İrəvan - Ermənistan Respublikası

Son güncelleme: 18.03.2010 08:34
  • İrəvan - Ermənistan Respublikası - İrəvan Ermənistan Respublikası

    İrəvan - Qədim Azərbaycan torpağı. Bu gün Ermənistan Respublikasının paytaxtıdır.

    Tarixi

    Ağrı vadisinin Şimal kənarında, Zəngi çayının sahilində, 850-1300 metr yüksəklikdə yerləşir. Müxtəlif dövrlərdə Çuxursəd vilayətinin, İrəvan xanlığının, İrəvan quberniyasının mərkəzi olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə müvəqqəti olaraq (100 illiyə) Ermənistan Respublikasına güzəştə gedilmişdir.

    1936-cı ilə qədər İrəvan şəhəri müxtəlif mənbələrdə Ərvan, Ervan, Rəvan adlanmış həmin tarixdən etibarən isə ermənilər tərəfindən ad dəyişdirilərək Yerevan adlandırılmışdır.

    1902-ci ildə İrəvan -Tiflis, 1908-ci ildə isə Culfa-İrəvan dəmir yolu xətti çəkilmişdir.

    Tarixi mənbələrə istinad edən müəlliflər İrəvan adının ilk dəfə eramızın VII əsrdə çəkildiyini qeyd edirlər. Şəhərin Urartu dövlətinin hökmdarı I Argişti tərəfindən e.ə. 782-ci ildə tikilmiş Erebuni qalasının xarabalıqları yaxınlığında salındığını iddia edirlər. Yeri gəlmişkən erməni tarixçilərinin İrəvan şəhərinin tarixini daha çox qədimləşdirmək yolu ilə öz tarixlərini qədimləşdirmək cəhdləri gülünc görünür. Çünki nə İrəvan şəhərinin nə də Erebuni qalasının indiki ermənilərə, yəni haylara və onların elmdə hələ də mübahisəli olan əcdadlarına heç bir dəxli yoxdur. Əslində ermənilər İrəvanın qədimliyini sübut etməklə bu ərazilərdə türk-oğuz tayfalarının daha qədimdən yaşadığını təsdiq etmiş olurlar. İrəvan şəhəri müxtəlif vaxtlarda Sasanilər xanədanın, Ərəb Xilafətinin, Naxçıvanşahlıq dövlətinin, Eldənizlər dövlətinin, Hülakülər dövlətinin, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Əfşarlar dövlətinin tərkibinə daxil olub.

    XIX əsrin əvvəllərindən isə İrəvan şəhəri rus qoşunlarının hücum hədəfinə çevirilmişdir. 1804-ü ildə general Sisianov, 1808-i ildə general Qudoviç İrəvan qalasını almağa cəhd etmişdir. Nəhayət 1826-1828-ci illər Rusiya-Qacar müharibəsi zamanı, daha dəqiqi 1827-ci il,oktyabrın 1-də rus generalı Paskeviçin komandanlığı altında rus qoşunları şəhəri işğal etmişdir. Türkmənçay müqaviləsi ilə İrəvan şəhəri İrəvan xanlığının daxilində zorla Rusiyaya birləşdirilmişdir. Bu zamandan etibarən qədim türk-oğuz qalası olan İrəvan qalasının erməniləşdirilməsinə başlanılmışdır. 1849-cu il, iyunun 9-da İrəvan quberniyası yaradıldıqdan sonra bu quberniyanın mərkəzi kimi İrəvan şəhəri yeni inzibati əhəmiyyət kəsb etmişdir. 1918-1920-ci illərdə bu qədim türk şəhəri erməni daşnak hökümətinin, 1920-ci ildən etibarən isə Ermənistan SSR-in paytaxtı olmuşdur.

    İrəvan şəhərinin əhalisini həmişə Azərbaycan türkləri təşkil etmişdir. Hələ XVII əsr Avropa səyyahlarının şəhadətinə görə şəhər əhalisinin hamısı müsəlmanlar olmuşlar. 1827-ci ildə İrəvanda 2400 ailədə cəmi 12000 əhali yaşayırdı. Şəhərin ruslar tərəfindən işğalından sonra isə yerli kübar əhalinin bir hissəsi İrana və Türkiyəyə köçməyə məcbur olmuş, onların boş qalmış evlərində isə həmin ölkələrdən gəlmiş ermənilər məskunlaşmışdır. Nəticədə 1828-i ildə İrəvanda türk əhalinin sayı 1807 ailədə 7331 nəfərə enmiş, ermənilərin sayı isə 567 ailədə 2379 nəfərə çatmışdır. Bununla belə hələ şəhərdə 4 xan, 41 bəy və sultan ailəsinə qarşı cəmi 8 erməni məlik ailəsi yaşayırdı. 50 nəfər axund və mollaya qarşı cəmi 8 nəfər keşiş vardı.

    İrəvan qalası arxitektura baxımından da Şərqin, Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri olmuşdur. Qalanın 50-60 bürcü olub. Qaladakı Sərdar sarayı, Sərdar məscidi, XVII əsrin nadir memarlıq abidəsi olan Göy məscid səyyahları həmişə heyran qoymuşdur. Qalada daha yeddi məscid, iki-üç mərtəbəli yaşayış evləri, kişi və qadın hamamları, çoxlu sayda karvansaralar və s. olmuşdur. İrəvandakı Gürcü, Culfa, Sərdar, Tağlı, Sulu, Susuz, Hacı Əli karvansaralarının hər birində onlarla dükanlar fəaliyyət göstərirdi.

    İrəvan qalasından söz açan bir çox səyyahların işlətdikləri bəzi toponimlər: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkü məhəllələri, Dəlməbulaq, Qırxbulaq, Sərdar bulaqları, Gedərçay, Qırxbulaq, Zəngi çayları, Dərə bağı, Dərəkənd, Şəhər, Fəhlə, Böyük meydanları, Göy məscid, Qala məscidi, Hacı Bəyim məscidi, Zal xan məscidi, Günlüklü məscidi, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məsidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə təpələri və s.
    İrəvanın müstəqil Ermənistan Respublikasının paytaxtına çevrilməsi

    1918-ci il may ayının 26-da Gürcüstan Cənubi Qafqaz Seymindən çıxdığını bildirib öz müstəqilliyi elan edəndən sonra Azərbaycan və Ermənistanın da analoji addım atmaqdan başqa çıxış yolu qalmamışdı. 1918-ci il may ayının 28-də Azərbaycan da öz müstəqilliyini elan etdi və Elizavetpolu (indiki Gəncə) özünə paytaxt seçdi. Bununla bağlı may ayının 30-da Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı radioteleqraf məlumatı bütün ölkələrin xarici işlər nazirliklərinə göndərildi. İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristaniya (Oslo) və Kopenhagenə göndərilən məlumatda deyilirdi: "Gürcüstanın ittihaddan çıxması üzərinə "Mavərayi-Qafqaz müttəhid cümhuriyyəti" ithalal eyləmişdir. Şəhri halın 28-ci günü əqdi-ictimai edən "Azərbaycan Şurayi-Millisi" Mavərayi-Qafqazın Cənubi-Şərqisində vaqe olan Azərbaycan Cümhuriyyətini təşkil eyləmişdir. Keyfiyyətdən hökuməti-mətbuənizin xəbərdar edilməsini surəti məxsusda rica eylər və ehtiramati - faiqəmi təqdim ilə kəsbi şərəf edərəm. Hökumətin şimdilik məqərri - müvəqqəti Elizavetpoldur. 30 mayıs. 1918. Azərbaycan Cümhuriyyəti məclisi - nüzzar rəisi Xoyski". [1]

    Belə olan halda ən pis vəziyyətdə elə həmin gün, 1918-ci il may ayının 28-də öz müstəqilliyini elan edən Ermənistan qalmışdı. Ermənistanın mərkəz şəhəri, paytaxtı yox idi. Bu vaxt Azərbaycan Cümhuriyyəti digər bütün ərazilərə iddialarından əl çəkmələri şərti ilə İrəvanı ermənilərə güzəştə getməyi qərara alır. Bununla bağlı F.X.Xoyski o vaxtkı xarici işlər naziri M.H.Hacınskiyə ünvanladığı məktubda yazır: "Onlar (ermənilər - qeyd) ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar. Biz İrəvanı güzəştə getdik". [2]

    May ayının 29-da erməni Milli Şurası ilə danışıqlar barədə Nazirlər Şurasının sədri F.X.Xoyski Azərbaycan Milli Şurasının iclasında məlumat verdi. O göstərdi ki, Ermənistan Federasiyası yaratmaqdan ötrü onlara siyasi mərkəz lazımdır, Aleksandropol türklər tərəfindən tutulduqdan sonra belə bir siyasi mərkəz, ancaq İrəvan şəhəri ola bilər, ona görə bu şəhərin ermənilərə güzəştə gedilməsi labüddür. Bu məsələ barəsində X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov, M.Məhərrəmov çıxış edərək İrəvan şəhərinin ermənilərə güzəşt edilməsini qaçılmaz bəla kimi qiyməyləndirdilər. Milli Şuranın iclası İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi barədə öz razılığını bildirdi. [3] İki gün sonra İrəvan Milli Şurasının üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov İrəvan şəhərinin Ermənistan Respublikasına güzəştə gedilməsinə etiraz etdilər, lakin iyun ayının 1-də keçirilən Azərbaycan Milli Şurasının iclası bu etirazı qəbul etmədi.[4]

    İrəvan Ermənistana veriləndən sonra Ermənistanın sərhəddi İrəvan şəhərinin yaxınlığından keçirdi. Onun ixtiyarında cəmisi altı kilometrlik dəmir yolu vardı. Batum müqaviləsinin şərtlərinə görə Ermənistan Respublikası Cənubi Qafqazda 10 min km² ərazisi olan dövlət idi. [5] [6]
    Mənbə

    1. ↑ Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin müstəqil Azərbaycan Respublikasının yaradılması haqqında bir sıra dövlətlərin xarici işlər nazirlərinə radioqramı. 30.05.1918. // ARDA, f.970, s.1, i.4
    2. ↑ Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin Azərbaycanın müstəqilliyinin elan edilməsi haqqında radioqramın göndərilməsi barədə xarici işlər naziri M.H.Hacınskiyə təlimatı. 29.05.1918. //ARDA, f.970, s.1, i.4, v.1-2.
    3. ↑ Azərbaycan Milli Şurasının 3 saylı iclasının protokolu. 29.05.1918. //ARDA, f.970, s.1,i.1,v.51
    4. ↑ Azərbaycan Milli Şurasının 4 saylı iclasının protokolu. 01.06.1918. //ARDA, f.970, s.1,i.1,v.53
    5. ↑ R.Hovanuisian. Armenia on the Road to Independence, 1918. Berkeley, University of California Press, 1967, p.190-194
    6. ↑ İ.Parmaksızoğlu. Ermeni Komitelerinin İhtilal hareketleri ve Besledikleri emeller. Ankara, 1981, s.133

#18.03.2010 08:34 0 0 0