Şeir

Son güncelleme: 10.03.2010 07:21
  • Şeir (Azərbaycan dilində apostrof işarəsinin ləğvinə qədər şe'r) bədii təfəkkürün nəzmlə yazılan bir ifadə forması.

    Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Azərbaycan şeirində bəndlərdə misraların sayı bir çox hallarda dörddən çox (məs., Səməd Vurğunun "Azərbaycan" şeirində bəndlər beşmisralıdır), və ya dörddən az da ola bilər (məs., Mikayıl Müşfiqdə üçmisralı bəndlər).

    Azərbaycan dilində şeir üç vəzndə yazılır: heca, əruz və sərbəst. Heca vəznində yazılan şeirlərə Molla Pənah Vaqif, Səməd Vurğun və Mikayıl Müşfiq, əruz vəznində yazılan şeirlərə Füzuli, Seyid Əzim Şirvani və Sabir, sərbəst vəzndə yazılan şeirlərə Mikayıl Rəfili, Rəsul Rza və Əli Əkbər yaradıcılığı misal ola bilər. Azərbaycan şairləri adətən bir neçə vəzndə yazırlar (məs, Molla Pənah Vaqif), bəzən bir şeir eyni zamanda iki vəznə aid ola bilir (məs, Süleyman Rüstəmin yaradıcılığında bir çox şeirlər adətən həm heca, həm də əruza aiddir)
#10.03.2010 07:20 0 0 0
  • Heca vəznində şeir

    Xumar-xumar baxmaq göz qaydasıdır,
    Lalətək qızarmaq üz qaydasıdır,
    Pərişanlıq zülfün öz qaydasıdır,
    Nə badi-səbadan, nə şanədəndir. (Molla Pənah Vaqif)
    Əruz vəznində şeir

    Məndə Məcnundan füzun aşiqlik istedadı var,
    Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var. (Füzuli)
    Sərbəst vəzndə şeir

    Yeri, yeri,
    qara paltarlı qadın,
    kiri, kiri,
    qara paltarlı qadın.
    Bəsdir başdaşımı basdın bağrına,
    bu qəbir də min qəbirdən biridir.
    Bütün məni ağlayanlar kiridi,
    sən də kiri,
    qəbrim damır,
    ağlama! (Ramiz Rövşən)
#10.03.2010 07:21 0 0 0