Ərəb millət vəkillərinin dəstəyi ilə uydurma "erməni soyqırımı" məsələsi İsrail parlamentinin gündəliyinə salınıb
İsrail parlamenti - Knessetin aprelin 28-də keçirilən iclasında uydurma "erməni soyqırımı" məsələsinin gündəliyə salınması barədə qərar qəbul edilib.
APA-nın "İzRUS" portalına istinadən yaydığı məlumata görə, qərarın lehinə 12, əleyhinə 8 millət vəkili səs verib. Lehinə səs verənlər MERETS və "Avoda" partiyalarının üzvləri, keçmiş jurnalist Uri Orbax ("Yəhudi Evi") və ərəb millət vəkilləri olub. Əsas opponent qismində isə "İsrail - Bizim Evimiz" Partiyasının təmsilçiləri çıxış ediblər.
1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması barədə təklifin təşəbbüskarı, MERETS Partiyasından Xaim Oron bildirib ki, bu məsələnin ilkin müzakirə üçün hansı parlament komissiyasına göndəriləcəyini Knessetin təşkilati məsələlər üzrə komissiyası müəyyənləşdirəcək: "Məsələ iki komissiyada - ya Xarici işlər və təhlükəsizlik, ya da Təhsil komissiyasında müzakirə oluna bilər. Yəqin ki, bu mövzu xarici işlər və təhlükəsizlik komissiyasının müzakirəsinə veriləcək".
Qeyd edək ki, Xarici işlər və təhlükəsizlik komissiyasının üzvləri arasında X. Oronu dəstəkləyən "Likud" Partiyasının üzvü Zeyev Elkin və İsrail-Azərbaycan parlamentlərarası qrupun rəhbəri, saxta "soyqırım"ın müzakirəsinin qatı əleyhdarı olan Robert İlatov da var.