Mədəniyyət və Turizm Nazirliyi sistemində çalışan əməkdaşların nəzəri hazırlıq səviyyəsinin artırılması məqsədilə tanınmış alimlərinin iştirakı ilə "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" mövzusundakı regional seminarlar davam edir.
Nazirliyin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən seminarların coğrafiyası genişlənir. Nazirlikdən Lent.az-a verilən məlumata görə, "Milli mədəniyyət və müasir mədəniyyət siyasəti" adlı seminarlar Gəncə, Lənkəran, Şirvan və Mingəçevir şəhərlərində, habelə Ağdaş və Şamaxı rayonlarında artıq təşkil olunub. Layihə il ərzində davam edəcək.
Seminarların keçirilməsi üçün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, AMEA-nın Fəlsəfə, sosiologiya və hüquq institutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tanınmış alimləri cəlb olunub.
Seminarlar zamanı "Müasir Azərbaycanın mədəniyyət siyasətinin əsas hədəfləri və istiqamətləri", "Mədəniyyət siyasətinin xüsusiyyətləri", "Mədəniyyət sahəsində beynəlxalq münasibətlərin qurulması", "Mədəniyyət və təbliğat", "Mədəniyyət və diplomatiya", "Milli Azərbaycan mədəniyyəti", "Azərbaycan mədəniyyətinin tarixi" kimi mövzular ətrafında geniş diskussiyalar aparılır.