Məşhur teleaparıcı Dilarə Əliyevanın mobil telefonuna bir gündə 273 ismarıc gəlib.
Aktrisanın bir gündə bu qədər çox ismarıc almasının səbəbi 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı olub. Bu hələ son deyil! Dilarə Əliyeva tamaşaçılarından aldığı nəfis əl işləri hədiyyəsi ilə demək olar ki, qızlarının cehiz boxçasını tamamlaya bilib. Teleaparıcı və aktrisanın hədiyyə siyahısına güllər, ətirlər də daxildir.
O ki qaldı aktrisanın həyat yoldaşı Oqtay Əliyevin ona bağışladığı hədiyyəyə, Lent.az kiçik araşdırma zamanı bu məlumatı da əldə edib: "Oqtayla 17 ildir ailəliyik, bu günə qədər aldığım 8 mart hədiyyələri sayəsində artıq heç nəyə ehtiyacım yoxdur, amma heç nəyə baxmayaraq ənənədən uzaqlaşmayıb, ətir bağışlayıb".
Əməkdar artist Səməd Səmədov yuxudan oyanan kimi gül köşkünə qaçıb: "İlk növbədə həyat yoldaşıma ağ çiçəklər aldım, üstündə də fransız ətri hədiyyə etdim".
Rəqqasə Fatiməni hamıdan çox sevindirən fanatı olub: "Uzun illərdən bəri sadiq bir fanatım var. 8 martda mənə qızıl əşya bağışlayıb. Qızıl üzərində mənim və onun adlarımızın baş hərfləri var".
Fatimə anası, qızı, köməkçiləri və rəfiqələrindən də hədiyyə alıb. Özünün dediyinə görə, başqa heç kimi ona hədiyyə verməyib: "Anamı səhər yuxudan oyanan kimi öpdüm və ürəyi istəyən hədiyyə alması üçün pul hədiyyə etdim. Məncə, ən yaxşı hədiyyə elə puldur! Qızıma isə çəhrayı rəngi çox sevdiyindən otağına çəhrayı aksessuarlar aldım. Artıq ayın 5-də qızımın 8 mart hədiyyəsi var idi. Bunlar hamısı çəhrayı rəngdə olduqca maraqlı, əntiq qızılqabı, bijuteriya qoymaq üçün nəfis əşya və yenə də çəhrayı telefon qabı idi..."
Bəstəkar İsa Məlikov həyat yoldaşı Paulinaya zinət əşyası hədiyyə edib.
Teleaparıcı Nərgiz Cəlilovanın ən dəyərli hədiyyəsi qızından gəlib: "8 martda məni çox adam təbrik edib, güllər, hədiyyələr öz yerində... Lakin hər şeydən çox yadımda qalan, qəlbimin sarı siminə toxunan qızımın hədiyyəsi olub. Qızım Fransada təhsil alır. Uzaqda olduğu üçün SMS vasitəsi ilə ən gözəl, dəyərli kəlmələrini hədiyyə etdi. Bundan gözəl nə ola bilər..."
Dəyərli kəlmələrə Cəlilova da borclu qalmayıb. SMS mübadiləsi ilə ana-qız bir-birlərinə ən dəyərli hədiyyələr bəxş edib.
Müğənni Kərim elə 8 martda nişanlandığı gələcək həyat yoldaşına nişan üzüyünü hədiyyə edib: "Məncə, bu, sonrakı illərin 8 mart Qadınları Gününün ən yadda qalan, anlamlı hədiyyəsi olacaq".
Müğənni Rəqsanə də həmin gün sevdiyi insandan brilyant komplekt hədiyyə alıb.