Quba-Xaçmaz iqtisadi rayonu

Son güncelleme: 11.03.2010 17:42
  • Quba-Xaçmaz iqtisadi rayonu haqqında ümumi məlumat

    Quba-Xaçmaz iqtisadi rayonu Dəvəçi, Xaçmaz, Quba, Qusar və Siyəzən inzibati rayonlarını əhatə etməklə Azərbaycanın şimal-şərq hissəsində yerləşir.Ərazi şimaldan Rusiya Federasiyasının Dağıstan Respublikası, şərqdən Xəzər dənizi, cənub-şərqdən Abşeron, cənubdan Dağlıq Şirvan, cənub-qərbdən isə Şəki-Zaqatala iqtisadi rayonları ilə həmsərhəddir. İqtisadi rayonun ümumi sahəsi 7,66 min kv.km olmaqla ölkə ərazisinin 8,8 %-ni, təşkil edir. İqtisadi rayon özünəməxsus relyef xüsusiyyətlərinə malikdir. Regionun ərazisi bir-birindən kəskin fərqlənən 4 hündürlük (26 metrdən 4466 metrədək) zonasına - düzənliklər, dağətəyi, orta dağlıq və yüksək dağlıq zonalarına ayrılır. Regionun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. Düzənlik zona üçün isti iqlim xarakterikdirsə, dağlıq zona soyuq-rütübətli və soyuq iqlim şəraitinə malikdir.

    Region əhalisinin ümumi sayı 453,1 min nəfər olmaqla ölkə əhalisinin 5,6 %-ni, təşkil edir. Əhalinin 32 faizi şəhərlərdə, 68 faizi kəndlərdə yaşayır. İqtisadi rayonda əhalinin orta sıxlığı hər kv km.-də 59 nəfər təşkil edir. Rayonun relyef - iqlim xüsusiyyətlərindən asılı olaraq əhali əsasən Xəzər dənizinin sahillərində yerləşən düzənlik ərazilərdə məskunlaşmışdır.Ən çox şəhər əhalisi Siyəzən rayonunda (66%), kənd əhalisi isə Quba rayonunda (80,5%) cəmlənmişdir.
    Təbii sərvətləri

    Quba-Xaçmaz iqtisadi rayonunun əsas təbii sərvətləri neft, təbii qaz, yanar şist, qum, çınqıl, gildir. İqtisadi rayon sıx çay şəbəkəsinə və bol su ehtiyatlarına malikdir. İqtisadi rayonun ərazisinin 10-11 %-i meşələrdə örtülmüşdür. Quba-Xaçmaz iqtisadi rayonu mühüm kurort-sanatoriya regionlarından biri olmaqla zəngin təbii-rekreasiya ehtiyatlarına malikdir. Dəvəçi rayonunda Qalaaltı mineral suyu əsasında kurort fəaliyyət göstərir.
    ] İqtisadiyyatı

    Regionun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Bu sahə əsasən tərəvəz və meyvə istehsalı üzrə ixtisaslaşmışdır. Bundan başqa, Dəvəçi, Siyəzən, Xaçmaz rayonlarında üzüm, Qusarda kartof yetişdirilir. İqtisadi rayonun əhali məskunlaşan hər yerində taxıl əkilir. İqtisadi rayonun düzənlik ərazisində maldarlıq, dağətəyi və dağlıq zonasında isə qoyunçuluq inkişaf etmişdir. Siyəzən, Çarxı və Dəvəçidə quşçuluq kompleksləri mövcüddür.

    Rayon iqtisadiyyatının sahə strukturunda kənd təssərufatının inkişafı, eyni zamanda, emal sənaye sahələrinin - yüngül və yeyinti sənayesinin inkişafına təkan vermişdir. Rayonun aqrar - sənaye kompleksinin əsasını meyvə-tərəvəz konservi istehsalı (Xaçmaz, Xudat, Quba), balıq emalı (Xudat), xalça toxuçuluğu (Quba, Xaçmaz, Qusar, Qonaqkənd, Pirəbədil) sahələri təşkil edir. Xaçmazda və Dəvəçidə taxıl və süd məhsulları emal edilir. Neft və qaz hasilatı (Siyazən), elektrotexnika zavodu (Quba), metal qırıntılarının emalı (Xaçmaz) iqtisadi rayonun ağır sənayesinin əsasını təşkil edir. Quba, Siyəzən və Xaçmazda kərpic zavodları, tara müəssisələri var.
    Nəqliyyat şəbəkəsi

    Quba-Xaçmaz iqtisadi rayonu çox əlverişli nəqliyyat - coğrafi mövqeyə malikdir. İqtisadi rayon ərazisindən keçən dəmir yolu, avtomobil yolları, magistral neft, qaz və su kəmərləri, telekommunikasiya xətləri ölkənin nəqliyyat-iqtisadi əlaqələrinin inkişafında mühüm rola malikdir.Respublika üzrə ümumi dəmir yolunun 7,4%-i iqtisadi rayonunun payına düşür. Ərazidə dəmir yolunun ümumi uzunluğu 123 km olub, 62 km-i və ya 50,5%-i Dəvəçi və Siyəzən, 61 km-i və ya 49,5%-i isə Xaçmaz inzibati rayonunun payına düşür. Regionda avtomobil nəqliyyatı dəmir yolu nəqliyyatından sonra ikinci yeri tutur. İqtisadi rayonda avtomobil yollarının ümumi uzunluğu 1883 km təşkil edir ki, bu da respublika üzrə ümumi avtomobil yollarının 7,9%-i deməkdir. Azərbaycanı Rusiya Federasiyası ilə birləşdirən kommunikasiya xətləri bu regiondan keçir.
    Sosial infrastrukturu

    Regionun sosial-iqtisadi inkişafında, bu ərazilərdə məskunlaşan əhalinin bir çox sosial- mədəni tələbatının (səhiyyə, elmi-mədəni, təhsil) ödənilməsində rayonun sosial infrastrukturu mühüm rol oynayır. İqtisadi rayonda kütləvi kitabxana, teatr, xəstəxana və digər sosial infrastruktur obyektləri mövcuddur.
#11.03.2010 17:42 0 0 0