"Gəncə hekayətləri" silsiləsindən birinci reportaj
Böyük şəhərlərdə xoşbəxt olmağın əvəzi də böyükdür. Kiçik şəhərlərdə isə xoşbəxt olmaq üçün o qədər də çox şey lazım deyil. Bəlkə də bu ona görə belədir ki, kiçik şəhərlərdəki xoşbəxtliyin özü də balaca olur. Amma bu "balaca xoşbəxtlik", soyuq qış günü qəfil peyda olub, adamın gözünü-könlünü qızdırıb, qəfil də yoxa çıxan günəş işığı kimi, o qədər doğmadı ki!
...Paytaxtdan az qala heç nəyi ilə seçilmir qədim Gəncə. Burada da gündən-günə artan göydələnlər, geniş prospektlər, gecələr "göz vuran" işıqlarla bəzədilmiş süni və ya təbii ağaclar, iri reklam lövhələri, məşhur markaların gəliş-gedişli küçələr uzunu düzülmüş mağazaları... Bir sözlə, sivilizasiyadan bir addım da geridə qalmır qədim şəhər. Gəncəni paytaxtdan fərqləndirən özəlliyi hiss eləmək üçün burada yaşamaq lazımdır. Şəhərin sehrli ovqatına düşmək, adamlarını yaxından tanımaq, küçələrində uzun-uzadı dolaşmaq, bu şəhərə qaynayıb-qarışmaq lazımdır. Elə buna görə də qədim Gəncədən reportaj yazmağı şəhərə "varid olmağımın" ilk günlərinə deyil, burada düz bir aydan çox yaşayandan sonraya saxladım. Yəni özümü az qala əsl gəncəli hiss eləyəndən sonraya...
Tünd yaşıl "2503" - təqvim, yoxsa tarix?
Şəhərdə gözə dəyən ilk özəllik, az qala bütün mağazaların, salonların, bir sözlə, bütün xidmət müəssisələrinin iri ya xırda vitrininə, avtobus şüşələrinə yapışdırılmış, yağlı-yaşıl rəngli iri rəqəmlərlə yazılmış 2503 yazısıdır. Rəqəmin Gəncənin yaşını bildirdiyini bilməsəm, fikirləşərdim ki, bəlkə də Gəncə və gəncəlilər başqa təqvimlə yaşayır. Doğrudur, adam əvvəlcə xidmət müəssisələrində çalışanların, kiçik ticarət adamlarının, hətta avtobus sürücülərinin də bu cür qırğın-qiyamət vətənpərvər olduğuna təəccüblənir. Amma biləndə ki, şəhərin tarixini bildirən əbədi-yaşıl lövhənin dükan-bazara, maşınların-zadın şüşələrinə yapışdırılmağı şəxsən şəhər icra hakimi Eldar müəllimin göstərişidir, təəccüb təbəssümlə əvəz olunur.
...İl uzunu bölgələrdə sülənən adam kimi, əminliklə deyə bilərəm ki, Gəncə özünün istər mərkəzi, istər ətraflarının, ucqarlarının, bir sözlə, hər tərəfinin təmizkarlığı, səliqəliliyi ilə seçilən yeganə şəhərdir. Məsələn, Bakıya qar yağanda, ilk günlər paytaxt əhalisi ağappaq, tərtəmiz qarın sevincini yaşayırdı. İki-üç gün sonra, yəni bu ağ qar qara lehməyə çevrilib, Bakı sakinlərinin qanını it qanına döndərəndə, Gəncə küçələrində çirkli qardan-filandan əsər-əlamət də yox idi - hər tərəf elə süpürüb-təmizləmişdilər ki, elə bil, heç burada qar söhbəti olmamışdı.
Gəncəlilər heç nədə paytaxtdan geri qalmamağa elə aludə olublar ki, burada özlərinin Qız Qalasını belə tikiblər. Amma paytaxtdakı böyük və qədim qaladan fərqli olaraq, Gəncədəki "Qız qalası" "qala" deyil, super marketdir...və hələ ki, bu qalanın başından intihar məqsədləri üçün istifadə edən olmayıb.
Dünyanın ən böyük paxlavasının axırı necə oldu?
Şəhərin məşhur atributlarından (baş-başa verib şəhəri "qoruyan" şirlərdən, Nizami Gəncəvinin boya-boy şəkilləri, heykəlləri, şəhərin hər tərəfinə iri-iri hərflərlə vurulmuş ibrətamiz sətirlərindən) başqa, mətbəx-məişət çapındakı atributlar da göz oxşayır. "Dünyanın ən böyük paxlavası", "Avropanın ən böyük tortu"nun monumental fotoları şəhərdə az qala iki addımdan birdir. Səda ilə günəşli günlərdən birində şəhərdə gəzişəndə beyqəfil o tortun, paxlavanın taleyi ilə maraqlanmaq gəldi ağlıma.
- Bacı, sən canın, o paxlavanın-zadın axırı necə oldu? - deyə gülə-gülə soruşanda, dünyanın ən ciddi mövzularını (məsələn, lap elə Kantın transsendental nəzəriyyəsini) belə məzə obyektinə çevirməkdə "nömrə bir" olan rəfiqəm gözünü yumub, ağzını açdı:
- Bacı, o paxlavanı bizə bir yedizdirmək yedizdirdilər ki, gəl, görəsən! Novruz bayramında kəsib, camaata paylayırdılar. Camaat bir qırğın salmışdı ki, paxlavanın üstündə! Millət az qalırdı bir-birini ayaqlasın. Axırda gördülər belə alınmayacaq, uzaqdan parça-parça kəsib, camaata tərəf atırdılar paxlavanı...
Hər evdən iki musiqiçi çıxarmaq olar...
Gəncəlilər yeri gəldi-gəlmədi, şəhərin qədimliyi, musiqi və mədəniyyət beşiyi olması, böyük şair həmvətənləri Nizami Gəncəvi ilə fəxr eləməkdən yorulmurlar. Onların haqsız olduğunu demək də insafdan deyil - doğrudan da şəhərdəki musiqi texnikumunu, irili-xırdalı musiqi məktəbləri bir yana, Gəncədə hər evdə ən azı üç növ musiqi aləti var. Və təbii ki, bu alətlərdə ifa edən musiqiçilər. Əgər Qarabağda hər evdən bir müğənni çıxarmaq mümkündüsə, Gəncədə hər evdən ən azı iki musiqiçi çıxarmaq mümkündür. Ömrünü sivilizasiyanın göbəyində keçirən insanlar üçün bu göstərici bəlkə də elə də təəccüblü deyil. Amma televizora bir dəstə qonşu ilə bir yerdə, özü də təkcə axşamlar baxan mənim kimi kənd uşağı üçün bütün evlərdəki yaşlı-cavan qadınların not dəftərindən baş çıxarmağı, eynək taxıb, dərmanların "instruksiyalarını" oxumağı, siyasətçiləri sifətdən tanımağı elə də sıradan hal deyil.
Gəncəlilərin xoşlamadığı fakt
O ki qaldı Nizami Gəncəvi məsələsinə, bu yerdə Gəncəlilərlə hərdən bir az məzələnmək də olar. Qonaqpərvər və gülərüz gəncəlinin sifətini sən gəl, çox da bilinməyən yazılı tarixi mənbələrə əsaslanıb, Nizami Gəncəvinin əslində Gəncədə deyil, məsələn, Qaxın Qum kəndində doğulduğunu deyəndən sonra gör! Heç bir Gəncəli bu söhbətə görə adamı bağışlamaz və hamısı da o yazılı tarixi mənbəni "çıxardanın" atabaatasına lənət oxuyar. Hətta ən kosmopolit gəncəli də bu söhbəti xoşlamır. Elə Səda özü də mən bu söhbəti eləyəndən sonra bir-iki gün qaşqabaqlı gəzdi.
Gözəl və zövqlü qadınlar şəhəri
Gəncəli rəfiqələrimin həmişə rəngli, zövqlü geyinmələrinə, özü də tez-tez qarderob dəyişmələrinə həmişə təəccüblənirdim. Ümumiyyətə, Gəncəli qadınlar gözəl geyinir. Rəngli paltarlar, şərflər, aksessuarlar... Bunun sirrini anlamaq istəyəndə dinməz-söyləməz qolumdan tutub, Gəncədə sayca o biri dükanlardan geri qalmayan "Sekond Hənd" mağazalarına dartdılar. O qədər də böyük olmayan mağazaların içinə qız-gəlin əlindən tərpənmək olmur. Bu paltarları geyinmək bir az da fantaziya məsələsidi. Paltarları alıb, başına min oyun açırlar - bir az rəngləyirlər, bir az aksessuarlarla bəzəyirlər, min cür şey-şüylə dəstləşdirirlər və budur, fransız qızları kimi incə zövqlə geyinən qadın hazırdır.
Azan səsi...
Buraya köçəndən bəri, hələ bir dəfə də olsun, səhərlər oyanmadığıma görə, Gəncənin səhərlərindən heç nə yaza bilmərəm. Amma şər qovuşan kimi, Şəhər İcra Hakimiyyəti binasının qarşısındakı ağacların arasında daldalanan Şah Abbas məscidindən dalğalana-dalğalana yayılan azan səsi, şəhərə qəribə ayin, ritual ovqatı verir. Azan səsi, yavaş-yavaş bağlanıb, qapıları kilidlənən dükanlar, günün bu saatında gülümsəyə-gülümsəyə evə, qohumlarıgilə (gəncəlilər axşamlar bir-birilərinə qonaq getməyi çox xoşlayır) tələsən insanlar, şəhərin üstünə ağır-ağır çökən qaranlıq...
Gəncə təəssüratları, hekayətləri, mövzuları olduqca çoxdur. Bunların hamısını oxunması uzun vaxt aparan bir reportaja sığışdırmağı deyil, Lent.az-da "Gəncə hekayətləri" kimi silsilə yazılara bölməyi düşündüm. Ümumi təəssüratların yazısı olan bu reportaj birincidir.