İncəsənət Bağında Cənnət

Son güncelleme: 20.05.2010 07:20
  • noimage


    "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Kiçik Karvansara" abidəsində yerləşən təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət Baği"nda növbəti sərgi keçiriləcək.

    Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Lent.az-a verilən məlumata görə, məşhur türk rəssamı Günseli Katonun əsərlərindən ibarət "Cənnət" adlı sərginin açılışı mayın 22-də baş tutacaq. Açılış zamanı müəllifin teatrlaşdırılmış mono səhnəcik göstərməsi nəzərdə tutulub.

    İki həftə davam edəcək tədbirə dəstək "Art Group" və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən həyata keçirilir.

    Qeyd edək ki, əslən türk olan xanım Günseli Kato Türkiyə və Yaponiyada təhsil alıb. 1983-cü ildən başlayaraq özünün Tokiodakı şəxsi məktəbində türk miniatürünə dair mühazirələr oxuyub, eyni zamanda 12 il ərzində islam keramikası sənətinin mütəxəssisi Takuo Katonun emalatxanasında çalışıb. 1994-cü ildə Asahi Mədəniyyət Mərkəzində xanım Katonun Türk Miniatür Məktəbi açılıb. Türkiyəyə qayıtdıqdan sonra o, türk və yapon mədəniyyətlərini sintez edərək, bir sıra ölkələrdə sərgilərini nümayiş etdirib. Hazırda xanım Kato Baxçaşəhər Universitetində mühazirələr oxuyur və eyni zamanda AÇEV-in (Ana və Uşaq Təhsil Fondu) yeni layihələrində yaxından iştirak edir.
#20.05.2010 07:20 0 0 0