15-20 il bundan əvvəl "Azərbaycan" jurnalının (Ankara, 1952-ci il) 50-ci illər nömrələrini araşdıranda nəşrin 1952-ci il tarixli 2-3-cü nömrəsində dərc olunmuş bir şeir diqqətimi cəlb etdi. Bu, nəğməkar şair İslam Səfərlinin "Ana dili" şeiri idi. Jurnal oxucularına əsəri bele təqdim etmişdir:
"Əziz oxucular! Aşağıda nəzərinizdən keçəcək şeir Bakıda yayınlanan "Azərbaycan" dərgisinin 1958-ci il tarixli 7-ci nömrəsində çıxmışdır. Məmləkət duyğularına tərcüman olunduğu üçün eynən çap edirik". Yeri gəlmişkən qeyd edim ki, jurnalın 50 il bundan əvvəl həmin nömrəsi xüsusi mövzuya - Azərbaycan Xalq Cumhuriyyəti qurulmasının 40 illiyinə həsr olunmuşdu və nəşrin baş məqaləsi bu sözlərlə başlayır: "Bir millətin həyatında hürriyyətə, istiqlala və milli azadlığa yetişdiyi gün ən əziz, ən xoşbəxt və ən müqəddəs bir gündür. Bu gün günlərin əfəndisidir. Ən ülvi qayələrin, yüksək idealların gərçəkləşdiyi bir gündür. İstibdad zəncirinin, köləlik bağlarının çözüldüyü gündür".
Sonda İslam Səfərlinin vaxtilə iki "Azərbaycan" jurnalında dərc olunmuş və heç vaxt aktuallığını itirməyəcək "Ana dili" şeirindən bir bəndi verməklə fevralın 12-də anadan olmasının 85 illiyini qeyd edəcəyimiz şairin əziz xatirəsini hörmətlə yad edirik:
Dilim, - bir dağ çeşməsidir,
Ürəyimdən dodağıma süzülür...
O çeşmənin gözünü gözüm qədər sevirəm
Onun hər damlasını, özüm qədər sevirəm.
Əlbəttə, şair-dramaturq İslam Səfərli bu gözəl əsərin "dəmir pərdə"dən - SSRİ-dən sızaraq Türkiyəyə çatdırılması və orada mühacirlər tərəfindən sevə-sevə dərc edilməsi faktı da bir daha Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan mücahidlərin fədakarlığına parlaq nümunədir.
"Bir könül sındırmışam" mahnısı necə yaranmışdır?
Günlərin bir günündə İslam Səfərli "Sahil" qəsəbəsindəki bağlarında istirahət edərkən, süfrə arxasında özü də bilmədən saf qəlblə nə deyirsə qadın dostlarından biri ondan inciyir. Qəlbi uşaq qəlbi qədər saf olan şair bütün gecəni yata bilmir. "Axı, nə üçün o, məndən incisin", - deyir. Əlinə kağız-qələm götürüb ürəyini ağ varaqlara köçürür:
Mən onun dan ulduzu,
Zərrin şəfəq sanırdım.
Kimə inanmasamda,
Bir ona ianırdım.
O, bir qaranquş kimi
Qəlbimdə yuva qurdu.
Acı dilim qurusun
Dilim onu uçurtdu.
Saçlarının gül ətri,
Titrəyən ovucumda.
Bu intizar gözlərim
Ağlar yol ayrıcında.
Qabahətim böyükdür,
Ay ellər, dünən axşam
Bir ürək sındırmışam,
Bir könül sındırmışam!
Həmin vaxt şairin yaxın dostu Əlfi Qasımov da bu məclisdə olduğundan İslam Səfərli hələ hava işıqlanmamış yazdığı şeiri götürüb, onun yanına yollanır. Əlfi Qasımovunda bağı İslam Səfərlinin bağı ilə yanbayan idi. Səhərin altoranlığında Əlfi Qasımov pəncərənin astadan döyülməsini eşidir. Pəncərənin qabağında yatan Əlfi Qasımov boylanıb İslam Səfərlini görür.
-Gecənin bu vaxtı xeyir ola ay İslam, nə olub, bir şey yoxdur ki?
-Yoxdur da sözdür, hələ ki, yatmamışam. Dünənki məclisdə neçə il duz-çörək kəsdiyim adam məndən incidi. Heç özüm də bilmədim, bu necə oldu? Qulaq as, bu şeiri təsirdən yazmışam.
Əlfi Qasımov şeiri dinləyib təsirlənir. Deyir: -"İslam, sənin doğrudan da böyük ürəyin var. Bu şeirdən sonra sendən heç kəs inciməz. Get bundan sonra gözünün dincini bir az al, hər şey yaxşı olacaq..."
Tezliklə bu şeirə tanınmış bəstəkar Ramiz Mirişli həmişəyaşar bir musiqi bəstələyir. Azərbaycan Xalq artisti, əvəz olunmaz ifası ilə ürəklərə yol tapan mərhum Şövkət Ələkbərovanın ifasında bu mahnını dinlədikcə adama elə gəlir ki, bütün küsülülər bu mahnını eşitdikdən sonra barışacaq. Bax, belə kövrək idi, İslam Səfərlinin qəlbi......