İncitsen Dözerem Tofiq Bayram'dan incinme - Qadin Üreyi

Son güncelleme: 09.03.2010 09:48
  • noimage



    Dekabrın 16-da şair Tofiq Bayramın doğum günüdür. Yaşasaydı, 75 yaşı tamam olardı.

    1934-cü ildə Bakıda anadan olan Tofiq Bayram Azərbaycan Pedaqoji İnstitutunu bitirib. "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi, Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri, "Ulduz" jurnalı redaksiyasında, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, "Yazıçı" nəşriyyatında baş redaktor müavini işləyib. Onlarla şeir və tərcümə kitabının müəllifidir.

    1991-ci il aprelin 18-də vəfat edib.

    "Media forum" saytı mərhum şairin 1969-cu ildə qələmə aldığı "Qadın ürəyi" şeirini oxucuların diqqətinə çatdırır.
#09.03.2010 09:48 0 0 0
  • Necə rəhmlidir, necə amansız,
    Necə mehribandır, qadın ürəyi!
    Sən onu sındırsan, bil ki, a qansız,
    Ağlayan kamandır qadın ürəyi!

    Güldürsən ömürlük səadətindir,
    Söndürsən, yanmağı bir də çətindir.
    O, zərif duyğunun, məhəbbətindir,
    Sevgisiz zindandır qadın ürəyi.

    Daşı da əridər, daş da olar o,
    Əriyib gözlərdə yaş da olar o.
    Bahar da olar o, qış da olar o,
    Damladır, ümmandır qadın ürəyi.

    Onunla dünyadır sənə qəfəs də,
    Onsuz heç yaşama bu torpaq üstə.
    Sevən bir ürəyə axır nəfəsdə
    Ən şirin dərmandır qadın ürəyi.

    Bəzən gül tək solar acı bir sözdən,
    Ağlayar xəlvəti, gülsə də üzdən.
    Bəzən uşaq kimi ən ürəksizdən
    Məhəbbət umandır qadın ürəyi.

    Bir namərd əlindən zəhər içəndə,
    Çürüdər ömrünü o, yas içində.
    Bəzən ən qiymətli libas içində
    Nalədir, fəğandır qadın ürəyi.

    Ömrə zinət verən, səadət quran,
    Sevənin qəlbini nurla dolduran,
    İsməti bir nəsli göyə qaldıran,
    Eşqə hökmrandır qadın ürəyi.

    Sənsiz əl çəkərəm arzudan, kamdan,
    Nə çıxar sevgisiz - sənsiz ilhamdan?
    İncitsən, dözərəm, Tofiq Bayramdan
    İncimə, amandır, qadın ürəyi!
#09.03.2010 09:48 0 0 0