Yazının adı sizi çaşdırmasın. Söhbət səviyyə və xarakter uyğunluğundan getmir. Bizim eyniliyimiz bir gündə doğulmağımızdadı. Qalan məsələlərin eyniliyini söyləməyim çətindi - birinə yaşım, o birinə başım çatmır. Hərçənd elə gənc həmkarlarım tapılar ki, nəinki Fikrət müəllimlə, lap Sabirlə öcəşər. Və eləməyib tənbəllik məni təvazökarlığıma görə qınayar da. Əvvəlcə ürəyində, sonra qarşısına çıxanda. Amma sağlığınıza vecimə deyil, beləsinin məni qabağına qatıb o yana-bu yana sürüməsi. Dədələrimiz demişkən, yel qayadan nə apara bilər? Olsa-olsa, bir-iki daş-kəsək.
Sabirin kim olduğu dərslərini babat oxuyan məktəblilərə bəllidi. Hətta bağça yaşlı balalarımız da onun şerlərini əzbərdən bilir. Hər halda, qabaqlar beləydi, ona görə hətta dedim. Yoxsa imanımı yandırmaq istəmərəm. “Uşaq və buz”, “Gəl-gəl, a yaz günləri” vaxtilə bizim dilimizdən düşməzdi. Hərfləri, rəqəmləri öyrənməklə bir sırada bu və sadə, diləyatım pişik, xoruz, keçi və sair haqqında şerləri öyrənmək dururdu. Sonra yavaş-yavaş mövzular dərinləşir, şerlər ağırlaşırdı. Qəlizlikdən elə bundan sonra başlayırdı. Sovet hökuməti Sabirin “Fəhlə…”sini özünə sərf eləyən şəkildə tədris eləyirdi. Şagirddən filologiya üzrə doktorluq elmi dərəcəsini müdafiə eləyənəcən hamı sovet fəhləsinə rəğbət, sahibkara nifrət hissləriylə alışıb-yanırdı. Hamımıza, daha doğrusu çoxumuza elə gəlirdi ki, kapitalizmdən iyrənc, üzü kommunizmə gedən sosializmdən gözəl ictimai-siyasi quruluş yoxdu. Hardan biləydik, görəcəkli günlərimiz qabaqdaymış. Keçid dövrünə düşəcəyik, içimizdən, çölümüzdən min, milyon şey keçəcək, birinə uyğunlaşacağıq, beşinə yox. Mənim kimisisə qırxdan sonra da səbəbi məlum olan əyrilərə gözünü döyüb baxacaq, düzəlməsindən ötrü baş sındıracaq. Ta bunu billə-bilə, fikirləşməyəcək ki, əziyyəti özünə qalacaq. Sözümün canı odu ki, biz Sabiri o dövrün mövcud ideologiyasına uyğun şəkildə araşdırır, öyrənir, mənimsəyirdik. Həmin yanaşmaya görə Mirzə Ələkbərin qatı sovet şairi, hətta ideoloqu olduğu qənaəti formalaşmışdı. Məncə, hələ bir az yumşaq dedim. Nədən ki, başbilənlər onu daha ciddi şəkildə təbliğ edir, yaradıcılığını eşim-eşim eşələyir, kommunizm ideyaları axtarırdılar. Əslində mirzə heç kimə qulluq eləməmiş, bu barədə heç düşünməmiş birisiydi. Onun fikri-zikri iki misrasından bəlliydi.
Əlavə şərhə nə ehtiyac. Məqsədi, məramı nəzmə çəkdiyi iki misrasından bəlli olan şairdən ideoloq düzəltmək niyyəti sovet ədəbiyyatşünaslarının, fəlsəfəçilərinin hünəriydi. Sabirsə yüz ildi ki, bu cür cılız yanaşmalara yaxın düşmür, məhdud çərçivələrə sığmır. Onun istedad və enerjisi qarşısında hər şey acizdi. Nə o zamankı, nə də indiki təhsil və elm mirzəni axıracan kəşf eləməyib. Mövzu genişliyi, forma rəngarəngliyi, dil sərbəstliyi, sözü muma döndərmək məharəti, manevr imkanları boydan yuxarıdı. Ali təhsil almamış şair keçmişin və günümüzün neçə-neçə qələm ustalarını, şünasları qatlayıb cibinə qoyar. Cəsarəti, kinayəli qəhqəhəsiylə adamı şaşıran, talantıyla məəttəl qoyan qılınc kimi iti, kəsərli, söz sahibiylə qurşaq tutmaq hər oğulun işi deyil. Bax budu Sabirin böyüklüyü, əlçatmazlığı.
…Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.
Məqbərəlikdə edirəm gəh məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.
…Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!..
…Ta baxma müəllim sözünə, ta əməl etmə,
Axır utan, oğlum!
Çıx dağa, Daşa, yol kəsibən qarətə başla,
Axırda qaçaq ol;
Sal bir beşatan boynuna, bu adətə başla;
Həmmali-yaraq ol,
Xəlqə dayaq ol,
Hər işdə sayaq ol,
Var cana ziyanı -
Qeyrətdən uzaq qol!..
…Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!
Nə də tərpənməyir üstündəki yorğan, ölübə!
Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,
Dəbərişməz də veribdir, deyəsən, can, ölübə!
Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,
Tapmasan çarəsini sən də ordan: ölübə!..
Bu şerləri əl boyda uşaq olan vaxtlarımda əzbərləyib tay-tuşlarımla bərabər “26-lar” mədəniyyət sarayının səhnəsində söylərdim. Şövqlə, aktyor sayaq.
Fikrət Sadıq çoxdan tanıdığım, məni maraqlı adam sayan, imkan düşəndə söhbətləşməyə ərinmədiyim Orxanın atasıdı. And içə bilərəm ki, kitabxanamda Fikrət müəllimin kitabları da var. Onun şerlərini oxumuşam, bu da Allaha əyandı. Di gəl, indi deyəcəklərimdən savayı heç nə yadıma gəlmədi:
O yerdəki həyət var, həyat yox,
O yerdəki həyat var, həyət yox.
O yerdəki həyət də var, həyat da,
Həmin yerdə adam yoxdu mən adda.
Üç cür olur zurnaçılar:
Biri elə zurna çalar,
Biri belə zurna çalar,
Biri də elə-belə zurna çalar.
Bu şerin ruscaya tərcüməsi də yaddaşımda ilişib qalıb. Rəhmətlik Mənsur Vəkilovun ustalığı sayəsində:
Odna duda iqraet tuda,
Druqaya duda iqraet syuda,
Tretiy duda i tuda, i syuda.
Məişətvari şerdi. Amma insanın kimliyini, nəçiliyini yaxşı ifadə edir. Həmin misraları eşidən gündən fikir-xəyaldayam. Elə-belə zurna çalmaq, yaxud da kimə gəldi züy tutmaq fikrindən uzaq olmaq fikri rahatlığımı pozub. Siz necə, narahat deyilsiz?