Başı kəsik Gözəl kötük - Ramiz Rövşən

Son güncelleme: 17.03.2010 22:51
  • Başı kəsik gözəl kötük,

    Bu dağı sənə kim çəkdi?

    Baltanı sənə kim vurdu,

    Bıçağı sənə kim çəkdi?



    İpək-ipək yarpaqların

    Küləklərlə talandımı?

    Bilək-bilək budaqların

    Ocaqlarda qalandımı?


    Küsdünmü taleyin acılığından?

    Zalımlar keçmədi qocalığından

    Yıxılmış ucalığından,

    Başı kəsik gözəl kötük...



    Gözlə! kötük, sızıldama, göynəmə,

    Nə baltalar, nə bıçaqlar qalacaq.

    Ucalıqdan yıxılsan da, qəm yemə,

    Sən yıxılan ucalıqlar qalacaq.



    Dünyanın kuləyi keçər,

    Qarı yağışı keçər.

    Qatar-Qatar quşu Keçər,

    Daş atarlar, daşı keçər



    Sən yıxılan ucalıqdan.

    Ümidli gözlər dikilər,

    Körpə ağaçlar yekələr

    Yekələr, qalxar, dikələr



    Sən yıxılan ucalığa...

    Məndən sənə salam olsun,

    Başı kəsik gözəl kötük!

    Balam olsa, balan olsun,



    Başı kəsik gözəl kötük.

    Əyilim, köksünə başımı qoyum,

    Gecələr laylamı çalasan mənim.

    Böyründə bir evin daşını qoyum,



    Evimin dirəyi olasan mənim.

    Gözəl kötük,

    Yaraların köz bağlasın, sağalsın,

    Bu dünyada nə baltalar,

    Nə bıçaqlar qalacaq.



    Ucalıqdan yıxılsan da,

    Yenə canın sağ olsun,

    Bu dünyada

    Sən yıxılan ucalıqlar qalacaq...



    "Ramiz Rövşən"
#17.03.2010 22:51 0 0 0