Aşağı Yağləvənd - Azərbaycanın Füzuli rayonunda kənd.
Kənd rayon mərkəzindən 45 km cənub-şərqdə, Araz çayının sol sahilində, maili düzənlikdə yerləşir. Əhalisi təxminən 1500 nəfərdir. Hazırda əhali asasən əkinçilik və qismən heyvandarlıqla məşğuldur. Kənddə orta məktəb, musiqi məktəbi, kitabxana, klub, tibb məntəqəsi, park, stadion var. Kənd Bakı-Zəngilan şosse yolunun solunda, dəmiryol stansiyasının isə "Hacılı" dayanacağında yerləşir.
Tarixi
Kəndin dağıdılmış evlərindən biri
Aşağı Yağləvənd kəndi Yağləvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağləvənd obası isə Yağləvənd oymaqlarının yaşayış biçimidir. Yağləvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi. İkisi (Gecəgözlü və Seyidəhmədli sonradan ayrılıb başqa oymaqlarla bərabər Hacılı camaatını təşkil etdilər. 1735-ci ildə Nadir şah Qırxli-Avşar Yağləvənd oymağını Cavanşir elinin digər oymaqları ilə bərabər Xorasana, Sərəxs ətrafına sürgün etdi. Nadir şahın qətlindən sonra Yağləvənd oymağı sürgündən döndü. Öncə Pənahəli xan Sarıcalı-Cavanşirə tərəf çıxsalar da, sonradan onun tərəfini tutdular. Xan onları qədim yurdlarında, Arazbar qəzasında yerləşdirdi. Arazbar qəzası yenidən formalaşıb Cavanşir-Dizaq mahalı adlandı.
Yağləvənd oymağı bir neçə oba şəklində Cavanşir-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Bu obalardan biri Aşağı Yağləvənd, biri isə Yuxarı Yağləvənd adlandı. Yağləvənd obaları 1930-cu ildə əyləşib kənd biçiminə düşdü.
Mədəniyyəti
Cavanşir eli quruluşundan sözə, şeirə, musiqiyə böyük qiymət verən bir qurum olub. Təsadüfü deyil ki, el içində, elin qurduğu paytaxtda yaşayan, yazıb-yaradan Molla Pənah Vaqif deyirdi:
Qarabağ içrə bir şair Kəlimullah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Qələm qədrini bilən Cavanşir elinin Yağləvənd oymağından xeyli şairlər, yazarlar, musiqiçilər, rəssamlar çıxıb. Oymaq içində ilk bəlli olan şair Soltan Hüseynəli oğlu Yağləvəndi (1823-?) olub. Onun Baxış bəy Səburla yazışmaları qalıb. İkinci şair isə "Məclisi-Üns" şairlər birliyinin üzvü olan Molla Bəyməmməd Bülbüldür (1837-?). Onun da yaradıcılığı zəngindir. Füzuli bölgəsində şair, vətənpərvər, milli qəhrəman Həsənəli bəy Əsgərxanovu tanımayan yoxdur. O, Kovxa təxəllüsü ilə şeir yazırdı.
Yağləvənd oymağı saz götürüb el-oba dolaşan aşıqların yurdu da olub. Aşıq Sübhan Aşıq Hüseyn oğlu Məmmədli (1823-?), Aşıq Mahmud Piri oğlu Külədərli (1861-?) və başqaları bölgədə tanınmışdı.
Aşağı Yağləvəndin yeni dövr yazarlarından jurnalist-etnoqraf, Avrasiya Yazıçılar Azərbaycan Jurnalistlər Birliklərinin üzvü Ənvər Çingizoğlu, Azərbaycan Yazıçılar Birliyini üzvü Paşa Araz və başqaları öz yurdlarının adlarını yeni səhifələrə yazdırıblar.
Tarixi şəxsiyyətləri
Yağləvənd oymağı, eləcə də obası bir çox tarixi şəxsiyyət yetirib. Bunlardan: Məhəmməd ağa Yağləvəndli-Cavanşir, Zeynalxan ağa Yağləvəndli-Cavanşir, Şərif ağa Yağləvəndli-Cavanşir, Ocaqqulu ağa Yağləvəndli-Cavanşir, Şəmşi bəy Yağləvəndli-Cavanşir, Əliverdi ağa Yağləvəndli-Cavanşir, Məşədi Bayramqulu ağa Yağləvəndli-Cavanşir, .Məşədi Hətəmxan ağa Yağləvəndli-Cavanşir, Xələf bəy Yağləvəndli-Cavanşir, Məşədi Əmir Murad yüzbaşı Yağləvəndli-Cavanşir, Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir, Həsənəli bəy Əsgərxanov, Şamil bəy Əsgərxanov və başqalarını göstərmək olar