Bu barədə Lent.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.
Belə ki, mart ayının sonuncu bazar günü saat 04:00-da saatların əqrəbi 1 saat irəli çəkiləcək. Bununla da, həmin andan etibarən Azərbaycanda yay vaxtına keçid tətbiq olunmuş sayılacaq.
Xatırladaq ki, qış və yay vaxtlarının tətbiqi barədə Azərbaycan Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Energetiklərin fikrincə isə saatların dəyişməsi təxminən 1 saatlıq elektrik enerjisinə və qaza qənaət etməyə imkan verir. Saatlar ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Lakin bu prosesin baş vermədiyi ölkələr də var. Onların sırasına İran, Gürcüstan, Virciniya adaları, Sinqapur, Çin, Estoniya və bir sıra digər ölkələr daxildir.
Pərvin ABBASOV