Azərbaycan ailəsi – 2010 kinofestivalına yekun vuruldu

Son güncelleme: 12.05.2010 19:38
  • noimage

    Mayın 12-də muzey Mərkəzində "Azərbaycan ailəsi - 2010" qısametrajlı filmlərin kinofestivalının yekun və mükafatlandırma mərasimi keçirilib.

    Lent.az-ın məlumatına görə, 3 ay davam edən müsabiqə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu ilə birlikdə "XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə" və bu fondun Norveç hökuməti ilə birgə həyata keçirdiyi "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" layihələrinin dəstəyi ilə baş tutub.

    Mərasimdə çıxış edən komitənin sədri Hicran Hüseynova bildirib ki, 3 ildir keçirilən müsabiqə 15 may Beynəlxalq Ailə Günü ərəfəsində təşkil olunur. Festivalın əsas məqsədi gənc nəslin milli-mənəvi ruhda tərbiyəsindən, onlara ailə dəyərlərinin aşılanmasından, bu dəyərlərin möhkəmləndirilməsindən, gənc rejissorlara öz potensiallarını göstərməyə şərait yaratmaqdan ibarətdir.

    Müsabiqənin münsiflər heyətinin sədri, Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayev qeyd etdi ki, festivala 30-dan çox iş təqdim olunub. Onlardan "Ən yaxşı film", "Ən yaxşı xarici film", "Ən yaxşı tələbə filmi", "Ən yaxşı televiziya proqramı" nominasiyaları üzrə işlər qalib elan olunub: "Çalışdıq ki, obyektiv olaq və təqdim olunan işlər arasından daha yaxşılarını seçək. Fikrimcə, bu müsabiqə gənclər üçün müəyyən imkanlar yaradır və gələcəkdə onların peşəkar kino işçisi kimi yetişməsi üçün bir zəmin olur".

    Tədbirdə Ombudsman Elmira Süleymanova, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, gənclər və idman nazirinin müavini İntiqam Ağayev də çıxış etdi.

    Çıxışlardan sonra qaliblərin adları elan olundu. Vüqar Mahmudovun "Kəsişməyən uzun yol" filmi "ən yaxşı film", Həbib Cəbrayılovun "Ağ-qara" filmi "ən yaxşı tələbə filmi", Şafqat Yuldaşevin "Çinar" filmi "ən yaxşı xarici film", Vəsilə Zeynalovanın "Ortaq məxrəc" verilişi "ən yaxşı televiziya proqramı" nominasiyasında qalib gəldilər. Bundan başqa Çinarə İsmayılovanın "Erkən nikah", Murad Muradovun "Kimdir o?", Rüfət Kərimzadənin "Ailə portreti" və Elşən Zeynallının "Onlarla birlikdə" filmləri isə xüsusi mükafata layiq görüldülər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

    Heyale
#12.05.2010 19:38 0 0 0