Seks qalmaqalı ilə üzləşən CHP sədri Dəniz Baykal istefa verib.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ana müxalifət partiyasının lideri istefa qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
Dəniz Baykal ona qarşı siyasi iftira atıldığını, buna görə AKP-nin məsuliyyət daşıdığını vurğulayıb. Ancaq o, olayda Fətullah Gülən camaatının rolu olmadığını da bildirib: "Bu, hüquq və əxlaqdan kənar bir olaydır. Divarlara, əşyalara gizli kameralar yerləşdirirsiniz. Gizli çəkimlərlə insanların ən müdafiəsiz görüntülərini alırsınız, kəsirsiniz, biçirsiniz və montaj edərək istədiyinizi edirsiniz. İnsanların şərəfləri onların vecinə deyil. Əxlaqlarına uyğun siyasət aparmaq üçün bunu ediblər. Bu, mövcud siyasi vəziyyətin əsəridir. Bunun iqtidarın xəbəri olmadan saytlarda yerləşdirilməsi mümkün deyil. Olaydan sonra özlərini xoş niyyətli göstərməklə əməllərini ört-basdır etməyə çalışırlar. Bu qədər əxlaqsızlıq iqtidarın xəbəri və razılığı olmadan edilə bilməzdi".
Dəniz Baykal bu kampaniyaya təslim olmayacağını söyləyib: "Bu hüquqsuzluğa görə sorğu-suala tutulmama icazə verməyəcəyəm. Əgər CHP sədrliyindən istefa verməyim lazımdırsa, istefa verməyə hazıram".
Daha sonra Dəniz Baykal istefa qərarını açıqlayıb: "Ümid edirəm ki, yaşananlar və mənim istefam Türkiyədə yeni bir oyanışın başlanğıcı olar".