Məryəm Əlizadə adı ölkənin mədəni ictimaiyyətinə yaxşı tanışdı. Xüsusilə teatrallara. Qırx ilə yaxındı Məryəm xanım bu sahədə qələm çalır. Yoruldum, doydum demədən. Hər halda, onu tanıdığım uzun illər ərzində belə görmüşəm. Və deyəsən, o, bu gedişlə başqa təəssüratın yaranmasına imkan verməyəcək də.
Məryəm xanımı ilk dəfə imzasından tanımışam. Sovet illəriydi, məktəbliydim, artıq tarixə dönmüş keçmiş 26-lar mədəniyyət sarayının "Şəfəq" dram studiyasında məşğul olurdum. Mən və gələcəyini teatr sənətiylə bağlamaq istəyən bir çox yaşıdlarım hər şeylə maraqlanırdıq. Rejissorumuz Zibeydə xanımın öyrətdikləri, danışdıqlarıyla kifayətlənməyəndə əlimizə düşən qəzet-jurnal yazılarını oxuyur, teleradio verilişlərinə baxır, qulaq asır, sonra onu müzakirə edirdik. Təbii, o dövrdə informasiya mənbəyi məhduduydu, cəmi bir televiziya və paytaxtda çıxan beş-on qəzet-jurnaldan savayı üz tutmağa yer yoxuydu. Və şübhəsiz, belə vəziyyət yazıların, verilişlərin səviyyəsinə ciddi şəkildə təsir edirdi. Birmənalı olmasa da demək mümkündü ki, həmin illərdə tələb daha ciddiydi, mövcud qaydalar çərçivələr, məhdudiyyətlər yaradırdı. Bu isə söz deməyi çətinləşdirir, məsuliyyət hissini daha da artırırdı. Mətbuat səhifələrində yer alan yazılar, efirə gedən verilişlər ələnib ələkdən keçənləriydi. Belə bir vaxtda Məryəm xanım Cəfər Cəfərov və Mehdi Məmmədov kimi alimlərin yolunu ləyaqətlə davam etdirmək missiyasını cəsarətlə boynuna çəkməyi bacaranlardan, ictimai rəydə özünü tanıdanlardan biriydi. Bəlkə də burda bir qanunauyğunluq var. Axı o, məhz bu böyük ustadlardan dərs almışdı. Və təsadüfi deyil ki, Cəfər Cəfərov təhsilini başa vuran Məryəm Əlizadəni dərhal elmlər akademiyasının memarlıq və incəsənət institutuna dəvət etmişdi. Əmək fəaliyyətinə elm müəssisəndə başlayan teatrşünasın sonradan həyatını bütünlüklə elmə, müəllimliyə həsr etməyi məntiqi tamlıqdı.
Uzun illər bundan qabaq Məryəm xanımla tanışlığımın növbəti mərhələsi başladı. Bizim əyani ünsiyyətimiz yarandı. Böyük arzularla teatrşünas ixtisasını seçib, ilk dəfə auditoriyaya qədəm basanda sənət müəllimimiz rəhmətlik Mahmud Allahverdiyeviydi. Məşhur "Malakan" bağının qonşuluğunda, indi viranə qalmış yerdə institutumuzun binası yerləşirdi. Həmin köhnə binada iç-içə iki xudmani otaq bizim teatr tarixi kafedrasınınıydı. Dəhlizə birinci açılan otaqda dərs keçilərdi. Yolu bu otaqdan adlayan içəri otaqdasa başda kafedranın müdiri Mahmud müəllim olmaqla rəhmətliklər - Həmid müəllim, Leyla xanım əyləşərdilər. Həmin otağa hər gün gəlib-gedən müəllimlərin sırasında Məryəm xanım da varıydı. Qrupumuzda oxuyan vur-tut üç tələbə bu xanımın qrafikinə uyğun şəkildə, hər gün təbəssümüylə qarşılaşmağa alışmışdılar. Onun sakit, həzin, istiqanlı danışığı məndən daha çox iki qız tələbəni öz əsirinə çevirmişdi. Və günlərin birində vəziyyət dəyişdi. Müəyyən səbəblərdən Mahmud müəllimi Məryəm xanım əvəz elədi. Bundan sonra yeni "kəşflər" başladı. Sən demə, biz yaxşı tanımamışıq, müəlliməmizin o qədər maraqlı tərəfləri varmış, gəl görəsən. İllah da məişətvari məsələlərdə. Onun sadə, səmimi, ünsiyyətcil münasibəti hamını məmnun saldığı kimi, bizə də təsirsiz ötüşmədi. Diqqətcil və qayğıkeşliyi sayəsində qısa vaxtda qaynayıb-qarışdıq. Sözün düzü, heç özüm də bilmirəm, nə vaxt, necə oldu ki, mən az qala Məryəm xanımın məhrəm adamı "statusunu" qazandım. Özümü tərifləsəm təvazökarlıqdan uzaq çıxar. Düşünürəm, şəxsi və gurultulu səslənməsin, yaradıcı keyfiyyətlərim buna əsas vermişdi. Amma zənnimcə, bu məsələdə digər məqamlar da işə yaramışdı. Yerlibazlığa yozmayın, ikimizin də əsli-kökü şuşalıdı. Yəqin, buna görə ürək qızdırır, bir çox mətləblər barədə fikirlərini bölüşürdü. O zamandan bu yana bizim dost münasibətimiz davam edir. Hərçənd, indinin özündə də mən əzizim Məryəm Əlizadəylə ünsiyyətimizdə müəllim-tələbə və yaşla bağlı pərdəni aradan götürməmişəm. Onun məni həmkar saymağına rəğmən.
Bayaqdan danışdıqlarım Məryəm xanımın şəxsiyyətini xarakterizə edən məqamlara aiddi. Və məncə, bu barədə yetər. Bəs onun yaradıcı, elmi-pedaqoji fəaliyyəti? Bunsuz bizim qəhrəman təsəvvürə gəlmir axı. Otuz beş ilə yaxın müddətdə dərs deyən, davamlı şəkildə milli teatr prosesini araşdıran Məryəm Əlizadə əhəmiyyətli işlərə imza atıb. Onun sənət aləmində istedadlı yetirmələri var. Və bu gün də belələri az deyil. Yaradıcılıq məsələsinə gəlincə, Məryəm xanım nisbətən ləng tempdə yazır. Buna baxmayaraq, nəticə ürəyaçandı. Ayrı-ayrı sənətkarlara, tamaşalara, teatr sənətinin nəzəri-estetik problemlərinə həsr olunmuş yazılar bir yana, "Teatr: seyr və sehr", "Sevincin sinonimi", "Dördüncü ölçünün rəngləri" və sair əsərləri tədqiqatçı - alim, fədakar sənətşünas mövqeyini ortaya qoyur. Bunun nəticəsidi ki, günümüzün tanınan mütəxəssisləri içərisində onun öz yeri, elm-sənət dünyasında öz payı var. Sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi kimi qazandığı uğurlar yaşanan illərin mənasız keçmədiyinə sübutdu.
Məryəm Əlizadə 60 yaşını bitirir. Demək, cavanlığın ahıllıq dövrü arxada qalır. Ömrün müdrik çağları müəllimim, xanım dostum, əzizim Məryəm xanımın pişvazına çıxır. Geridə qalan illəri min bir əziyyətlərə sinə gərərək usanmadan, əyilmədən qadınlığına rəğmən, kişi kimi mərdanə, namusla yola salan sənətşünas-alimin qarşıda da beləcə davam edəcəyinə əminəm.
Məryəm xanım başını aşağı salıb dərsini deyir, əsərlərini yazır, sənət cəfakeşi kimi faydalı işlər görməyə can atır, davranışı, mədəniyyətilə insanlara xoş duyğular yaşadır və sair. Bütün bunlarsa müqəddəsliyə xidmətdi, məncə. Və deyəsən, Məryəm xanım ya bundan xəbərsizdi, ya da iddialı deyil. O, sadəcə, belə yaşamağa məhkumdu.
Yaşamağa, yaratmağa təşnə Məryəm xanım, dünyaya gəlişin mübarək!