Universitetin binasına bomba qoyulması barədə polisə məlumat daxil olub
Bakı Dövlət Universitetinə (BDU) bomba qoyulması barədə polisə məlumat daxil olub. Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.
Hadisə aprelin 18-i, axşam saatlarında qeydə alınıb. Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edən naməlum şəxs BDU-nun həyətinə partlayıcı qurğu qoyulması barədə məlumat verib. Daxil olan məlumat əsasında dərhal əməliyyat qrupu yaradılıb və Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Əraziyə əməliyyat-axtarış qrupu gəlib, həyata keçirilən tədbirlərə baxmayaraq məlumat təsdiqini tapmayıb.
Araşdırmalar nəticəsində anonim zəngin Şərifzadə küçəsində yerləşən taksofondan edildiyi müəyyənləşib. Lakin polisi aldadan şəxsin kim olduğu isə hələlik məlum deyil.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.