Bu gün küçələrində dolaşmalı olduğu Beyləqan əsgər Nəsirovu son mənzilinə uğurladı
Ölüm var ölüm kimi, ölüm var zülm kimi... Dünən bütün Azərbaycan zülm kimi bir ölümün xəbərini aldı. Cümlələri belə ağlayan bir xəbəri çatdırdıq oxucularımıza. Azərbaycan Ordusunda xidmətini başa vurub evlərinə geri dönən əsgərləri gətirən hərbi maşın qəzaya uğrayıb, 4 əsgərimiz ölüb, 5-i ağır yaralanıb. Evlərinə, ailələrinə çatmağa saatlar qala... Gənc, fidan ömürlər soldu, düz 18 ay yollarını gözləyən analarının görüşünə tabutda gəldilər...
***
- "Əsgər Nəsirov!"
Bu xitabı bir daha nə eşidəcək, nə də "Mən" deyə cavab verə biləcək.
- Allaha min şükür, ay bala, sağ-salamat qurtarıb gəldin!
Bu nidanı da yolunu gözləyənlərin dilində üzündəki son təbəssüm kimi dondurub getdi
Bu gün gecəli-gündüzlü qoruduğu, keşiyini çəkdiyi Vətənin üçrəngli bayrağına bükülüb son yolçuluğuna çıxmışdı Fuad Nəsirov-sərhədçi mundirindəki əsgər yoldaşlarının çiynində son mənzilə hazırlaşırdı
Beyləqan şəhərinin Qaçaq Nəbi küçəsindəki evlərinin həyətində toplaşmış izdihamın arasında əbədiyyətin «Farağat!» komandasına müntəzircəsinə uzanmışdı al bayraqlı tabutunda Atasının, anasının, qardaşlarının, doğmalarının göz yaşlarına məhəl qoymadan əsgər soyuqqanlığını son dəfə nümayiş etdirirdi Atası Əmiraslan kişini nəzərlərimlə çox axtarsam da tapa bilmədim. Əmilərinə Fuadın xatirəsinə reportaj hazırlamaq istədiyimi dedim Çiyinlərin çəkib uzaqlaşdılar. Həyətin bir küncündə dəmir çəlləyə söykənib ağlayan balaca qardaşına yaxınlaşdım. "Eh, nə mənası indən belə nə yazmağın" deyib hıçqırdı, sonra da gözlərini bir sinifdə oxuduğu qardaşının tabutuna zilləyib sükuta daldı.
"Halal, halal xoşu olsun!". Yüzlərlə həmkəndlisi, əsgər yoldaşları, dostları, yaxınları bir ağızdan halallaşdı, sağollaşdı Fuadla. Gözlərində yaş gilələnmiş əsgərlər bayrağa bükülü tabutu başları üzərinə qaldırıb Fuadın əsgərlik illərində dönə-dönə arzuladığı, amma bir daha gəzə bilməyəcəyi küçələrlə qəbiristanlığa yol aldılar
Bu həmin küçələrdi ki, şəhid əsgər uşaqlığını burda keçirmiş, dərsə getmiş, buradan da Vətənin keşiyinə yollanmışdı.
Dostlarının, əsgər yoldaşlarının başı üzərindən son kərə doğma şəhəriylə vidalaşdı Fuad Nəsirov. Oxuduğu iki saylı şəhər orta məktəbiylə də yolüstü vidalaşdı: uzaqdan-uzağa! Şəhərin Heydər Əliyev prospektində hərbi maşına qoyulan şəhid tabutu addım-addım uzaqlaşdı. Yol kənarında dayanmış yüzlərlə insan onu göz yaşlarıyla, ürək yanğısıyla uğurladı Şəhid əsgər torpağa qovuşmağa gedirdi. Hər addımında arxasınca sevgi dolu bir boşluq qoyub gedirdi Fuad.
Nəhayət çatdı! Həzrəti Cərçis Peyğəmbər türbəsi. Ətrafda qələbəlikdi. Türbənin dövrəsindəki qəbiristanlığın girişindəki Şəhidlər lövhəsinin qarşısında dayandı hərbi maşın. Tabut yenə başlar üzərin qalxdı və aram-aram hazır məzara doğru irəlilədi Fuad Nəsirov özü əsgəri xidmətə necə qürurla getmişdisə, tabutu da o şuxluqla yaxınlaşdı qəbirə Vida görüşünü onun əsgər yoldaşlarının məzar üstündə üç dəfə açdığı atəş səsləri tamamladı
P.S. Şəhid əsgərin tabutu hələ öz həyətlərindən çıxmamış tez-tez bir hıçqırtı eşidilirdi. Ağlayan neçə-neçə qadının səsindən amiranə şəkildə seçilən bir hıçqırtı Gənc bir qız nidası idi. Bəlkə də o nidanın sahibi indicə al bayrağa bükülüb şəstlə dayanan oğlanın əhd-peyman bağladığı qız idi. Həmişə boyunu həsədlə süzdüyü, heç vaxt qucaqlamadığı və heç vaxt da qucaqlaya bilməyəcəyi sevgilisinin tabutunu qolları arasına almaqdan özünü zorla saxlayırdı bəlkə də. O qız içindəki gözüyaşlı sevdayla baş-başa verib baxışlarıyla əbədiyyətə yola saldığı oğlana sevgi nəğməsi oxuyurdu