Qaliblərin yekun konserti Filarmoniyada baş tutacaq
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin simli alətlər üzrə respublika müsabiqəsinə yekun vurulub.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, respublikada simli alətlər üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaqların aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə təşkil edilən müsabiqə 3 yaş qrupunda keçirilib. qədə Bakı, Gəncə, Mingəçevir, Şəki, Şirvan şəhərlərindən, Naxçıvan Muxtar Respublikasından, Goranboy, Hacıqabul, Quba, Qusar, Salyan, Samux və digər rayonlarından skripka, violonçel və arfa ixtisası üzrə 100-ə yaxın gənc musiqiçi iştirak edib.
Müsabiqə respublikada skripka ifaçılıq məktəbinin kifayət qədər yüksək səviyyəsini, uşaqlarla yaxşı işləməyi bacaran müəllimlərin, istedadlı gənclərin olduğunu bir daha nümayiş etdirib. Bakı Musiqi Akademiyasının professoru, respublikanın xalq artisti Zəhra Quliyevanın sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən Bakı, Gəncə və Naxçıvan şəhər uşaq musiqi məktəblərində təhsil alan 20 gənc skripka və violonçel ifaçısı müsabiqənin laureatı adına, müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görülüb.
Bakı, Gəncə, Naxçıvan, Şəki, Şirvan şəhərlərinin, Abşeron, Salyan, Samux rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri həvəsləndirici mükafata layiq görülərək tərifnamələrlə təltif olunublar.
Müsabiqəyə yüksək səviyyədə şagird hazırladıqlarına görə münsiflər heyətinin qərarı ilə Bakı şəhər Q. Qarayev adına 8, R. Hacıyev adına 15, L. və M. Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəblərinin müəllim və konsertmeysterlərinə pul mükafatı verilib, bir sıra şəhər və rayon uşaq musiqi məktəblərinin müəllim və konsertmeysteri Fəxri Fərmanla təltif olunub.
Müsabiqə qaliblərinin yekun konserti mayın 27-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.