələ eyvanda görünmürdü. Ağgül arvad ara verib bir də çağırdı. Bilirdi ki, yaşlı müəllimə ancaq yerindən dura, gələ, hay verə... Amma bu dəfə uzun çəkdi. Görən evdədimi? Harda olacaqdı ki? Yəqin eşitmir...

    - Fatma bajı, ay Fatma bajı...

    Nəhayət, içəridən üzülüb əldən düşmüş, taqətsiz bir səs gəldi:

    - Gəldim...gəldim...

    Arıq, çəlimsiz müəllimə eyvandan həyətə boylandı.

    - Nədi, nə olub, ay Ağgül?

    - Ay Fatma bajı, bu nə olan işdi, bəs Qəmər deyir Mustafanı tutuflar?

    Fatmaxanım müəllimə xırdaca gözlərini qıyıb gözlüyünün arxasından həyətin ortasında durub yuxarı boylanan Ağgül arvada baxırdı. Eşitdiklərinə bir söz deyə bilmədi, susub döyükdü. Solğun bənizi bir az da avazıdı. Çənəsi kilidləndi.

    - Saa demiyiflər? Uuy, can-can... gərək demiyəydim...

    Qadın durduğu yerdə durub dediyi sözə görə heyfsilənməkdə, əliylə ehmal-ehmal sinəsinə vurmaqda idi.

    Fatmaxanım müəllimə isə yuxarıdan aşağı bir xeyli boylandıqdan sonra lal-dinməz evə çəkildi. Telefonun böyründəki kresloya çökdü. Əlləri əsə-əsə telefonun üstündəki incə ağ tikməni çəkib dəstəyi götürdü.

    ...Alt qatdakı deyişmə həyətdə də eşidilirdi. Qəmər nənəsini didirdi.

    - Ay nənə, sənə də söz demək olmur e... Niyə xəbər verdin? Xəbərçi arvad olmusan e sən. Ağzında su ilınmır... Bir də görərsən. Bircə kəlmə desəm sənə...

    - Aaz, dedim uşaxdan xəbər bilim dayna... Görüm dalıyca gediflərmi... Bir şey veriflərmi... Nə bilim ki, arvadın xəbəri yoxuymuş... Dilim qurusun, nağayrım mən...

    - E... bəsdi, sən Allah, ay nənə, bütün qəzetlər yazıb. Şəhər tökülüb polisə. Hamı bilir, atası, anası bilməyəcək? Denən ki, dilimdə söz qalmır, boynuna al...

    - A bala, onsuz da kimsə deyəjəh da... Gizlin iş döyül ki... Qoy işdərini bəri başdan ehtiyatdı tutsunlar. Pisdih eləmədim ha, dedim, qoy gedib puldan-pənədən verib uşağı evə gətirsinlər. Hayıfdı. Gül kimi baladı. Uşaq ərsəyə gətirmək elə-belə iş döyül ha... Anaların anası ölsün...

    - Nə pul, ay nənə? Siyasi məsələdi. Siyasi olanda polis pul almır.

    - Siyasi?

    Ağgül arvad içini çəkdi. Daha bir söz demədən oturacağa çökdü. Əlini üzünə söykəyib fikrə getdi.

    ...Fatmaxanım müəllimə quruyub qayışa dönmüş barmaqları ilə nömrə yığırdı. Gah əli tutmur, gah düyməni səhv seçir, gah da harda qaldığını yadından çıxarır, dəstəyi qapadıb nömrəni yenidən yığırdı. Bu vaxt Qəmər içəri girdi. Nənəsi yollamışdı. Get, gör bir şey lazımdımı arvada? Qadın Qəməri görəndə gözlərinə işıq gəldi.

    - Gəl, gəl bunu yığ... Kim dedi, hardan bildiz?

    - İnternetdə gördüm.

    - Nə yazıblar?

    - Deyirlər restoranda dalaşıblar, iki nəfər gəlib bunların stoluna, söyüb, döyüb, döyənləri buraxıblar, bunları tutublar.

    - Döyənləri buraxıblar?

    - Hə...

    - Mustafa indi hardadı?

    - Polisdə.

    - Vaay, nənəsi ölsün!

    Fatmaxanım müəllimə quru qayış əlini heysiz bir zərbə ilə dizinə çırpdı. Oturduğu yerdə bir az da büzüşdü. Sonra başını qaldırıb Qəmərə işarə elədi ki, nömrəni yığ. Qəmər təkrar-təkrar nömrəni yığır, hər dəfə də peşman-peşman "məşğuldu" deyirdi.

    ...Ağgül arvad da qapıda göründü. Hələ dinib danışmırdı. Otaqdan yalnız telefon düymələrinin ümidsiz cükkültüləri eşidilirdi.

    Fatmaxanım müəllimə əliylə Ağgül arvada yer göstərdi. O, keçib oturdu, gözlərini qarşı divardakı şəkillərə dikdi. Bilirdi ki, ortadaki ən böyük şəkil müəllimənin babasının şəklidi. O dəfə televizorda danışmışdılar ondan, özü baxmışdı. Yaman böyük kişi imiş rəhmətlik.

    - Eeeh... nə kişilər olub, nə kişilər... Allah onların xətrinə bizə rəhm eləsin. Sən toxtaq ol, ay arvad, fikir eləmə, uşaxlar ordadı deyir. İndi bir xəbər çıxar. Bu zamana belə zamanadı. Bu zamana məni qaşqın salan zamanadı. Bilmədim, vallah, dedim, cavandı, cayıldı, bilməz, uşaxlığ eliyər, tay-tuşuynan, zadnan sözləşər, o qədər avara-gor adam var ki, küçələrdə, gedər birinə ilişər. Dedim birdən xəbəriniz olmaz, qoy bilsin, gedib polisə puldan-zaddan verib gətirsin atası. Qəmər dedi, siyasi işdi. Yaman pis oldum, əlim-ayağım sustaldı, ay Fatma bajı. Bizim Rəmziyənin oğlunu şərləyib tutdurmadılarmı? Nə bilim, deyir, müsavatçıymış, partiyaçıymış, gənclərnən nəsə iş qururmuş, nəyimiş. Atası nə qədər elədi, pul verdi, tanış-biliş tökdü, heş biri yaxın durmadı. Dedilər hökumətin sifarişidi, nə olur-olsun bu gədə tutulmalıdı. Ode... indi cavan canı türmələrdə hayıf olur. Rəmziyənin özcə baldızının yaxın qohumu idi prakrur. Yazıq kişi yana-yana məhkəmədə iş istədi uşağa. Dedi hamı bilir ki, bu uşağın heş bir günahı yoxdu, amma siyasi işdi, yuxarıdan zakazdı, eləməsəm işdən atarlar, balalarım aj qalar, hələ dolaşdırıf özümü də türməyə soxarlar. Dedi, ay atam, ay qardaşım, bax, bunlar belədi, köməy eliyə bilmirəm, başdı başın saxlasın... Özün məndən yaxşı bilirsən, ay Fatma baji...

    Ağgül arvad başını qaldırıb divardakı şəkillərə bir də baxdı.

    - Sənin başın nələr çəkif, a yazıx, nələr... Məndən beşbetər... Amma bilsəydim bilmirsən, heş zad deməzdim, vallah. Şəmildən xəbər yoxdumu?

    Fatmaxanım müəllimə elə bayaqkı kimi quruyub oturmuşdu. Dinmirdi. Ağgül arvad da ondan cavab istəmirdi:

    - Gör heş dünəndən bu arvada xəbər eliyifmi? Amma o yazıq neynəsin, buna nə desin? Bunun dərd çəkməyə ta heyi qalmıyıfdı...

    Ağgül arvad çox məyus olmuşdu. Dayanmadan danışır, özü deyir, özü cavab verirdi. Arada başını qaldırıb divardakı şəkillərə baxır, vaysınırdı.

    Qəmər lal-dinməz gözünü ona dikən Fatmaxanım müəlliməyə ara-sıra hürkək-hürkək "məşğuldu" deyirdi. Onun da xəyalı qarışmış, çox pərişan olmuşdu. Arada gözləri dolur, üzünü gizlədir,canını dişinə tuturdu ki, görən-bilən olmasın. Doğrudanmı Mustafanı tutdular? Buraxacaqlarmı? Bir də Mustafa bura nə vaxt gələcək?

    - Allah baş qatanın başını özünə qatsın, nə deyim... Mustafa alim oğlandı, ağıllı, kamallı, abırlı. Kimə neyniyəndi. Yox ey... iş başqadı. Nə qədər savaddı uşax var bir-bir dənniyirlər ortalıqdan. Rəmziyənin oğlu da eləydi, dərya idi gədə. O da Türkiyədə oxuyuf gəlmişdi. Aradan götürdülər uşağı. Yaman bəlaya düşmüşük, ay Fatma baji, yaman bəlaya...

    Ağgül arvad elə danışa-danışa da qalxıb getdi.

    ...Fatmaxanım müəllimə büzüşmüş çiyinlərindən asılı qalmış başını qaldırıb Qəmərə baxdı.

    - Başqa nə yazıblar?

    - Vəkil buraxmırlar yanlarına...

    - Sonra?

    - Həkimi də buraxmırlar.

    - Harasına vurublar?

    - Üzünə.

    Fatmaxanım müəllimə quruyub qaxaca dönmüş barmaqlarını üzünə aparmaq istədi. Gücü çatmadı. Qolu yarıyolda qaldı.

    - Şamili tap - deyə zarıdı.

    Qəmər ara vermədən nömrəni yığırdı.

    - Yenə cavab vermir.

    - Yaxşı, get, a bala. Get, işində ol.

    - Eybi yox, burda duraram.

    - Yox, get...

    - Yaxşı. İnternetdə xəbər olsa gəlib deyərəm.

    - İnternetdə? Aa, heç ağlıma gəlmir, elə burda gir də. Mustafanın ləptopu içəridədi. Get gətir bura. Aç, qoş... Siyirmələrə bax, burda onun hər şeyi olmalıdı, bax görəcəksən. Otur, oxu görüm nə yazırlar...

    ...Qəmər sayta qoyulan bütün son xəbərləri bir-bir Fatmaxanm müəlliməyə oxudu. Hər xəbəri neçə dəfə təkrar elədi.

    Arada Ağgül arvad da yuxarı çıxır, qulaq asır, qıza işarə edirdi ki, hər sözü deməsin. Qız da çaş-baş qalıb hansını deyib hansını deməyəcəyini bilmədən bütün tapdıqlarını oxuyurdu. Ağgül arvad da Qəmərin oxuduğuna qulaq asa-asa öz-özünə danışırdı.

    - Elə Rəmziyənin oğlunun başına gələndi. Hökumət dolaşdırdı bunu da. Kaş heç qayıtmayaydı xaricdən. Denən oxumusan, əlində sənətin-sübutun var, qal orda işdə də... Nə var bu xarabada. Özlərininkini zornan oxuduf vəzifəyə qoyurlar. Belə savaddı uşaqları da şər atıf türməyə salırlar. Yox, baji, yox, virana qalası yerdi bura. Allah nəzərini çəkif bu ölkədən...

    Fatmaxanım müəllimə az qala bilgisayarın içinə girəcəkdi. Başqa nə yazıblar deyib dad edirdi. Qəmər:

    - Hələlik bu qədərdi, bəlkə bir azdan olar.

    - Sən ingiliscə bilmirsən?

    - Az bilirəm.

    - Bəs kursa gedirdin, nə öyrəndin?

    - Öyrənirəm hələ.

    - Rusca bilirsən?

    - Yox.

    - Niyə bilmirsən?

    - Məktəbdə keçmirlər.

    - Yaxşı, sən rusca yazılanları da tap, mən oxuyaram. Bunun dilini Mustafa bilir e, bir az mənə də öyrədib. Bax, burdan axtar.

    - Bilirəm.

    - Ee... rusca nə yazajaxlar, ay Fatma bajı. Canlarına dərd yazsınlar. Elə bizi bu günə rus qoymadımı? Erməniyə tüfəh verib üstümüzə göndərmədimi? Üçmərtəbəli imarət qoyub gəldim eeey. Yaxşı ki, kişi vaxtında bu daxmanı almışdı. Uşaxlar Bakıya tələbəçiliyə gələndə kiraşın olmasınlar deyə. Mən ağılsız... Kişi dedi üç otax alım, dedim, əə, neynirsən, tələbəyə iki otax bəs döyülmü? İndi canın çıxsın, ay Ağgül, boğul bu iki otaxda altı baş külfətnən. Nə bileydim, hardan bileydim... Deyir yıxılajağım yeri bilsəydim o yerə pərqu yastıx döşüyərdim...

    - Nə yazır?

    - Hələ müvəqqəti saxlama təcridxanasındadılar.

    - Sonra nə yazır?

    - Üç nəfərdi, insident xaricdə təhsil almış yeddi gənclə birlikdə yemək yeyərkən baş verib. Döyən şəxslərin azadlığa buraxıldığı, yoxsa təcridxanaya aparıldığı məlum deyil.

    - Sonra...

    - Zərərçəkən olduqları halda təcridxanaya aparılmaları onların müxalif siyasi fikirlərinə görə cəzalandırılması kimi yozulur.

    - Sonra..

    - Gənc fəallar idmançı görkəmli şəxslər tərəfindən döyülüblər.

    - Sonra..

    - Göz, burun, kəllə nahiyəsindən ağır zədələr alıblar.

    - ...

    - Gənc fəalları döyənlərin adları açıqlandı. Qaçqındılar.

    Fatmaxanım müəllimə ani bir nəzərlə Ağgül arvada sarı baxdı. Ağgül arvad da üzünü divardakı şəkillərdən çevirib Fatmaxanım müəlliməyə baxdı. Müəllimənin üzündəki məyusluq sərtliyə çevrildi. Ağgül arvad oturduğu yerdə qurcalandı.

    - Vallah, yalan yazırlar, evi dağılmış, yurdu viran qalmış qaşqını rüsvay eliyirlər.

    - Nənə, adlarını da yazıblar, təvəllüdlərini də, harda doğulduqlarını da, yalan yazmırlar.

    - Az, sən kiri... Az, bunlar hər kirli işlərini qaşqının adı ilə görürlər dayna. Zalım balalarının bizdə intiqamları varıymış. Camaatı gör nətəhər bir-birinə vururlar ey. Rəmziyənin oğlunun üzünə duran bakılı döyüldümü? Az, bunlar hər şeyi ölçüf-biçiflər ey... Milləti öz-özünə qənim kəsdirmək istəyirlər. Az, onsuz da qaşqını Allah vuruf, bunlar da bir tərəfdən vururlar ey... görmürsənmi?

    ...Qəmər yazılanları cümlə-cümlə oxuyurdu. Fatmaxanım müəllimə dinlədikcə "sonra, sonra" deyir, sanki möcüzəli bir xəbər gözləyirdi. Qəmər harda nə tapırdısa təkrar-təkrar oxuyurdu.

    Ağgül arvad o xoşagəlməz vəziyyətdən sonra çəkilib getmiş, o gedən hələ qayıtmamışdı.

    - Cinayət məcəlləsinin 221.1 maddəsi üzrə cinayət işi açılıb. Gəncllər təşkilatlarının rəhbərləri şübhəli şəxs qismində saxlanılıb. Hadısənin digər iki iştirakçısı polisdə izahat verəndən sonra sərbəst buraxılıblar.

    - Sonra...

    - Qeyri-hökumət təşkilatları və gənc fəallar hərəkatı birgə mətbuat konfransı keçiriblər.

    - Sonra...

    - Konfransda Almaniya və ABŞ-ın Azərbaycandakı səfirliklərinin məsul şəxsləri iştirak ediblər. Alman ambusman deyib ki...

    - Sonra...

    - Xuliqanları buraxıblar, hücum edənlər azadlıqdadı, zərərçəkənlər türmədə.

    - Sonra...

    - Məsələ siyasidi...

    - Sonra...

    - Polisdə zərərçəkənlərin şikayət ərizələrini gizlədiblər...

    - Sonra...

    ...Fatmaxanım müəllimə daha eşitdiyi sözləri başa düşmürdü. Heç bir səs eşitmirdi, bircə anası, rəhmətlik Xədicəxanımın səsindən başqa: "Həmin gün Mustafa bəyi tutub apardılar. Qolundan tutub çəkəndə nənəm qışqırıb özündən getdi. On beş yaşım vardı. Bir küncdə durub ağlayırdım. Evdən çıxanda atam bircə dəfə dönüb üzümə baxdı..."

    Bu qədər... Bütün ömrü boyu anası bu hekayəni söylədi. Bütün ömrü boyu o baxışlardan danışdı. İndi də danışırdı, səsi açıq-aydın gəlirdi, sanki elə indicə deyirdi: evdən çıxanda dönüb üzümə baxdı atam. Gözləri indiki kimi yadımdadı. Getdi, gəlmədi. Siyasi məsələydi...

    ...Famaxanım müəllimə evdə təkiydi. Arada oğlunun nömrəsini yığır, cavab gəlmir, dəstəyi yerə qoyub pıçıldayırdı: Şamil, sənin heç vicdanın yoxdumu, demirsənmi ki, anam burda ölüb-dirilir. Özü də özünə cavab verirdi: ölür, ölsün, çoxdan öləydi. Bu zamana qalmayaydı, bu günləri də görmüyəydi. Yazıx Şamil indi özü öz yadındadı ki, məni də yadına salsın...

    Nəhayət, qərara gəldi ki, durub birtəhər getsin. Əslində, oğlunun evi elə uzaqda deyildi. Üçcə tin yuxarı çıxmaq lazım idi, amma bu, Fatmaxanım müəllimə üçün elə də asan məsələ deyildi. Ayda-ildə bir yerə gedəndə - həkimə-zada, başqa nə gedəcək yeri vardı ki, - Şamil gəlib maşınla aparırdı. Mustafa Bakıda olanda çox vaxt yanında qalırdı. Qalmayanda da hər gün çörəyini, suyunu alıb verirdi.

    ...Fatmaxanım müəlimə təngnəfəs tinin başına çatıb durdu. Əlini divara söykəyib bir xeyli ayağının altına baxdı. Burda, bax elə bu yerdə Hacı Zeynalabdin Tağıyevin arvadı Sona xanım, general Ərəblinskinin qızı Sona xanım donub ölmüşdü. Acından, soyuqdan donmuşdu, küçələrdə, tinlərdə ölmüşdü möhtəşəm Hacının arvadı, generalın qızı, gözəllər gözəli, əsilzadə, mal-mülk sahibi, qılıncının dalı, qabağı kəsən, sözünün üstə söz olmayan Sona xanım... Burda, bax bu yerdə, acından, soyuqdan, evsiz, eşiksiz... Hardan hara yollar var, Allah sən saxla...

    Fatmaxanım müəllimə başını qaldırıb ətrafa baxdı. Maşınlar elədən-belə, belədən elə şütüyürdü. Yox, insanlar dərs ala bilmir. İnsanlar öyrənə bilmir. Öyrənmək istəmir. İnsana görk olmur. Pul insanı çaşdırır. Yenə əvvəllər məhəllə bilirdi, ötən-keçən yada salır, dünyanın bu üzünü də fikirləşib, bir az ağlını toplayıb keçirdi, indi it yiyəsini tanımır, işsiz-gücsüz, atasından, anasından küsən, hamısı Bakıdadı. Şəhərin zayı çıxdı. Bakını öldürdülər, zay elədilər, xətir, hörmət qalmadı...

    Müəllimə düşündü ki, Mustafaya deyim yazıb bura vursun ki, Sona xanım burda ölüb. Qoy onların təşkilatı merdən xahiş eləsin, bəlkə bir lövhə asmağa icazə verələr. Ötən, keçən oxuyar, bilər, dünyanın gərdişindən, Allahın görkündən xəbərdar olar. Xəbərdar olar ki, Süleymana qalmayan dünyadı bu dünya. Var-dövlət gözünüzü tutmasın. Hər şey gəlib keçir. Qalan yalnız insanlıqdı, təmiz addı, insafdı, mərhəmətdi. Bir də ləyaqətdi, insan ləyaqəti.

    - Fatmaxanım məllimə, salam-əleyküm, burda niyə durmusan?

    - Rəşid, sənsən? Əleyküm-salam, oğlum. Şamilgilə gedirəm.

    - Nöş gedirsən, getmə, axşam özü gələr.

    - Mustafanı tutublar e, bilirsən?

    - Bilirəm. Sən qayıt evə. İndi heç kim olmaz onlarda.

    - Telefon da cavab vermir... Harda olarlar?

    - Harda olacaqlar, polisdə. Mən o tərəflərdə görünmək istəmirəm. İşim-gücüm var da, məllimə, özün bilirsən. Görən-bilən olsa işdən atacaqlar. Vicdansız ölkədi. Salam-əleyküm hüququmuzu da əlimizdən alıblar. Yoldaşlıq, dostluq da qorxulu olub. Gedək evə, məllimə, indi zəng eləyib deyərəm, qurtaranda sizə gələrlər.

    - Nə qurtaranda?

    - Məhkəmə.

    - Məhkəmə eliyirlər?

    - Hə. Əşşi, Şamilə dedim uşağı qoyma qayıtsın Bakıya. Nə var e burda, zülümdən başqa nə var? Dedim, özün də çıx get burdan. İngiliscə bilirsən, tanınan adamsan, istədiyin ölkə qəbul edecey, alə, yeri get də... Bunu istiyirdün? Məllimə, Allaha and olsun, əlimdə imkan olsa bir gün dayanmaram burda. Bilmirəm də... Mən bu zəhrimar dili bilmirəm... Daha yaşım da keçib e, öyrənə də bilmirəm. Vaxtında öyrənmədim, indi də beynimə girmir. Bizi rusca oxutdular ki, adam olaq, adam olmaq vaxtı ingilis dili çıxdı ortaya. Dövlət deyil e, ölkə deyil e, bura, dəhşətdi. Bakı əldən gedib e, məlimə. Bunlar da ata-bala elə bil kosmosdan gəliblər, yapışıblar ki, siyasi aktivlik, demokratiya, acıq cəmiyyət, mədəni mübarizə, internet, nə bilim nə... Alə, zülmkara nə mədəniyyət, nə internet... Güc onda, pul onda... Ağzını açanı türməyə soxur. Gördüm deyənin gözün tökür. Bu ölkədə qanun yoxdu, məlimə. Qanun ölüb. Xaricilərin də uşaq-muşağı bəyanat verir, böyükləri nöyütdən payını alıb oturur, deyir, alə, işində ol e... Başını qaldıranı boğ, getsin... Belə ölkədə siyasi mübarizə olar?! Nöyüt evimizi yıxdı, məllimə...

    ...Fatmaxanım müəllimə başını aşağı salıb ayağının altına, Sona xanımın ölüb qaldığı yerə baxırdı.

    - Rəşid, Sona xanım burda donub qalmışdı.

    Rəşid təəccüblə müəlliməsinə baxdı və çaşqınlıqla gülümsədi:

    - Bunu məhəllədə kim bilmir ki, məlimə? Məktəbdə oxuyanda siz də danışmışduz.

    - Heç... deyirəm düz deyirsən, nöyüt çox ev yıxıb, hələ çox evi də yıxacaq... Ondan kim xeyir görüb ki...

    Rəşid sözün niyə belə dəyişdiyini anlaya bilmədi, susdu. Müəllimə də susdu, başını yerdən qaldırmadı. Az sonra dedi:

    - Mustafanı məhkəmə eliyirlər, deyirsən?

    Uşaqlıq dostu Şamilin anası, həm də əziz müəlliməsi olan bu zəif, gücsüz qadının vəziyyəti Rəşidi açmadı. Qolundan tutub ehmalca maşına sarı çəkdi onu.

    - Alə, yox, alə... hərbə-zorba gəlirlər cavanlara ki, oturuz yerivüzdə, çox atdanıb-düşmüyüz, burnuvuzu soxmuyuz bizim işimizə, bu ölkə bizimdi, istədiyimiz qədər çapıb talıyıceyik, asıb-kəsiceyik... Gəl, məlimə, gəl gedək, gəl səni aparım evə...

    ...Qəmər çox məyus idi. Elə məyus idi ki, qəlbinin sıxıntısı yerə-göyə sığmırdı. Hönkürüb ağlamaq istəyirdi. Amma ondan heç kəsin xəbəri yox idi. Heç Mustafanın da. Nədən xəbəri olmalıydı ki. Yəqin onu uşaq-muşaq sayır... Salam verəndə heç üzünə də baxmır, yel kim ötüb keçir. Avropada oxuyub gələn oğlan qaçqın ailənin məktəbli qızının nəyinə baxacaqdı ki. Qəmər qara-qara fikirlərlə Mustafanın bilgisayarını dizinin üstünə alıb son xəbərləri izləyir, ingiliscə saytları birtəhər tərcümə edib nənəsinə deyirdi. Rus saytlarını isə Fatmaxanım müəllimə gözlüyünü taxıb özü oxuyurdu.

    Birdən Qəmər hönkürdü:

    - İş verdilər...

    - Nə?!

    ...Şər qarışmışdı. Nə Şamil gəlmişdi, nə gəlin. Heç zəng də eləməmişdilər. Fatmaxanım müəllimə də daha zəng eləmirdi. Oturub prezidentə məktub yazırdı.

    Hörmətli prezident... Belə başlasınmı məktubu? Bəlkə heç prezidentin xəbəri yoxdu? Bəs onda kimə yazsın? Kimə desin dərdini?

    Qələmi yerə qoydu. Bilmədi nə yazsın. Bəlkə Mustafanın yaxşı oxumasından, əlaçı tələbə olmasından yazsın. Yazsın ki, universitetdə müəllimlər onun başına and içirmişlər. Almaniyadan ailəsinə hər il təşəkkür məktubları gəlirdi. Elə böyük babası Mustafa bəy də həmin universiteti bitirmişdi. Böyük cümhuriyyətçilərdən idi. Bu vətəni dövlət edən kişilərdən idi. Dayandı. Bunları niyə yazsın? Bilmək olmaz, birdən uşağın ziyanına işləyər. Axı indi bu ölkəni idarə edənlər cümhuriyyətçiləri sevmirlər.

    Fatmaxanım müəllimə yenə qələmi götürdü, məktubunu yazmağa davam etdi: "...Sona xanımın, Hacı Zeynalabdin Tağıyevin arvadı, general Ərəblinskinin qızı Sona xanımın zümrüd paltarı varmış. Bu paltarın üstündə neçə kilo zümrüd varmış. Hacı bu paltara neçə neft quyusunun pulunu veribmiş, Avropadan gətirdibmiş, üstündə böyük sənətkarlar işləyibmiş... O paltarın arxasınca dünyanın ən böyük oğruları gəzirmiş. Sona xanım bu paltarı ziyafətlərə geyinərmiş. Paltar o qədər qiymətli, o qədər təhlükəli imiş ki, Hacı kimi adam o paltarı evində saxlamağa qorxarmış. Bankda saxlayarmış. Rusun dövlət bankında. Hər dəfə o paltarı atlı mühafizlər bankdan gətirirmişlər, Sona xanım məclisə geyirmiş, sonra jandarmla, polislə yenə banka qaytarırmışlar... Sona xanım gözəllər gözəli idi. Məclisə çıxanda aləm tamaşasına dururdu. Bir istəyi yox idi ki, hasil olmasın. Məktəb tikdirirdi, qızlara dərs oxudurdu, kasıblara yardım edirdi. Yaman xeyriyəçi idi, səxavət sahibi idi. Həm də firoon idi, ona gözünün ucu ilə baxan səhərə salamat çıxmazdı. Sonra... Sonra heç baxan da olmadı. Göydən bəla gəldi, nə tifaqlar dağıldı. Hacı Zeynalabdinin arvadı, general Ərəblinskinin qızı Sona xanım, həmin Sona xanım, o zümrüd paltarın sahibi Sona xanım havalandı... Sonra aclıq çəkdi, "Sovetskaya" küçəsindən keçən tramvayda dilənməyə başladı. Rəhmi gələn pul verirdi, gəlməyən vermirdi. Varlıların onlardan yanıqlı olan gədə-güdələri onu ələ salıb məsxərəyə qoyurdu, fitə basırdı. Axırda gecələməyə bir daxması da olmadı, küçələrdə qaldı. Gecənin birində şaxta vurdu. Səhərə çıxmadı. Donub öldü. Aparıb basdırdılar. Kim bilir harda... Mən yalnız donduğu yeri bilirəm.

    Hormətli prezident, xahiş edirəm o yerə lövhə vurun. Ötən-keçən oxusun. Axı həyat məktəbdir, talelərsə dərs. Bu məktəbdə bəzi dərsləri öyrənmək lazımdı. Yoxsa imtahan çox ağır olar".

    ...Fatmaxanım müəllimə məktubu yazıb imzalamış, bayaqdan elə həmin yerdə də oturub qalmışdı. Qulağına anasının səsi gəlirdi: atam dönüb bircə dəfə mənə baxdı... getdi, gəlmədi... siyasi məsələdi...

    Babası Mustafa bəyin divardan asılmış portretinə baxırdı. O son baxışların sahibinə. Bir ömrü möhürləyən baxışların sahibinə. Şeşə bığlı, yaraşıqlı bəy baba da durub məmnun-məmnun ona baxırdı. Üzündə bir aləm təbəssüm, təbəssümündə bir əzəmət vardı. Bu bəy kişi bu vətəndə çoxlarının babası idi, Mustafanın isə qanbir babası idi. Adı tarix kitablarına düşmüşdü. Bu ölkəni cümhuriyyət edən kişilərdən biri idi. Fatmaxanım müəllimə babasının adını nəvəsinə vermişdi. Mustafa bəyin böyük şəklinin altından Mustafanın Almaniyada oxuduğu universitetin qarşısında çəkdirdiyi kiçik şəklini asmışdı. Gözəl anası, sürgün atası, itkin əmisi, nakam bacısı, güllələnmiş dayısı, didərgin qardaşı, əri, qaynı, qaynatası... hamısı burda idi. Şamil də burda idi. Mustafa bəyin dörd dövrəsində...

    Fatmaxanım müəllimə baxır, baxır, baxmaqdan başı gicəllənir, gözləri qaralırdı. Şamıl də gəlmədi. Demir anam öldü, qaldı, nə oldu... Qəməri göndərim getsin zərf alsın. Amma gecdi, qız uşağıdı... Bəlkə Mustafanın kağız-kuğuzunun içində, siyirmədə var. Baxsam da tapmaram. Qoy qalsın. Özü gəlib verər. Görən gec gələr? Haçan qayıdar? Mustafa neylədi ki, bu hökumətə... Niyə tutdular uşağı? Belə qəddarlıq olar? Bunların Allahı yoxdu? Zalımlar həkim də qoymurlar uşağın üstünə. Görən harası ağrıyır? Nənən qurban olsun ağrıyan canına...

    ...Fatmaxanım bir də başını qaldıranda Mustafa bəyin şəklinin yanında gənc fəal Mustafanın da şəklini gördü. Elə o boyda, onun kimi kişiyana, əzəmətli... İkisi də məmnun idi. Hamı məmnun idi. Anası, atası, qaynı, qardaşı. Elə Fatmaxanım da... Amma çox baxmağa taqəti çatmadı. Başı sinəsinə endi. İndi də qarşısında durmuşdular. Mustafa bəy və gənc fəal Mustafa... İkisi də məmnun idi. Elə sevinirdilər ki... İkisinin də ürəyinin döyüntüsünü eşidirdi Fatmaxanım müəllimə. Bu nəbz getdikcə böyüyür, aləmi başına götürür, ölkəboyu gum-gum vururdu. Nəbz artdıqca sıra da böyüyür, izdiham artır, ucu-bucağı görünmür, hər yeri bürüyürdü...

    Kimsə bu nəbzin içində pıçıldayırdı ki, Allahım, sən nə böyüksən, nəhayət, ürəklərimiz bir vurur. Allahım, sən çox böyüksən, nəhayət, biz birik, birlikdəyik, əl-ələ, çiyin-çiyinəyik. Hər kəs dikəlmişdi, hər kəs meydana yürüyürdü. Qaçıb gizlənən yoxdu. İşinə-gücünə-qazancına görə salam verməkdən çəkinən, dar gündə dayaq olmaqdan qorxan yoxdu.

    Yekə, çox yekə, Vətən yekəlikdə bir ürəyin nəbzinə sığınırdı insanlar. İnsanlar insanlığa sığınırdı... Hamı bezmişdi, nakişilikdən və natəmizlikdən bezmişdi hamı. Hətta nakişilər və natəmizlər belə bezmişdilər öz hallarından. İnsanlar insan kimi yaşamaq istəyirdilər. İnsanlar insan olmaq istəyirdilər. Hürr və azad insan, ləyaqətli insan olmaq istəyirdi insanlar. Ölkədə ləyaqət uğrunda savaş başlamışdı. Hamı meydana axışmışdı. Hər kəs öz ləyaqətini qorumaq üçün ayaq üstdə idi. Hamının ürəyi bir vururdu.

    Bu döyüntü Fatmaxanım müəllimənin sinəsində elə atır, elə çırpırdı ki, sanki bu ürəyi durduracaqdı, sanki bu çəlimsiz bədəni elə indicə cansız cəsədə çevirəcəkdi. Amma Mustafa bəyin üzü yaman gülürdü. Gənc fəal Mustafanın da. Elə Fatmaxanım müəllimənin də...

    O bu güclü nəbzə dözməyib başını sakitcə bu ölkəni idarə edənlərə yazdığı məktubun üstünə endirdi və təbəssümlər içində gözlərini yumdu.

    Şamil anasının qapısı ağzında, yüzillik taxta pillələrdə oturub siqaret çəkirdi. Bayaqdan bəri qapını döyməyə cəhd edir, amma dayanır, daha bir siqaret yandırırdı...

#09.03.2010 09:38 0 0 0