Məhəmməd Əli Fərzani

Son güncelleme: 15.03.2010 00:25
  • noimage

    Məhəmməd Əli Fərzani ,1923-ci ildə Təbrizdə əməkçi ailəsində dogulub və körpə yaşlarından dərsdən, kitabdan baş açmayan, amma sinəsi söz xəzinəsi olan və yüzlərlə layla, oxşama, bayatı, nağıl, qoşma, bilməcə və dastan bilən anasından zəngin folklorumuzu öyrənib.

    Məhəmməd Əli Fərzaninin məktəbdə oxudugu illərdə Güney Azərbaycanda ana dilində dərs demək, bu dildə yazib-oxumaq, hətta danışmaq yasaq olsa da, o, ailə ocağında canına yayıldığı Azərbaycan xalq ədəbiyyatı nümunələrini heç zaman unutmayıb və ömrü boyu ədəbiyyatın qayğısı ilə yaşayıb.

    M.Ə.Fərzani 1943-ci ildə ailəsinə yardım etmək üçün Təbrizdə Tərbiyət kitabxanasina işə düzəlib və ilk dəfə olaraq orada ara-sıra Azərbaycan türkcəsində olan kitablarla tanış olub. Ailə ocağı onun ilk məktəbi olmuşdusa, kitabxanadakı tək-tük kitablar onun ikinci məktəbinə çevrilib. Həmin illərdə Iranın müttəfiq qoşunlar tərəfindən işğal edilməsi ilə əlaqədar ana dilində yazmaq imkanı yaranıb və Fərzani qələm təcrübələrini bu dildə göstərməyə çalışıb.

    Onun Azərbaycan türkcəsində ilk məqalələri ("Divani-lüğəti-türkdə işlənən deyimlər" və "Füzuliyə bir baxiş") Təbrizin "Vətən yolunda" jurnalında çap olunub. 1945-1946-cı illərdə Güney Azərbaycanda milli demokratik hərəkatın güclənməsi və ana dilimizin rəsmiləşməsi nəticəsində Məhəmməd Əli Fərzani «Azərbaycan milli dastanları» və «Azərbaycan xalq ədəbiyyati» adlı silsilə yazılarını o dövrün mətbuatında ardıcıl çap etdirmək imkanı qazanıb. Həmin illərdə Ustad Fərzani bir pedaqoq kimi Güney Azərbaycanın orta məktəblərində ana dilini öyrədib və dərsliklərin yazılmasında iştirak edib.

    1946-cı ildə Güney Azərbaycan milli demokratik hərəkatı devrildikdən sonra Məhəmməd Əli Fərzani Azərbaycan məsələsinə aid yazılarını fars dilində yazmağa başlayıb. Bu sırada onun böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında yazdığı ardıcıl məqalələrdən əlavə bir çox dəyərli araşdırmaları olub. Həmin illərdə Fərzaninin dil və folklorla bağlı araşdırmaları 1946-ci ildə «Azərbaycan xalq ədəbyyatından bayatılar məcmuəsi» və «Azərbaycan türkcəsi qrammatikasının əsasları» adlı iki cildlik kitabı yazması ilə nəticələnib. Lakin Pəhləvi hakimiyyəti illərində hər iki kitab bir daha çap edilməyib. Yalnız 1978-ci ildən sonra bayatılar 8 dəfə yeni əlavələrlə yayılıb və bu cəhətdən Iranda folklora aid kitablar içərisində birinci olub.

    «Azərbaycan türkcəsinin qrammatikası» Iranda 4 dəfə nəşr edilib və Quzey Azərbaycanın Elmlər Akademiyası bu kitaba elmi rəy vərib. Məşhur türkoloq, Köln Universitetinin professoru Dörfer bu kitabı elmi hadisə kimi qiymətləndirib.

    M.Ə.Fərzaninin yaradıcı fəaliyyətinə bunları misal gətirmək olar: O, «Dədə Qorqud kitabı»na ön söz yazıb, «Molla Nəsrəddinin lətifələri» kitabına mətn tərtibatı verib, ön söz yazıb, "Azərbaycan el mahnıları» kitabına mətn tərtibatı verib, ön söz yazıb, «Azərbaycan el sözləri (ata sözü, məsəllər, deyimlər)», «Azərbaycan xalq ədəbiyyatı və antologiyası» kitablarını, «Bir söz inciləri» adlı 3 cildlik klassik və çağdaş Azərbaycan antologiyasını tərtib edərək nəşr etdirib, Cəlil Məmmədquluzadə, Əziz Nesin, Ələviyyə Babayeva və başqa yazıçıların əsərlərini fars dilinə, Iranın folklor nümunələrini Azərbaycan türkcəsinə tərcümə edib, Şəhriyarin «Heydər Babaya salam» poeması barədə araşdırmalar aparıb, şair Səhəndin «Sazımın sözü» kitabına oxucular arasında böyük rəğbətlə qarşılanan məşhur ön sözü yazıb.

    M.Ə.Fərzaninin «Azərbaycan dilinin səsli (fonetik) sözlüyü» adlı əsəri isə hələ nəşr olmayıb.

    Fərzaninin «Varlıq» dərgisiylə də yaxın əməkdaşlığı olub. Bu dərgidə onun çoxsalı məqalələri nəşr edilib.

    M.Ə.Fərzani Quzey Azərbaycan Yaıçılar Birliyinin üzvu olmaqla bərabər Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri doktoru adına layiq görülüb.

    Görkəmli alim Məhəmməd Əli Fərzani 2006-cı ildə İsveçin Göteborq şəhərində dünyasını dəyişib.
#15.03.2010 00:25 0 0 0